Rəşad Sadıqov: "Hər hansı məsələ düzəlmirsə, artıq tədbir görmək lazımdı" - VİDEO

23:00 - 26 Avqust 2022

"Zirə" Azərbaycan Premyer Liqasının IV turunun oyununda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

- Qol epizodlarının sayı çox olmasa da, maraqlı oyunun şahidi olduq. Meydanda əsl mübarizə gedirdi. Matça ilk 15-20 dəqiqədə passiv başladıq. Bu da təbiidir. Gözləyirdik ki, "Neftçi" ilk dəqiqələrdə üstünlük yaratmağa çalışacaq. Həmin dəqiqələrdə də fərqləndilər. Amma ondan sonra daha aktiv oynamağa başladıq və hesabı bərabərləşdikdik. Bundan sonra "Neftçi" daha böyük qüvvə ilə irəli atılmağa başladı. Biz də müdafiədə olan boşluqlardan istifadə etməyə çalışırdıq. Qol epizodu da yaratdıq, sadəcə olaraq istifadə edə bilmədik. İkinci hissənin fərqi onda idi ki, biz qol epizodundan istifadə edə bilmədik, onlar etdilər Ümumiyyətlə mövsüm başlayandan qapımızda nə qol vəziyyəti yaranıbsa, hamısı qolla nəticələnib. Belə olan halda səbrli olmaq lazımdır, yolumuza davam etməliyik. Ümumən futbolçuların göstərdiyi mübarizədən razı qaldım.

 

- Təmin Xəlilzadə və İlkin Muradovun bağışlanması gözlənilir?

- Yaxın müddətdə gözlənilmir. Amma gələcəkdə ola bilər ki, birlikdə işləyək. Mən onlara hörmətsizlik etməmişəm. Sadəcə olaraq gedişat bunu tələb edirdi və mən o addımı atmışam. Söhbət səhvin böyüklüyündən, kiçikliyindən getmir. Söhbət məsələnin davamiyyətli olmasından gedir. Hər hansı məsələ düzəlmirsə, artıq tədbir görmək lazımdır. Biz də tədbir gördük. Ola bilər ki, onlar gələcək karyeralarında bu məsələni aradan qaldırsınlar və biz də bir yerdə çalışaq.

 

- Bildirdiz ki, qapınız qarşısında yaranan epizodlar qolla nəticələnir. Bunu aradan qaldırmaq üçün hansı çıxış yolunu düşünürsüz?

- "Sabah"la oyunun ilk hissəsində iki epizod qolla nəticələndi. Bu gün qapımıza iki təhlükəli zərbə qolla bitdi. "Makkabi" ilə matçda iki zərbə qolla nəticələndi. Mövsüm ərzində belə hallar baş verir. Sən qol epizodu yaradırsan, vura bilmirsən, sənə qarşı olan epizodlar isə qolla nəticələnir. Belə məqamda səbrli olmaq lazımdır. Uzun marafondur. Xüsusilə də bu il oyunların sayı çoxdur. Mövsümün əvvəlidir. Futbolçuların demək olar ki, əksəriyyəti optimal formada deyil. Bu, başadüşüləndir. 7, 8, 9-cu turlardan sonra ideal formalarını bərpa edəcəklər. 

 

- Cəlal Hüseynovu icarəyə verdiz, Təmkinlə İlkin transferə çıxarılıb. Özünüz də başa düşürsüz ki, yerli futbolçularla nəticə qazanmaq çətindir?

- Yerli futbolçularda oyun baxımından heç bir problem yoxdur. Ötən mövsümdə medallar uğrunda mübarizə aparan komandalardan ən çox yerli futbolçu oynadan məşqçi bəlkə də mən olmuşam. Konfrans Liqasına 8 yerli oyunçu ilə çıxmışıq. Məsələ davamiyyət, stabillikdir. Bizim yeganə problemimiz stabilliyi qoruyub saxlamaqdır, zamanla məndə də bu problem olub. Yerli futbolçulardan istədiyim odur ki, hər hansı problem olanda dərhal reaksiya versinlər. Hansısa futbolçu fikirləşirsə, biz üçüncü yeri tutduq, işimiz bitdi. Belə olmaz. Mən ümumiyyətlə ambisiyalı, qarşısına böyük hədəf qoyan idmançıları sevirəm. Əgər bir idmançı qarşısına böyük hədəflər qoymayıbsa, nəticələr davamlı olmayacaq. Potensial olaraq onları heç bir legionerdən geri hesab etmirəm. Sadəcə olaraq biz də məcburuq ki, komandada rəqabət yaradaq, heyəti genişləndirək. Mənim üçün yerli və ya legioner fərqi yoxdu. Təbii ki, milliyə namizəd gənclər görəndə onlara qayğı göstəririk. Amma onlar qarşılığını verməlidir. Qarşılığı mənim üçün 15 qol vurmaq, kuboklar qaldırmaq deyil. Hörmət istəyirəm. Özünə, işinə hörmət etməlidir. Nəticəyə ac olmaq lazımdır. Mən özüm çempion olmuşam, yenə çempionluq istəmişəm. Avrokubokların qrupunda oynamışam, yenə istəmişəm. 

 

- İntizam Komitəsinin sizə xəbərdarlıq etməsi ilə bağlı fikriniz necədir?

- Hər hansı fikir bildirmək istəmirəm. Oyundan 2-3 saat əvvəl xəbərim oldu. Nəzərə alacağıq. Əslində oyunboyu hakimə heç bir etirazım olmayıb. Həmin vaxtda da ona görə etiraz edirdim ki, mənim fikrimcə epizoda baxılmayacaqdı. Əsas istəyim epizoda baxılması idi. Monitor qabağımızda idi. Görürdük ki, epizodun əvvəli göstərilmir. Belə görüldü ki, Rəşada etiraz etmək olmaz. Nəzərə alarıq. 

 

- Cəlal Hüseynovun xəyalı "Benfika" idi. Amma "Şamaxı"da oynamalı oldu. Bu enişin səbəbi nədir?

- "Kayserispor"da oynayan vaxtlarım idi. Noyabr ayında səfərdə "Beşiktaş"a qarşı çox yaxşı oyun keçirmişdim. Hətta bəzi böyük klubların maraq dairəsinə düşmüşdüm. Amma 3 ay sonra Qusarda qarlı havada, palçıqlı meydanda oyun var idi, mən orada iştirak edirdim. Bu həyatdı. Ondan sonra mən zədələndim, formamı, əsas heyətdə yerimi itirdim. Məsləhət oldu, 4-5 aylıq "Neftçi"yə qayıtdım. Həyat belədir. Bəlkə də dekabr ayında hansısa kluba transfer olacaqdım. Amma zədələndim və başqa şeylər baş verdi. Belə şeyləri normal qarşılaşmaq lazımdır. Ola bilər ki, Cəlal bir il əvvəl "Benfika"ya transfer ola bilərdi. Amma bu gün komandada rəqabət var. Sadəcə olaraq daha çox oynamaq istədi. Özü ilə da danışdıq. Nəzərə aldıqda ki, millinin son oyunlarında əsas heyətdə oynayıb, belə qərara gəldik. Amma bu, o demək deyil ki, Cəlal futbolçu kimi gözümdən düşüb. Elə bir şey yoxdur.

 

- "Qarabağ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Siz necə dəyərləndirirsiz?

- "Qarabağ"ı təbrik etmək istəyirəm. Həqiqətən çox böyük uğura imza atdılar. Dünən bir futbol adamı ilə müzakirə edirdik. Elə rekordlara imza atdılar ki, nəinki Azərbaycana, bu, Avropaya da aiddir. Maraqla baxaq görək, bundan sonra hansısa klub eyni mövsümdə Polşa, İsveçrə, Macarıstan çempionunu Çempionlar Liqasından kənarlaşdıra biləcək? Bundan sonra izləyək. Mən inanmıram. Hansısa klub 9-cu dəfə pley-off-da məğlub olacaq? Ona da inamıram. Bir yerdə izləyək. Çox böyük uğura imza atdılar. “Viktoriya” ilə ilk oyunda hər iki komanda səhv etməkdən ehtiyatlanırdı. Xüsusən də, Çexiya klubu. "Qarabağ" qol epizodları yaratdı, amma istifadə edə bilmədi. Cavab görüşündə də hesabda öndə idilər. Hamımız artıq ikinci qolu gözləyirdik. Kadinin zərbəsi, Vadjinin qapıya düşə bilməməsi. Hücumların davam etdiyi vaxtda şəxsən mən "Ferentsvaroş"la oyunu gözümün önündə canlandırdım. Bir anda buraxılan qol istər-istəməz təcrübəli rəqibə üstünlük verdi. Həmin dəqiqələr qırılma nöqtəsi idi".

 

Elçin Əlixan

 

Xəbər xətti