Aleksey Baqa: "Futbolçulara görə təəssüflənirəm"

21:35 - 13 Avqust 2022

"Sumqayıt" Azərbaycan Premyer Liqasının II turunun oyununda doğma meydanda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb:

 

- İlk olaraq qeyd etmək istəyirəm ki, stadionda atmosfer çox yaxşı idi. Kifayət qədər azarkeş oyunu izləməyə gəlmişdi. Aydın məsələdir ki, bu gün ölkənin ən yaxşı klubu meydanda idi. İnsanlar onların oyununa baxmaq istəyirdi. Bizim komandanı da dəstəkləyənlər çox idi. Onlara təşəkkür etmək istəyirəm. Oyuna gəldikdə isə ötən ilki sözlərimin davamı kimi deyə bilərəm ki, əgər "Qarabağ" səviyyəsində olan komandalarla oyunda nəticə əldə etmək istəyirsənsə, əlinə düşən imkanlardan istifadə etməlisən. Bunlardan istifadə etmirsənsə, rəqibin ustalıq səviyyəsi yüksək olduğuna görə təzyiqi artırıb, sənin həm müdafiədə, həm yarımmüdafiədə oyununu dağıda bilər və istədiyi nəticəni əldə edə bilər. 


- Ouro Nil Ture sanki 35 oyun oynasa da, qol vura bilməyəcək. Siz necə düşünürsüz?

- Oyundan sonra dəqiqləşdi ki, onun zədəsi var. O qol vurmalıdır ki, heyətə düşə bilsin. Bunun üzərində işləməliyik. 


- Əlavə olunmuş dəqiqələrdə "Qarabağ"dan qol buraxmaq necə hissdir?

- Əlbəttə ki, təəssüf hiss keçirirəm. "Qarabağ"la oyunda, doğma meydanda əlavə olunmuş dəqiqələrdə qol buraxmaq üzücüdür. Daha çox futbolçulara görə təəssüflənirəm. Çünki, onlar meydanda sağlamlıqlarını, güclərini qoydular.

 

Elçin Əlixan

Xəbər xətti