"Plzendəki matçda səhvlərin həlledici rol oynayacağını öncədən proqnoz etmək mümkün idi" - MÜSAHİBƏ

12:18 - 26 Avqust 2022

"Qarabağ"ın sabiq çalışdırıcısı Böyükağa Ağayev Sportal.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis Ağdam klubunun avrokuboklardakı çıxışını dəyərləndirib. Bununla yanaşı "Viktoriya"ya qarşı (1:2) Plzendə keçirilən matçda buraxılan qollara görə tənqid olunan Şahruddin Məhəmmədəliyevi dəstəkləyib.  

- Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində güclü rəqibləri turnirdən kənarlaşdıran "Qarabağ"ın pley-off mərhələsində "Viktoriya"ya uduzması sizin üçün gözlənilməz oldu?
- Mən öncə Bakıdakı oyunu xatırlamaq istəyirəm. Paytaxtımızdakı matça "Viktoriya" çox ciddi hazırlaşmışdı. Onlar çox güclü pressinq edirdi, birəbir oynayırdı. "Qarabağ"ın əsas oyunçularına öz oyununu oynamasına imkan vermirdilər. Bakıda Abdulla Zubirlə Kadi Borges çox zəif performans göstərdilər. Onlar demək olar ki, meydanda görünmədilər. Rəqib üçün əsas təhlükə yaradan futbolçular da onlardı. "Viktroiya" çox yaxşı analiz etmişdi "Qarabağ"ı. Zubirlə Kadini "bağladılar" və komandamız heç nə edə bilmədi Bakıda. "Viktoriya" Bakıdan Çexiyaya istədiyi nəticə ilə yollandı.

- Plzendə "Qarabağ"ın istədiyi nəticəni qazanmasına nə mane oldu?
- Cavab görüşündə əsasən bəxt öz sözünü dedi. Epizod yaradırsansa, ondan istifadə etmək lazımdı. "Viktoriya" "Qarabağ"ın səhvlərindən istifadə etdi. Komandamız iki səhv etdi, ondan da rəqib yararlandı. Halbuki, Plzendəki matçda səhvlərin həlledici rol oynayacağını öncədən proqnoz etmək mümkün idi.

- Cavab matçında buraxılan qollara görə Şahruddin Məhəmmədəliyev hələ də tənqid edilir. Bu barədə fikriniz necədi?
- Futboldur da, hər şey ola bilər. Şahruddin Məhəmmədəliyevin özünü çox yaxşı göstərdiyi oyunlar az olmayıb. "Qarabağ"a qələbə qazandırdığı oyunlar çox olub. Elə bu mövsümdə də onun yaxşı seyvləri ilə qazanılan uğurlu nəticələr var. Nə etmək olar ki, qapıçının taleyi belədir də. Bir səhv qolla nəticələnə bilir. Amma Şahruddin yaxşı qolkiperdi. 

- Yəni, deyirsiz ki, "Qarabağ" ona inanmağa davam edəcək...
- Əlbəttə. Çünki hələlik Şahruddin Məhəmədəliyevdən yaxşısı da yoxdur axı. "Qarabağ" ona inanacaq. Dediyim kimi, onun yaxşı seyvlər edərək komandaya uğurlu nəticələr qazandırdığı matçla az deyil.

- "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək. Necə düşünürsünüz, komanda qrupdan çıxmaq üçün mübarizə apara bilər? 
- Bu gün püşkatma olacaq. Görək də hansı komandalarla eyni qrupa düşəcəklər. Qrupdakı rəqiblər bilindikdən sonra proqnoz vermək olar. İndidən bir söz demək çox tezdi. Amma şans həmişə var. “Qarabağ” elə komandadır ki, evdə də qalib gələ bilir, səfərdə də. Bu da onların böyük üstünlüyüdü. Evdəki matçlarda azarkeşlər onlara yaxşı dəstəkləməlidi. Bu hər zamanb elə olub. O vaxtı mən də “Qarabağ”da işləyəndə birlik var idi. İndi baxıram, “Makkabi”(Hayfa) Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Biz o vaxtı səfərdə onları udmuşduq. Həmin vaxtı bir legionerimiz də yox idi. Özü də futbolçular çox çətin vəziyyətdə yaşıyırdılar. Pulları da yox idi. O vaxtki futbolçularla indikiləri müqayisə etmək olmaz. Mən hər zaman “Qarabağ”a inanıram. Çünki onların çox yaxşı kollektivi var. Baş məşqçidən tutmuş futbolçulara qədər, hamısı bir-birini yaxşı anlayır. Çoxdandır ki, birlikdə işləyirlər. Onlara hər zaman uğurlu nəticələr arzulayıram.

Mirbağırağa

Xəbər xətti