"Kəpəz"in müdafiəçisi Yusif Nəbiyev Sportal.az saytına müsahibə verib. Bu yay “Sumqayıt”dan Gəncə klubuna keçmiş Nəbiyev komandasının üç turdan sonra aktivində xalın olmamasından söz açıb.
- Premyer Liqanın üçüncü turunda "Qəbələ" ilə görüşdə "Kəpəz" 0:3 uduzdu. Səncə, nəyə görə məğlub oldunuz?
- Oyuna çox yaxşı başlamışdıq. Topa və oyuna nəzarət edən tərəf idik. Amma erkən qollar buraxdıq. Bundan sonra isə oyunun axarını dəyişmək istəsək də, alınmadı. Əksinə, qapımızda yenə də qol gördük. Bir sözlə oyunda geridönüş edə bilmədik.
- "Kəpəz" bu mövsüm üç oyunun hamısını məğlub başa vurub. Xal qazanmağınıza mane olan nədir?
- Hər üç oyunu uduzduğumuza görə komanda olaraq məyusuq. Ancaq bu vəziyyətdən çıxacağımıza inanırıq. Açığı, təqvim də bizim üçün uğursuz idi. İlk üç turda avrokuboklarda oynamış komandalarla qarşılaşdıq. Rəqiblərimiz oyun baxımından bizdən üstün idilər. Çünki onlar avrokuboklara hazırlaşanda yoxlama oyunları çox keçirmişdilər. Bir-birimizi başa düşmək, öyrəşməyimiz üçün isə bizə vaxt lazımdı. Bunlar olduqdan sonra nəticə də gələcək. Çempionatda oyunlar çoxdu
- "Kəpəz"in "Qəbələ"ni Qəbələdə qəbul etməsi çoxları üçün qəribə gəldi. Özünüzü ev sahibi kimi hiss edə bildiniz?
- Sözün açığı, Qəbələdə özümüzü ev sahibi kimi hiss etmədik. Hiss etməyimiz də mümkün deyil axı. Amma bu günün şərtlərinə görə oyunumuzu Qəbələdə keçirməli olduq. Biz futbolçuların əlindən heç nə gəlmir.
- Ümumiyyətlə, komandadanın evdə oynamaması nəticələrinə nə dərəcədə təsir göstərir?
- Həqiqətən biz də ev oyunlarımızı Gəncədə, öz stadionumuzda oynamaq istəyirik. Amma buna stadionun vəziyyətinə görə icazə vermirlər. Ona görə də ev oyunlarımızı başqa stadionlarda oynamağa məcburuq.
- Bəs, kollektivinizin gücünü nəyə çatır? Oyun və heyət sarıdan digər komandalardan nədə geri qalırsınız?
- Kollektivimiz yeni yığılıb, bir-birimizə öyrəşməyimiz üçün vaxta ehtiyac var. Üç tur artıq geridə qalıb. Onu geri qaytara bilmərik, irəliyə baxmaq lazımdı. Keçmişi unudaraq qarşıdakı oyunlara köklənməli və hazırlaşmalıyıq. Heyət baxımından isə bir söz deyə bilmərəm. Bu, rəhbərliyin və məşqçilərin işidi.
- Növbəti turda rəqibiniz "Səbail"di. Bu oyunda qalib gəlməyiniz nə dərəcədə realdı?
- “Səbail” də, biz də qələbəyə ac komandayıq. İndiki vəziyyət bu cürdü. Maraqlı oyun olacağını düşünürəm.
- Qardaşın Fərid də "Kəpəz"ə transfer oldu. Eyni komandada oynamağınız ikiniz üçün də yaxşıdı? Bunun hansı üstünlükləri var?
- Bəli, qardaşımla birlikdəyik. Məncə, iki qardaşın eyni komandada oynaması maraqlıdı. Üstünlüyü odur ki, uzun müddət bir-birimizdən ayrı qalmışdıq, indi bir yerdə yaşayırıq, bir yerdə vaxt keçiririk.
Mirbağırağa
saytlarin hazirlanmasi