"Turan Tovuz" Azərbaycan Premyer Liqasının IV turunun oyununda səfərdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, çətin oyun olacaq. "Sumqayıt" xal qazanmaq, qol vurmaq istəyirdi. Biz də xal ehtiyatımızı artırmaq istəyirdik. Həqiqətən də belə oyunu gözləyirdik. Müsahibələrimdə də demişdim ki, bu, mübarizə oyunudur. Taktiki savaş ola bilər. Futbolçularımdan razıyam. Sonda rəqibin epizodu oldu. Amma biz bundan əvvəl 2-3 real qol şansı yaratmışdıq. Bəlkə də qol olsaydı, oyunu tam çevirə bilərdi. Yeni komandayıq. Hər xal bizim üçün vacibdir. Belə mübarizəli oyunlar xeyrimizə olacaq. Bu gün gənc futbolçular var ki, onlara güvənirik. Onları komandaya dəvət etməkdə məqsədimiz odur ki, gələcəkdə milli komandamıza namizəd olsunlar. O potensialları var. Bu gün də Şakir Seyidovun, Turan Vəlizadənin oyunu çox xoşuma gəldi. Digər oyunçular da var ki, onlara da şans verəcəyik. Ümumən səfərdə yaxşı nəticədir. Növbəti oyunlara baxacağıq.
- Dediz ki, bu oyunu gözləyirdik. Bunun arxasında həm də "Sumqayıt"dan layiq olmadığınız şəkildə göndərilməyiniz durur?
- Sumqayıta rəqib kimi gəlmək başqa hissdir. Düzünü deyim ki, buradan haqsız şəkildə göndərildim. Göndərmək olardı, amma göndərməyin təhəri var. Buradan layiq olmadığım kimi getdim. Bu gün "Sumqayıt" azarkeşlərindən şəxsən incidim. Çünki Ayxan Abbasova bir alqış düşürdü. Ola bilər ki, kimsə deyib ki, alqışlamayın. Ayxan Abbasovun "Sumqayıt"da yaşadıqlarına bu gün bir alqış düşürdü. Mən heç kimlə prinspi aparmıram. "Sumqayıt"ı çox sevirəm. Bəlkə də gələcəkdə yenə burada çalışacağam. Amma iki dəfə Avropa Liqasında oynayan baş məşqçini alqışlamaq olardı.
- "Sumqayıt"la "Turan Tovuz"un büdcəsi, şəraiti arasında fərq çoxdur. Əgər bu günkü "Sumqayıt"ın baş məqşçisi siz olsaydız, komandanı 4 turdan sonra harada görərdiz?
- Futbol o qədər çətin bir idman növüdür ki. Hər məşqçi istəyir ki, onun yaxı oyunçuları olsun. Amma yaxşı oyunçuların olması da o demək deyil ki, sən komandasan. Komanda təkcə baş məşqçi və futbolçulardan ibarət deyil. Biz elə yerdə idik ki, qərar verməliydik. "Sumqayıt" ya çox iddialı olmalı idi, ya klubu böyütmək lazım idi. Bu, olmadı. Bu gün "Turan Tovuz"a gələn futbolçulara şəxsən təşəkker edirəm. Klubun büdcəsi bilinmədiyi halda onlar bizimlə işləmək istədilər. Bu gün bizim komanda mehriban ailədir. 9 il sonra komanda Premyer Liqaya qayıdıb. Çox böyük problemlər var. Biz təməli düz qurmalıyıq ki, gələcəkdə akademiyamızdan gənc futbolçular çıxsın. "Sumqayıt"da işlədiyimiz vaxt şərait yaradılsaydı, bəlkə də hər şey fərqli olardı. Həmin dönəmdə oyunçulara ehtiyacımız var idi. Legioner transferinə icazə verməli idilər. Çünki elə dönəm idi ki, yerli futbolçuları saxlaya bilmirdik və onlara artıq pul verməli idik. Çox məsələlər var idi. Klub o yerə çatıb birdən düşdü. Bu gün görürük ki, çox böyük çətinliklər var. Preblem legioner deyil. Başqa problemlər var. Onları axtarıb tapmaq lazımdır. Bu gün "Sumqayıt" haqda çox danışmaq istəmirəm. Sumqayıtı çox sevirəm. Bu şəhər çempionluğa layiqdir. Stadionu görüb çox sevindim. Biz burada olanda həmişə yeni stadionu təmirsiz görürdük. Ümid edirəm növbəti oyunu orada oynayarıq.
- Bu gün hiss olunurdu ki, Sumqayıta qələbə qazanmaq üçün gəlmisiz. Səfərdə qələbə üçün oynayırsızsa, "Sumqayıt"ı Tovuzda nə gözləyir?
- Tovuzda böyük ajiotaj var. Azarkeşlər çempionata rəng qatır. Həqiqətən də çox böyük dəstək var. Məşqlərimizi izləyirlər, küçəyə çıxanda ünsiyyətdə oluruq. Tovuzda oynamaq çətin olacaq. Digər tərəfdən məni narahat edən odur ki, bu gənc futbolçular o ajiotajda oynamağa tam uyğunlaşa bilmirlər. "Qəbələ" ilə oyunda hiss etdim ki, oyunçular "yandılar". Çox istədim ki, onları sakitləşdirəm. Bizə 2-3 tur lazımdır ki, futbolçular azarkeşlərin qarşısında rahat olsunlar. Çalışacağıq ki, Tovuzda hamıya dişimizi göstərək.
- Sizin istədiyiniz "Turan Tovuz"u formalaşdırmaq üçün neçə həftə lazımdır?
- Deyərdim ki, büdcəmizə görə bu gün istədiyimiz "Turan Tovuz" meydançadadır.
- Bu gün Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazov və Höccət Haqverdi "Sumqayıt"da yoxdur. Onlarsız komanda necə təsir bağışladı?
- Bu gün "Sumqayıt"da 9 legioner gördüm. Bu, yaxşı haldır. Həmin futbolçularla bağlı nəsə demək çətin olar.
- Çempionatı dəyərləndirsək, görərik ki, oturuşmuş komandalar var. Onlara qarşı açıq-aşkar mübarizə aparmaq, üstün olmaq çox çətindir. Real yanaşmaq lazımdır. Əlbəttə ki, oyundan-oyuna artıracağıq. Bizim heyətə baxsaq görərik ki, 90 faizi keçən il oynamayanlardır. Xəyal Nəcəfov hələ 3-cü turda özünə gəlir. Bu gün ondan razı qaldım. Şakirin, Turanın yaxşı formada olması üçün vaxt lazımdır. Şəhriyar Əliyevin müdafiədə liderlik keyfiyyəti var. Belə davam etsə, milli komandaya namizəddir. Futbolçulara vaxt lazımdır. Ümumi deyərəm ki, döyüşkən komanda olmağı qarşımıza məqsəd qoymuşuq.
Elçin Əlixan
saytlarin hazirlanmasi