Qurban Qurbanov: "Bu gün məğlubiyyəti kiminsə üstünə atmaq istəmərəm"

01:38 - 24 Avqust 2022

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin cavab oyununda "Viktoriya"ya 1:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Rəqibi təbdik edirəm. Onlara qrup mərhələsində uğurlar arzulayıram. Məğlub olmağımıza baxmayaraq, öz futbolçularımı da təbrik edirəm. Çox ağır yol gəldik. əminliklə deyə bilərəm ki, bu, bizim dördüncü pley-offumuz idi. İlk olaraq Polşada başladıq. Elə rəqibə qarşı oynadıq ki, sanki pley-off matçı idi. Sonra İsveçrədə, sonra Macarıstanda, sonda burada. Hər dörd oyun demək olar ki, bu məcrada keçdi. Futbolçularım buna dözdülər. Əlbəttə ki, hamı qalib gəlməyi çox istəyirdi, çox üzüldülər. Biz bunlara hazır olmalıyıq. Bu, futbolun ən vacib hissələrindən biridir ki, futbolçular doğru qəbul edib irəliyə baxa bilsinlər. 

 

- Şahruddin Məhəmmədəliyev və Abdullah Zubirin mövqeyində sanki, rəqabət yoxdur. Bu, Şahruddinin zəif oyununa təsir edə bilər?

- Biz istəyirik ki, komandamızda rəqabət çox olsun. Futbolçuların sayının çox olmağını istəyərdik ki, istədiyimiz proqram üzərində çalışa bilək. 3-4 gündən bir oyunlarımız olur. Həm ölkə çempionatında, həm avrokuboklarda bütün oyunlara hazır olmalıyıq. Zubirlə Şahruddin gəldikdə isə onıarın hər ikisinin bizim bu nəticələri göstərməyimizdə çox böyük zəhmətləri var. İkisinin də oyunundan razıyam. Sadəcə olaraq futbol səhvlər üzərində qurulub. Elə oyunlar olub ki, hamı "Şahruddin" qışqırıb. Bu gün də mən bunu hiss elədim. Sanki hansısa oyunçu vacib matçda səhv etdikdə o daha çox üzdə olur. Amma hər bir halda Şahruddinin oyunundan razıyam. Milli komandamızın qapıçısıdır. Belə oyunlarda onun təcrübəsi çox önəmlidir. Digər tərəfdən də mənim oyun üslubuma uyğun qapıçıdır. Əlbəttə ki, bizim digər qapıçılarımız var. Hətta gənc qapıçımız da var. Luka da gəncdir. Biz bunların hər ikisini hazırlayırıq. 

 

- Bu gün məğlub olmağınızın əsas səbəbi nə idi?

- Məğlubiyyəti kiminsə üstünə atmaq istəmərəm. İstəyirik ki, daha da yaxşı olaq. Daim transferlər etməyə çalışmışıq. Bəzi oyunçular var ki, danışıqlar aparmışıq, amma onları əldə edə bilməmişik. Ola bilər ki, qarşıdakı günlərdə razılıq əldə edək. 

 

-  Qapıçı da var maraqlandığınız oyunçuların içində?

- Xeyr, qapıçı yoxdur.

 

- Riçard Almeydanın zədələnməsi oyununuza necə təsir etdi?

- Bir az gözlənilməyən anda oyundan çıxdı. Topuğu burxuldu, bir az ağrısı var. Buna görə oyuna davam edə bilmədi. Riçard çox yaxşı oyun göstərdi. Oyuna nəzarət edə bilirdi. Bəlkə də məğlubiyyətdə bunun da rolu ola bilər. Amma meydana çıxan digər futbolçular da zəif oynamadılar.

 

Elçin Əlixan

Xəbər xətti