Laurentsiu Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, odla oynamağı xoşlayırıq"

23:31 - 26 Avqust 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının IV turunun oyununda doğma meydanda "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

 

- Nəticəyə görə çox sevinrəm. Oyundan da çox razı qaldım. Çoxlu şanslar yaratdıq. Futbolçularım yaxşı oyun göstərdilər. Onlar rəqibi təzyiq altında saxlayırdılar. Yenidən qapımızda penaltidən qol gördük. Bilmirəm orada penalti var idi, yoxsa yox. Sevinirəm ki, qol buraxdıqdan sonra oyunda dönüş yaratdıq.

 

- İki oyunda qapınıza 5 penalti təyin olunub. Bu, nədən irəli gəlir?

- Bugünkü penaltiyə baxanda deyə bilmərik ki, intizam yoxdur. Oyunçu artq zərbəni vurmuşdu, futbolçumuz da sürüşmə fəndini yerinə yetirdi. Hakimin işinə qarışmaq istəmirəm. Onlar belə görübsə, deməli düzdür. İki oyunda qapımızda 5 penalti görmək mənim üçün də təəccüblüdür. Amma bu, futboldur. VAR sitemi də olduğundan indi hər şey daha asandır. 

 

- Komandanızın istədiyiniz oyunu göstərməyi üçün nə qədər vaxt lazımdır?

- Biz vaxt haqda danışmalı deyilik. Yeni komanda qurmaq həmişə çətin olur. Hətta "Sabah"a məğlub olduğumuz oyuna baxsaq, qol vurmaq üçün çoxlu şanslarımız var idi. Son iki matçda epizodları qola çevirməkdə bəxtimiz gətirmədi. Əgər bunlar reallaşsaydı, indi başqa şeydən danışırdıq. Yeni oyunçular da Azərbaycan çempionatının gücünü dərk etməlidirlər. Onlar bizim yaratdığımız şanslara daha ciddi yanaşmalıdırlar. Kənardan baxanda məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq. Bəzən də odla çox oynayanda özün yanmağa başlayırsan. Hər gün problemləri aradan qaldırmağa çalışırıq. Düşünürəm ki, oyunçularımın kifayət qədər artırmağa imkanları var. Çox keyfiyyətli futbolçularımız var. Yaxşı sol cinah müdafiəçisi də tapmışıq. Geridən hücum qurmaqda bizə kömək edə bilər. Bəzi mövqelər var ki, daha da yaxşılaşdırmalıyıq. Komandamız daha da güclü olacaq.

 

- Səfər oyunlarında komanda sanki zəif çıxş edir. Bunun səbəbi nədir?

- Bu stadion bəlkə də mənə uğur gətirir. Arzu edirəm ki, növbəti səfər oyunumuzda qələbə qazanaq. Bunun üzərində işləyəcəyik.

 

- Mirbadulla Abbasovun əvəzedici komandaya göndərilməsinin səbəbi nədir?

- Mən Allah deyiləm ki, kimin yaxşı, kimin pis olduğunu deyim. Sadəcə olaraq futbolçuların məşqdəki performanslarına fikir verirəm. Mirabdullada bizə lazım olacaq qədər performans görmədim. Onun kifayət qədər vaxtı var ki, özünü yaxşı göstərsin və biz əsas komandaya cəlb edək. Birlikdə kifayət qədər məşqimiz olub. Mənim daha güclü hücumçuya ehtiyacım var. Bu, o demək deyil ki, Mirandulla pis oyunçudur.

 

Elçin Əlixan

Xəbər xətti