"Qarabağ" öz oyun üslubuna sadiq qalacaq, "Viktoriya"nın isə Bakıdakından fərqli oynayacağını gözləyirəm" - MÜSAHİBƏ

12:18 - 23 Avqust 2022

"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimov Sportal.az saytına müsahibə verib. Futbol mütəxəssisi Ağdam klubunun bu gün Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya"ya qarşı keçirəcəyi cavab qarşılaşmasındakı şanslarından söz açıb. 

- "Qarabağ" bu gün "Viktoriya" ilə üz-üzə gələcək. Bakıdakı matçdan sonra "Qarabağ"ın rəqibini səfərdə keçəcəyinə inamınız var? 
- "Qarabağ" "Ferentsvaroş"la oyunda da evdə heç-heçə oynamışdı. Amma səfərdəki oyunda qələbə qazanaraq pley-off mərhələsinə adlamışdı. Ümid edirəm ki, bugünkü matçda da eyni mənzərəni görəcəyik. Çünki "Qarabağ" bunu edə biləcək gücdədi.

- Ümumiyyətlə, "Qarabağ"ın Bakıda "Viktoriya"ya qalib gələ bilməməsini nə ilə əlaqələndirirsiniz? 
- "Viktoriya" Çexiyanın köklü klublarındandı. Kifayət qədər də avrokubok təcrübəsi var. İndiki heyət çox intizamlı və aqressiv futbol oynayır. Ən böyük üstünlüklərindən biri isə atletik komanda olmasıdı. Fikrimcə, məhz bu nüanslar "Qarabağ"ın "Viktoriya"ya qalib gəlməsinə mane oldu.

- "Qarabağ" Çexiyada hansı oyun stilinə üstünlük verəcəyini düşünürsünüz? Sizcə, "Viktoriya" Bakıdakı kimi müdafiə olunacaq? 
- "Qarabağ" səfərdə də öz oyun üslubuna sadiq qalacaq. "Viktoriya"nın Bakıdakından fərqli oynayacağını gözləyirəm. Amma yenə də ehtiyatlı davranacaqlar. Çox maraqlı və gərgin oyunun alınacağını düşünürəm.

- Necə fikirləşirsiniz, "Viktoriya" "Qarabağ"ın bu mövsüm avrokubokarlardakı rəqibləri arasında ən güclüsüdü?
- Bu mövsüm hamısı ağır rəqiblər idi. Fikrimcə, ən maraqlısı isə Macarıstanın "Ferentsvaroş" klubu oldu. Həqiqətən də maraqlı və yaxşı komanda idi. Ancaq "Viktoriya" pley-off mərhələsinə yüksəlibsə, demək ki, digərlərindən üstündü.   

- Matçın əlavə vaxta getməsi hansı tərəf üçün üstünlük sayılmalıdı? Burada fiziki hazırlıq da ön plana çıxacaq. Hər halda "Qarabağ" "Sürix"i səfərdə əlavə vaxtdan sonra keçmişdi...
- Əlavə vaxt hər iki komanda üçün eyni vəziyyət yaradacaq. Yəqin ki, hər iki komanda buna hazırlıqlıdı. Çünki bunun baş verə biləcəyini düşünüb ona görə hazırlaşıblar.

Mirbağırağa

 

Xəbər xətti