"Turan Tovuz"un kapitanı: "Qarşımıza hansısa hədəf qoyulmayıb" - MÜSAHİBƏ

15:23 - 27 Avqust 2022

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib. 30 yaşlı mərkəz müdafiəçisi komandanın çıxışını dəyərləndirıb:

 

- "Sumqayıt"la oyun haqda fikirlərini bildirərdin. 0:0 hesabı heç-heçə ədalətli nəticə oldu səncə?

- Həqiqətən də maraqlı oyun oldu. "Sumqayıt" da qələbə qazanmaq istəyirdi, biz də. Rəqibi yaxşı təhlil etmişdik. Çalışırdıq ki, onların səhvlərindən istifadə edib qələbə qazanaq. Rəqibin də, bizim də real qol şanslarımız oldu. Düşünürəm ki, səfərdə bir xal pis nəticə deyil. Xal sayımızı artırdıq. Qələbə qazanmaq istəyirdik, amma olmadı. Bəlkə də bizim real qol vəziyyətlərimiz "Sumqayıt"dan daha çox idi. Kim qol vursaydı, o da qələbə qazanacaqdı. Belə bir oyun idi. Bir xal pis nəticə deyil. Əlimizdən gələni edib növbəti matçlarda qələbə qazanmağa çalışacağıq.

 

- Kapitan olaraq geridə qalan matçlarda komandanın oyununu, performansını necə dəyərləndirirsən?

-  Əvvəlki turda "Qarabağ"la oyunumuz təxirə salındı. Çalışırıq ki, oyundan-oyuna ideal formamıza gələk. Hələ tam formada deyilik. Hər gün çalışırıq ki, performansımızı artıraq. Həm məşqlərdə, həm təhlillərdə səhvlərinizin üzərində çalışırıq. Baş məşqçimiz lazım olan tapşırıqları verir. Düşünürəm ki, hər keçən gün daha yaxşı olacağıq.

 

- 3 turdan sonra 4 xal toplamısız. Əvvəlcədən gözləyirdiz? Bu, planladığınız kimidir, yoxsa daha fərqli nəticə gözləyirdiz?

-  Hər oyuna çıxanda çalışırıq ki, xal və ya xallar qazanaq. Qələbə qazanmırıqsa, çalışırıq ki, məğlub olmayaq. Belə düşünürük. "Qəbələ" ilə matçda evdə xal itirdik. Bəzi səbəblər oldu. Qarşıdakı oyunlarda səhvlərdən dərslər çıxarıb daha yaxşı oynamağa, yaxşı nəticələr göstərməyə çalışacağıq.

 

- Növbəti turda Şamaxı səfərinə gedəcəksiz. Bu matçdan gözləntin nədir?

- "Şamaxı" ilə matç bu mövsüm keçirdiyimiz ən çətin oyun olacaq. Çünki komandalar oyundan-oyuna performanslarını artırır. "Şamaxı" evdə oynayacaq, meydana qələbə üçün çıxacaqlar. Sabahdan bu oyunun hazırlığına başlayacağıq. İnanıram ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirib yaxşı nəticə qazanacağıq.

 

- "Şamaxı"dan ayrılıb "Turan Tovuz"a keçdin. Bu oyun sənin üçün prinsipialdır?

- Xeyr, prinsipial olduğunu deməzdim. İki il "Şamaxı"nın formasını geyindim. Orada yeni rəhbərlik, yeni məşqçilər var. Onlara uğurlar arzulayıram. Həmin matçda meydana çıxıb öz oyunumu oynamağa çalışacağam. Daha əvvəl iki il "Sumqayıt"da oynamışam. Rəqib rəqibdir. Prinsipiallıq yoxdur. Biz peşəkar futbolçularıq. Çalışırıq ki, öz üzərimizdə işləyək, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Şamaxıda xal və ya xallar qazanmağa çalışacağıq.

 

- Komandanızın bu mövsüm hədəfi nə olacaq?

-  Qarşımıza hansısa hədəf qoyulmayıb. Əsas məqsəd yaxşı kollektiv, döyüşkən komanda yaratmaqdır. Futbolçular hər oyunda vuruşurlar, hər matça son oyun kimi çıxırlar. Hamısına təşəkkür edirəm. Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Bu istəyi, əzmi saxlasaq, daha da yaxşı olacaq.

 

- İlk turda evdə dolu tribunaların qarşısında oynadız. Belə atmosferdə oynamaq komandaya necə təsir edir?

- İlk oyunumuzu evdə azarkeşlərimizin qarşısında oynadıq. Elə futbolçularımız var ki, bəlkə də belə atmosferdə oynamamışdılar. Gənc oyunçularda həyəcan öz sözünü deyə bilərdi. Azarkeşlərimiz "Qəbələ" ilə matçda bizə çox gözəl atmosfer yaşatdılar. Qələbə qazanıb onları sevindirmək istəyirdik. Təəssüf ki, alınmadı. Hər matçda onları sevindirməyə çalışırıq. Mən özüm gənc vaxtlarımda "Kəpəz"də oynamışam. Gəncədə stadionda azarkeş çox olurdu, atmosfer adamda təzyiq yaradırdı. 

 

- Milli komandada oynamaq şansını necə dəyərləndirirsən? Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, Şəhriyar bu cür davam etsə, milliyə namizəd olacaq. Səncə millidə oynamaq üçün nə etməlisən?

- Milli komandada oynamaq hər futbolçunun arzusudur. Mənim işim məşqlərimi edib, ideal oyun oynamaq, performansımı daha yüksəltməkdir. Milli komandanın məşqçiləri oyunları izləyirlər. Milliyə dəvət alsam, sevinərəm. Düzdür, son oyunlarda dəvət almadım. Milliyə çağırsalar, sevinərəm. Çağırmasalar da, öz üzərimdə çalışmağa davam edəcəyəm. 

 

Elçin Əlixan

Xəbər xətti