"Mingəçevir"in baş məşqçisi: "İstəyirik ki, bizi Avropada da tanısınlar"

14:49 - 28 Avqust 2022

Birinci divizionda çıxış edən "Mingəçevir" ilk turda "Neftçi-2"ni 4:1 hesabı ilə məğlub etdi.

Bölgə klubunun baş məşqçisi Azər Haşımov Sportal.az saytına açıqlama verib. O, komandasının açılış turundakı çıxışını dəyərləndirib.

Bununla yanaşı Haşımov bölgədə futbola olan maraqdan söhbət açıb:

"İlk oyunlar hər zaman çətin alınır. Futbolçularım əsl əzmkarlıq nümayiş etdirdi. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. İş günü olsa da, stadiona gəlib dəstək oldular. Bir neçə ildir ki, Mingəçevirdə böyük futbol yox idi. İllərdən sonra böyük futbola qayıtmışdıq və ilk oyunumuza çıxırdıq. Ona görə də motivasiya yüksək idi. Amma düzünü deyim, hesabın belə olacağını gözləmirdim. Futbolda hər şey olur. Biz məşqçi kimi istiqamət veririk, futbolçular da bunu düzgün yerinə yetirəndə hər şey yaxşı alınır. Qalib gələcəyimizə inanırdıq, hesabın bu cür olacağını təxmin etmirdim.

Bölgələrdə futbolu inkişaf etdirmək çox düzgün addımdı. Mingəçevir millimizə, Azərbaycan futboluna çox futbolçu bəxş edib. Ümumiyyətlə, Mingəçevir təkcə futbol yox, idman şəhəridi. Buradan cüdoçular, boksçular, samboçularımız çıxıb. İstəyirik ki, bölgəmizin futbolunu daha da inkişaf etdirək. Futbol idmanın şahıdı. İstəyirik ki, bizi Avropada da tanısınlar. Planlarımız böyükdü".

Komandanın çalışdırıcısı divizionda hansı məqsədlər üçün oynayacaqları barədə də məlumat verib: "İlk ildən çempionluq barədə danışmaq çox iddialı olardı. Amma bacardığımız qədər, əzmkar olub, oyundan-oyuna artırıb, yüksək pillələr üçün mübarizə aparacağıq. Futbolçuların özünəinamı artmalıdı. Azarkeşlərimiz üçün oyunumuz, xarakterimizlə gözəl futbol göstərməliyik.Gələcəkdə məqsədimiz böyükdü".

Mirbağırağa

Xəbər xətti