"Neftçi"yə qalib gəlmək istəyirik" - MÜSAHİBƏ

17:52 - 14 Avqust 2022

"Kəpəz"in yeni transferi, belaruslu Yeqor Xvalko Sportal.az saytına müsahibə verib.

- Komandanız ilk turda "Zirə"yə məğlub olmuşdu. Halbuki rəqibiniz meydanda 10 nəfərlə qalmışdı...
- Bizim üçün çox üzücü məğlubiyyət olmuşdu. Halbuki matç bizim üçün uğurlu nəticə ilə başa çata bilərdi. Amma futbolda belə də olur. Yəqin ki, rəqibin futbolçuları epizodları sonlandırmaqda daha dəqiq davrandı. 

- Bu gün “Neftçi” ilə qarşılaşacaqsınız. “Kəpəz” Bakıya hansı məqsədlə gəlib?
- "Neftçi" çox güclü komandadı. Onların Konfrans Liqasındakı oyunlarına baxdım. “Rapid”lə görüşdə bəxti gətirmədi. Təbii ki, biz “Neftçi”yə qalib gəlmək istəyirik. Yəqin ki, heç kim oyuna məğlub olmaq üçün getmir. Necə olacağını görəcəyik. "Neftçi"nin iki matçını izlədim, səliqəli futbol oynadılar. Gördüyüm qədərilə çox güclü komandadı.

- Özün artıq bir oyunda meydana çıxmısan və yəqin ki, çempionatın digər matçlarına da baxmısan. Azərbaycan Premyer Liqası haqda fikrin necədi? Səncə, “Kəpəz” hansı yerlər üçün oynaya bilər?
- Bəli, bir neçə oyuna baxmışdım. Fikrimcə, Azərbaycan Premyer Liqasının səviyyəsi yaxşıdı. Güclü legionerlər və güclü yerli futbolçular oynayır. Amma hazırda bu mövzunu müzakirə etmək tezdi. Çünki cəmi bir oyun oynamışıq.

- "Kəpəz"də sonuncu dəfə Belarusdan Dmitri Parxaçev oynayıb. Bu haqda məlumatın var idi?
- Bəli, ilk məşqə çıxanda kimsə onun burada oynadığını mənə dedi. Bəli, Dmitri Parxaçevi tanıyıram. Onunla ortaq dostlarımız var.

- Uzun illərdir ki, Azərbaycan çempionatında “Qarabağ” hegemonluq edir. Çempionlar Liqasında da onlar pley-off mərhələsində çıxış edir. Yəqin ki, onlara qarşı oynamaq maraqlı olacaq?
- Bu komandanı bir neçə il əvvəl BATE ilə qarşılaşanda tanımışdım. Hazırda bu klub Azərbaycanın ən güclüsüdü. Bu cür rəqiblərlə oynamaq hər zaman maraqlıdı. Məncə, bu cür komanda həm ölkə, həm də futbolunuz üçün prestijdi. 

- “Kəpəz” tribunaların vəziyyətinin yaxşı olmamasına görə, ev oyunlarını Gəncədən kənardan keçirir. Bu barədə fikrin necədi?
- Əslində, ev oyunlarımızı səfərdə oynamağımız da üzücüdü. Çünki öz azarkeşlərimiz qarşısında oynamağımız əsl motivasiya olardı. Ümidvaram ki, bu məsələ həll olunacaq. Komanda yoldaşlarım Gəncədəki oyunlara nə qədər azarkeş gəldiyindən mənə danışıb. Həm də videolar göstəriblər. Bu, bizim üçün böyük üstünlük olardı.

- “Kəpəz”də oynayaraq Belarus millisinə cəlb olunmağını real hesab edirsən?
- Düzü, bilmirəm. İndi mənim üçün vacib olan "Kəpəz"də oynayıb, komanda ilə birlikdə uğurlu nəticələr qazanmaqdı. Daha sonra necə olacağını isə zaman göstərəcək.

Mirbağırağa

Xəbər xətti