"Gəldik sona çıxdıq. Hamızın məqsədi yaxşı nəticə göstərərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bu gün bizim bu cür şansımız var. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Yaxşı oyun göstərərək buna nail olmaq istəyirik. Çox möhkəm, yaxşı mübarizə aparmağı xoşlayan komandaya qarşı oynayacağıq. Hiss olunur ki, rəqib də çox istəklidir. Bunu biz Bakıda da gördük. Amma futbolçularıma inanıram, güvənirəm. Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə oyunundan öncə keçirilən mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Bakıda bir neçə qol şanslarınız oldu, amma yararlana bilmədiz. Həmin epizodları dəyərləndirmək üçün sabah heyətdə dəyişiklik etməyi düşünürsüz?
- Bəli, şanslarımız oldu. Rəqibin də şansları var idi. Standart vəziyyətlərdən təhlükəli qol epizodları yaratdılar. Xırda detallar üzərində danışmışıq. Futbolçularıma epizodları göstərmişəm. Sabah daha dəqiq oynamağa çalışacağıq. Rəqibin hücumlarının qarşısını almaq üçün də çox diqqətli olmalıyıq.
- Komandanızın sağlamlıq durumu necədir? Maksim Medvedev oynayacaq?
- Maksim Medvedev və Kevin Medinadan başqa hamı yaxşıdır, hər şey qaydasındadır.
- Rəqib baş məşqçi bildirdi ki, yenə qapalı oyun oynayacaqlar. Dedi ki, "Qarabağ"a qarşı açıq futbol oynasaq, bizi cəzalandıracaqlar". Siz nə düşünürsüz?
- Bəli, rəqib baş məşqçinin fikirləri ilə maraqlandım. Amma biz hər şeyə hazır olmalıyıq. Çünki bu komandanın çox yaxşı hücum potensialı var. Mütləq düşünürük ki, bizə qarşı müdafiədə diqqətli olacaqlar. Amma düşünsək ki, qapanacaqlar, bizim üçün yalnış olar. Bir az ehtiyatlanmalıyıq, buna hazır olmalıyıq. Çünki bu komanda həm pressinq etməyi, həm topla oynamağı bacarır. Çox bacarıqlı futbolçuları var. Biz də müdafiədə oynamağı düşünmürük. Əgər rəqib bizi məcbur edərsə, bunu edərik. Bizim məqsədimiz yenə də öz oyunumuzdan əl çəkməmək, daha aktiv, daha aqressiv olmaqdır, xüsusən də hücumda. Buna baxmayaraq, rəqibin çox sürətli və düşünülmüş əks-hücumlarına hazır olmalıyıq. Rəqib məşqçi fikirlərində bildirib ki, hələ düşünür. Sabah son məşqləri olacaq. Düşündüyü iki heyət var. Hələ hansını oynadacağına qərar verməyib. Daha çox hansı oyuna üstünlük verəcəklərini bilmək üçün Sabahı gözləməliyik.
Sonda bir şey demək istəyirəm. Bizi həm aeroportda, həm oteldə bir neçə çexiyalı azarkeş qarşıladı. Bizim bütün futbolçuların, həmçinin mənim avtoqrafımı istədilər, şəkil çəkdirdilər. Mənim köməkçilərim Zaur Tağızadə, Elçin Rəhmanov, Elxan Həsənovun futbol oynadığı vaxtlardakı şəkillərini imzalatdılar. Bunlar mənim üçün çox xoş oldu. Onlar əsl futbol azarkeşləridir. Buradan hər birinə bir daha təşəkkür edirəm. Baxmayaraq ki, sayları çox az idi, bizə çox böyük dəyər verdilər.