Rusiyanın "Amkar" klubunun yetirməsi olan Rinat Hüseynov "Kəpəz"lə müqavilə imzaladı. Son dəfə Permin “Zvezda” klubunda oynamış müdafiəçi Gəncə klubuna keçidi haqda Sportal.az saytına müsahibəsində danışıb.
- “Kəpəz”ə keçidin necə alındı?
- Menecerim təklif olduğunu bildirdi. Çox da fikirləşmədim, dərhal razılaşdım. Çünki mən komandanın baş məşqçisini tanıyıram. Yaşar Vahabzadə ilə U-21 yığmasında çalışmışam. Həm də "Kəpəz" böyük tarixə malik olan klubdu. Buna görə də gələn təkliflər dərhal razılaşdım.
- Artıq bir neçə gündür ki, komandanın düşərgəsindəsən. Necə düşünürsən, əsas heyət üzvü ola biləcəksən?
- Hər şey zaman məsələsidi. Bir də məndən asılı olan məqamlar da var. Özümü məşqlərdə sübut etməyə çalışacam. Əlimdən gələni edəcəm ki, əsas heyətdə oynayım.
- "Kəpəz"dən əvvəl "Şamaxı"nın məşqlərinə qoşulmuşdun. Bu komandada niyə qalası olmadın?
- Mən orada 20 gün məşq etmişdim. Amma sonda məlum oldu ki, bu klubun siyasəti fərqlidi. Onlar dedilər ki, komandada legionerlər oynamayacaq, yalnız yerlilər çıxış edəcək.
- Azərbaycanda əsas hədəfin nədən ibarətdi? Bura hansı məqsədlərlə gəlmisən?
- Hazırda Azərbaycan çempionatı yaxşı durumdadı. Güclü komandalar var, keyfiyyətli futbolçular çıxış edir, futbol inkişafdadı. Nəyə qadir olduğumu göstərmək istəyirəm.
- Bundan əvvəl niyə Azərbaycana gəlməmişdin? Bir neçə il əvvəl “Qarabağ”a keçə bilərdin…
- Hər zaman Azərbaycan çempionatını izləmişəm. Sadəcə olaraq, Rusiya klubları ilə müqaviləm olduğuna görə, heç vaxt digər təklifləri gözdən keçirməmişdim. Yoxsa, gələrdim.
- Rusiya futbolunun yetirməsisən. Səncə, nəyə görə Rusiyada çıxış edən azərbaycanlı futbolçular karyeralarının yaxşı vaxtında Azərbaycan millisində oynamaq istəmir? Amma karyeraları enişə doğru gedəndə millimizdə oynamağa razılaşırlar…
- İstənilən halda, etiraf etmək lazımdı ki, Rusiya çempionatı Azərbaycan Premyer Liqasından güclüdü. Üstəlik, orada komanda və divizionların sayı daha çoxdu. İmkanlar da genişdi. Amma Azərbaycan futbolu inkişaf edir və başqa səviyyəyə çatır. Daha çox komandaların avrokuboklarda çıxış edəcəyini düşünürəm.
Mirbağırağa