"Neftçi" Azərbaycan Premyer Liqasının 3-cü turunun oyununda səfərdə "Sabah"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:
- Biz tərəfdən çox pis oyun oldu. Ürəksiz, həvəssiz idik, demək olar ki, heç nə yox idi. Bu matçı oyunçularımla birlikdə çox yaxından təhlil edəcəyik. Əgər belə oynayırıqsa, qələbə qazanmağa layiq deyilik. Biz bundan daha yaxşı oynamalıyıq. Çünki komandada kifayət qədər keyfiyyətli oyunçular var. Biz bunu daha əvvəl də görmüşük. Hər oyuna yüz faiz hazır olmalıyıq. Oyuna belə yanaşırsansa, qələbə qazanmaq şansın yoxdur. Pis oynasaq da, ilk hissədə matçın taleyini həll edə bilərdik. Hesabda 1:0 öndə idik, İvan Brkiç də penaltini dəf etmişdi. Oyunun sonunda baş verən epizodlar baş verməli deyildi. Biz irəliyə baxmalıyıq. Sabahdan etibarən təhlil etməyə və daha çox çalışmağa başlayacağıq.
- Bu gün taktiki cəhətdən rəqibi uduzduğunuzu demək olar?
- Deməzdim ki, taktiki cəhətdən məğlub olduq. Taktika deyəndə söhbət dinamikadan gedir. Bu gün planımızda topa nəzarət etmək nəzərdə tutulmuşdu. Çünki, bizim oyun tərzimiz budur. Mərkəzdə üç çox texnikalı və güclü yarımmüdafiəçimiz var. Biz daha sürətli oynamalıyıq. İlk hissədə oyunçularımız topu ayaqlarında çox saxlayırdılar, hərəkət eləmədik. Ona görə də bunlar baş verdi. Meydanın mərkəzində mübarizə gedirdi. Biz də bu mübarizəyə hazır deyildik. Taktikadan söhbət belə gedə bilməz.
- "Rapid"lə matçda da əvəzetmə etmirdiz, bu gün də. Hər ikisində eyni sonluq oldu. Bu haqda nə deyə bilərsiz?
- Dəyişiklik etmək asan deyil. Hesabda 1:0 irəlidəyik, oyun bizim tərəfimizdə idi. Həm müdafiə xəttində, həm mərkəzdə kifayət qədər təcrübəli oyunçularımız var, irəlidə də Eminlə Donyo var. Orta xəttin oyunçularının hamısı yaxşı görünürdü. Penalti epizodları elə idi ki, orada futbolçular penalti etməli deyildi. Futbolçulr haqda danışmaq, xüsusi ad qeyd etmək istəmirəm. Biz ailə kimi düşünməliyik. Komandada gənc, təcrübəsiz oyunçular da var. İkinci hissədə təyin olunan ilk penaltidə Mert ora o cür getməli deyildi. cərimə meydançasında elə reaksiya verməyə ehtiyac yoxdur. Amma gənc futbolçudur, daha çox oynamalı, təcrübə toplamalıdır. Son penalti haqda isə ümumiyyətlə danışmaq istəmirəm. Qol vurmaq üçün irəli atıldıq və arxada boşluq verdik. Ona görə də bu penalti baş verdi.
- "Neftçi" ölkə daxilində ilk sınaqdan üzüağ çıxa bilmədi. "Qarabağ"la qarşıda mübarizə var. Gələcək haqda nə düşünürsüz?
- Bugünkü kimi oynasaq, bizim üçün hər matç çətin olacaq. Oyunçularım başa düşməlidir ki, "Neftçi"yə qarşı hər oyun bu cür olacaq. Hər komanda "Neftçi" ilə matçda qələbə qazanmaq istəyir. Əgər ilk hissədə əlimizə düşən imkanlardan yararlanmırıqsa, bu cür oyunlarda qələbə qazanmaq asan deyil. Mənim üçün, komandam üçün bu cür məğlubiyyət utancvericidir. Bizə tərəf yönələn bütün tənqidləri qəbul etməliyik. Başa düşməliyik ki, futbolu ürəklə oynayırlar.
- "Rapid"lə oyunlarda da son dəqiqələrdə qol buraxdız. Bu gün də eyni hal təkrarlandı. Müdafiənin sona qədər etibarlı olmadığını düşünürsüz?
- Müdafiəni bütün komanda yerinə yetirir. Tək arxadakı oyunçulardan söhbət getmir. Növbəti günlərdə üzərimizdə daha gərgin çalışacağıq. Oyunçular da başa düşməlidir ki, ürəksiz yanaşsalar, heç vaxt çempion ola bilməyəcəklər.
Elçin Əlixan
saytlarin hazirlanmasi