"Mahmud Qurbanovu başa düşürəm, ən axırıncı varianta da getməliydi ki, komandası qalib gəlsin" - MÜSAHİBƏ

11:51 - 28 Avqust 2022

"Kəpəz"in təcrübəli futbolçusu, Premyer Liqanın 4-cü turunun "Səbail"lə oyununda komandasının yeganə qolunu vuran Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- "Səbail"lə matçda komandanız məğlub oldu. Halbuki ilk yarıda çox yaxşı oynamışdınız. Nəyə görə ikinci yarıda qollar buraxıb məğlub oldunuz?
- Çox çətin oyun oldu. Qalib gəlməyi çox istəyirdik. Çünki xalımız yox idi. Əslində, oyuna çox yaxşı başladıq, çox yaxşı da mübarizə apardıq. İlk yarıda "Səbail"ə heç şans vermədik. Biz yeni komandayıq, "Səbail" də güclənib. Baxırsan ki, pul var deyə, yığıb gətiriblər. Amma elə oynadıq ki, başlarını qaldırmağa imkan vermirdik.  İlk yarıda oyunu bitirməliydik. Mənim, Mate Kvirkviyanın, Rauf Əliyevin, Tural Axundovun qol şansları var idi. Onlar da elə epizodlar idi ki, birini vursaydıq, hesab 2:0 olacaqdı və matçın taleyi həll ediləcəkdi. Lakin ikinci yarıda tam istəniləni oynaya bilmədik, rəqibin əvəzetmələri də öz keyfiyyətini göstərdi və öz səhvlərimizdən qollar buraxdıq.

- Oyunu 9 nəfərlə başa vurdunuz. Baş hakimin göstərdiyi qırmızı vərəqələri haqlı hesab edirsən?
- Məncə, haqlı qərarlar idi. Amma orada elə epizodlar var ki, videolar ictimaiyyətə təqdim ediləcək. Rauf Əliyevi açıq-aşkar 2-3 dəfə vurdular. "Səbail"in müdafiəçisi əli ilə, qolu ilə Raufun başına zərbələr endirirdi. Bunu isə hakimlər görmürdü və ona görə də Rauf əsəbiləşdi, söyüş söydü, qışqırdı. Amma hakimə söymədi. Öz-özünə qışqıraraq "Səbail"in müdafiəçisini göstərirdi ki, "necə görmürsüz onun hərəkətlərini?" Hakim də elə başa düşdü ki, onu söyür və gəldi qırmızı vərəqə göstərdi.


- Sabiq komandana qol vurdun. Bir növ "hələ də gücüm bitməyib" demiş oldun?
- Üç oyundur, oynamırdım. Çünki özümü tam hazır hiss etmirdim. Amma məşqlərdən də hiss edirəm ki, artırıram. 90 dəqiqə oynamaq ağır gəlirdi. Amma tam şəkildə zədəsiz, bəlasız 90 dəqiqəni başa vurdum. Qolumu vurdum, bundan sonra da çalışdım ki, assist edim, qol vurum. Şanslarımız da az deyildi, istifadə edə bilmədik. İkinci hissə ilk yarının tam əksi oldu, komanda uduzdu.

- Rauf Əliyevin Mahmud Qurbanovla oyundan sonrakı mübahisəsi haqda fikrin necədi? Rauf deyib ki, Mahmud hakimlərə onun söyüş söydüyünü xəbər verərək qırmızı vərəqə göstərmələrini istəyib.  Bu barədə fikrin necədi?
- Açığı, həmin vaxtı paltradəyişmə otağındaydım. Çünki ora birinci daxil olan mən idim. Nə baş verdiyini bilmirdim. Daha sonra bildim ki, Mahmudla Rauf mübahisə edib. Tribunada ən yaxın dostum oturmuşdu. Ondan maraqlandım. Ən yaxın dostum heç vaxt yalan danışmaz. O, bildirdi ki, Mahmud Qurbanov gedib baş hakimə deyib ki, "səni söyür, ona qırmızı vərəqə göstər". Rauf da haqqına deyir ki, "sən bu yaşda, bu "fason"da, qalib gələ-gələ niyə belə edirsən?". Hər halda Mahmudun da komandadakı vəziyyəti yaxşı deyil. Uduzsaydılar, bəlkə də çıxaracaqdılar onu. Mahmud Qurbanov hər yola, hər varianta əl atır ki, komandası qalib gəlsin. Bunu başa düşürəm. Ən axırıncı varianta da getməliydi ki, komandası qalib gəlsin. Çünki komandasının vəziyyəti acınacaqlıydı. "Səbail"ə bu qədər büdcə ayrılıb, ortada heç nə yoxdu. Bütün məsuliyyət də Mahmudun üzərindədi. Ona görə də Mahmud əlindən gələni etmək istəyir ki, komandası qalib gəlsin.

- Oyundan sonra keçirilən mətbuat konfransında isə Mahmud Qurbanov deyib ki, "Raufu saxlamadım deyə belə incik qalıb". Səncə, belədir?
- Raufa heç "Səbail" lazım deyil. 33-34 yaşındadı, oynadığını oynayıb, qazandığını qazanıb. Raufa heç Mahmudun onu orada saxlamasına da ehtiyacı yoxdu. Ümumiyyətlə, Raufun heç futbola da ehtiyacı yoxdu. Şükür Allaha, "Kəpəz"də orada qazandığından da yaxşı qazanır, ondan da yaxşı yeyib-içir, ondan da yaxşı istirahət edir. Bunlar artıq söhbətlərdi. Cavan uşaq olsa, futbola yenidən başlmamış, ortada qalan olsa, deyərsən, dərd yarı. Raufun hər şeyi var, oynadığın da oynayıb, gördüyün də oynayıb. Raufun onunla işləməyindənsə, heç işləməməyi yaxşıdı. Mahmud haqda da eşidirəm, məşqçi kimi uşaq futbolu göstərir, o, heç vaxt onunla yola getməzdi, yaxşı ki, başı sakitdi, başqa yerdə oynayır, dağın ətəyində istirahətini edir, dincəlir, futbolunu oynayır. Mahmud deyir ki, Rauf komandada qalmaq istəyirdi. Evinin yanıdı stadion, uzaqbaşı elə rahat ola bilərdi. Amma ümumi götürsək, Raufun "Səbail"ə, o pula ehtiyacı yoxdu. O, bu cür məsələləri fikirləşmir. Həmin məsələləri getsin Mahmud Qurbanov fikirləşsin. Orada heç kim əbədi deyil, sabah Mahmud Qurbanov da oradan çıxacaq. Deyəcəklər ki, Mahmud qalmaq istəyirdi, biz onu saxlamadıq. Yəni, bu söhbət onun da başına gələcək.

- Səncə, "Kəpəz"in vəziyyəti, nəticələri nə zaman düzələcək? Yaşar Vahabzadənin postundan ayrılacağı gözlənilir. Vahabzadənin gedəcəyi təqdirdə, hər şey düzələcək? 
- Bilmirəm. Yeni yığılmış kollektivik. Həm də bilmədiyiniz çətinliklərimiz var. Yollarda qalmışıq. Çətinliklər müvəqqətidi. İlqar Nadirli çox əziyyət çəkir, öz cibindən, ordan-burdan pul tapır, şəraiti yaxşılaşdırır. O, idmançıları başa düşməyə çalışır, bizim üçün ən yaxşı şəraiti yaratmaq fikrindədi. Həqiqətən də yaradıb, hamının ev-eşiyi yüksək səviyyədədi. Yavaş-yavaş toparlanandan sonra da yaxşı olacaq. Yaşar Vahabzadə gedərsə, vəziyyət düzələcək, ya yox bilmirəm. Fakt odur ki, çox şey düzələsidi. Burada tək səbəb Yaşar deyil. Onlar düzələndən sonra hər şey yaxşı olacaq.

Mirbağırağa

 

Xəbər xətti