"Bu cür şəraitlə "Neftçi" hər il qrup mərhələsində mübarizə aparmalıdı" - MÜSAHİBƏ

22:35 - 18 Avqust 2022

İndiyə qədər Azərbaycan Premyer Liqasında şimali makedoniyalı legioner az çıxış etməyib. Onlar sırasında ən yaddaqalanlardan biri də Slavço Georgiyevskidi desək, yəqin ki, yanılmarıq. “Neftçi” və “İnter” (hazırkı “Şamaxı”) daxil olmaqla, üst-üstə 5 il Azərbaycanda oynamış Georgiyevski hazırda ölkəsində yüksək liqada çalışır. “Skopye”nin baş məşqçisi Sportal.az saytına müsahibə verib və “Neftçi”nin bu mövsüm avrokuboklardakı çıxışını qiymətləndirib.

- "Neftçi" Konfrans Liqasının üçüncü mərhələsində "Rapid" səddinə ilişdi və avrokuboklardakı çıxışını dayandırdı. Halbuki, onlar rəqibinə evdə 2:1 qalib gəlmişdi...
- "Neftçi"nin məğlub olmasına görə çox üzüldüm. Komandanın növbəti mərhələyə vəsiqə qazanacağına çox inanırdım. Fikirləşdim ki, bu, baş verəcək. Amma təəssüflər olsun ki, "Neftçi"nin pley-off mərhələsinə vəsiqə qazanması alınmadı. 

- "Neftçi" Bakıdakı görüşdə böyük üstünlüklə oynasa da, son saniyədə qol buraxdı və çoxları da düşünürdü ki, məhz həmin qol komandanın pley-off mərhələsinə yüksəlməsinə mane ola bilər. Vyana səfərinə 2:0 hesablı qələbə ilə yollansaydılar növbəti mərhələyə vəsiqə qazanmaq daha real olacaqdı?
- Futbolda detallar çox önəmlidi. Məncə, "Neftçi" Bakıda "Rapid"ə siz deyən hesabla qalib gəlsəydi, mərhələni keçərdi. Heyf ki, bu cür oldu. Ancaq məncə, Vyanada mərhələ adlasaydılar, qrup mərhələsinə də mütləq düşəcəkdilər.

- "Neftçi"nin yeni baş məşqçi və yeni heyətə malikdi. Laurentsiu Regekampf, komandası gələcək üçün perspektiv vəd edir?
- Ümid edirəm və inanıram ki, perspektiv var. Heyət yenidir, baş məşqçi də yeni gəlib. Təbii ki, zamana ehtiyac var. Lakin uğurlu nəticələr olmasa, azarkeşlər də narazılıq edəcək. Düzünü deyim, "Neftçi"də işlər qaydasında getməyəndə mənim də əhvalım yaxşı olmur.

- Komandanın avrokuboklarda qruplara vəsiqə qazanmasından 10 il keçib. Səncə, yenidən qruplara qalmağın vaxtı çatmayıb?
- Məncə, bu cür şəraitlə "Neftçi" hər il avrokuboklarda qrup mərhələsində mübarizə aparmalıdı. Klubun yaxşı sponsoru, azarkeşləri, komandanı çox sevən insanlar var. Komanda bunu etməlidi.

- "Neftçi"dən savayı Azərbaycanda "İnter"də də çıxış etmisən. Maraqlıdı, həmin vaxtlarda Azərbaycanın başqa klublarından da təklif almışdın?
- Düzünü deyim, Azərbaycanın fərqli klublarından təkliflərim olmuşdu. Amma mən şəraitdən, "Neftçi" və "İnter"dəki vəziyyətimdən razı idim. "Neftçi" isə mənim sevgimdi. İnanın, mən bütov Azərbaycanı sevirəm. PRO kateqoriyasına sahib çıxdım və hazırda Şimali Makedoniya yüksək liqasında çalışıram. Ümidvaram ki, yenidən, amma bu dəfə məşqçi kimi Azərbaycana gələcəm. Yerli komandalardan birini çalışdırmaq istəyərdim.

- Şimali Makedoniya millisinin üzvü Todor Todorski "Sumqayıt"la müqavilə imzaladı. Onun haqda hansı fikirdəsən?
- Todor Toroski yaxşı futbolçudu. Təbii ki, onu yaxşı tanıyıram. Çox istəyərdim ki, özünü və Şimali Makedoniya futbolunu Azərbaycan Premyer Liqasında ən yaxşı şəkildə təmsil etsin. Hansı ki, vaxtilə mən və digər şimali makedoniyalı futbolçular bunu vaxtilə etmişdik.

Mirbağırağa


 

Xəbər xətti