"Qarabağ" rəsmisi: "İdarəetmə strukturu ilə bağlı dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik" - MÜSAHİBƏ

15:18 - 24 Avqust 2022

"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl "Liv Bona Dea Hospital"la imzalanan sponsorluq müqaviləsindən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az klub rəsmisinin fikirlərini diqqətinizə çatdırır:

 

- "Viktoriya" ilə matçla bağlı təəssüratlarınız necədir?

- Hamımız çox böyük məyusluq içindəyik. Bakıda heç-heçə edəndə də məyus idik. Hər komanda kimi biz də səfərə qələbə qazanmaq üçün getmişdik. Amma nəticə olmayanda hamımız üzüldük. Hamı əzmkarlıq göstərdi, komanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Biz hamımız onlarla fəxr edirik. İnanırıq ki, Avropa Liqasında yaxşı nəticələr əldə edəcəyik. Bunun üçün də çalışırıq. 


- Maliyyə məsələsini nəzərə almasaq, daha irəliyə getmək şansını düşünəndə demək olar ki, "Qarabağ" üçün ən yaxşısı elə Avropa Liqası idi?

- Biz yalnız maliyyə məsələsini düşünüb Çempionlar Liqasında oynamaq istəmirdik. Biz "Qarabağ"ın adını orada görmək istəyirdik. Bütün əməyimiz, uşaqların əziyyəti bunun üçün idi. Bu alınmadıqda, Avropa Liqasında əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. 

 

- Sosial şəbəkələrdə ən çox tənqid olunan Şahruddin Məhəmmədəliyevdir. Sizin klub olaraq qapıçı ilə bağlı fikriniz necədir?

- Əlbəttə ki, sona kimi ona dəstəyəm. Mən onun necə çalışdığının, zədələrdən sonra sağalmaq üçün necə səy göstərdiyinin şahidi kimi deyə bilərəm ki, Şahruddin komandamıza çox layiqli, əzmkar futbolçudur. Komandanın bura gəlməsində onun çox böyük əməyi var. Mən onun kimi insanı, futbolçunu tanıdığıma görə fəxr edirəm. Hər insanın çətin zamanları ola bilər. Belə anlarda ona dəstək, kömək olmaq, vəfa göstərmək lazımdır. O cümlədən Şahruddinə də. Təkrar edirəm ki, mən onunla fəxr edirəm. Məncə Azərbaycan onunla fəxr etməlidir ki, həm yığmada, həm "Qarabağ"da belə bir əzmkar, ölkəni sevən bir futbolçu var.


- Yeni transfer gözlənilir?

- Qurban Qurbanov necə deyirsə, elə də olacaq. İndiyə kimi də elə olub. Biz məsuliyyətdən qaçmaq üçün belə demirik. Qurban müəllimə olan inamımızı, güvənimizi nümayiş etdirmək üçün rəhbərlik sona kimi onun arxasındadır. Bizim gücümüz birliyimizdədir. Bu birliyi çoxdan yaxalamışıq ki, 9 il ard-arda avrokubokların qrup mərhələsində oynayırıq. Bu, bir-birimizə olan güvənin və inamın nəticəsidir. 


- Mediada belə fikirlər var ki, AFFA sizə müşahidə şurası yaratmağı təklif edib və siz bu təklifdən imtina etmisiz. Sizə belə bir təklif olunub?

- Olunub. "Qarabağ" klubunun öz idarəetmə strukturu var. Bu, peşəkar şəkildə qurulub. Qarşılıqlı inam əsas götürülərək qurulan bir strukturdur. Biz bunun nəticə verdiyini görürük. Bununla bağlı bir dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik. 


- Avropa Liqasında hədəfiniz nə olacaq?

- Hər zaman olduğu kimi əvvəlkindən daha yaxşısını etməyə çalışacağıq.

 

Elçin Əlixan

Xəbər xətti