"Turan Tovuz"un burkina-fasolu futbolçusu Ben Aziz Dao Sportal.az saytına müsahibə verib. Qərb təmsilçisinin aparıcı üzvünə çevrilmiş 23 yaşlı müdafiəçi Azərbaycandakı hədəflərindən söhbət açıb.
- Son turda "Sumqayıt"la üz-üzə gəldiniz və matç 0:0 başa çatdı. Bu hesab sizi qane etdi?
- "Sumqayıt"la matç yaxşı keçdi. Lakin fikrimcə komanda olaraq daha çoxuna layiq idik. İstənilən halda, səfərdə bir xal qazanmaq da pis nəticə sayılmamalıdı. Biz öz səhvlərimiz üzərində işləyirik ki, qarşıdakı matçlarda təkrarı olmasın.
- Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçisi olub. Bu fakt matçı daha da gərginləşdirdi?
- Bəli, çətin matç idi. Bir müddət yaşadığınız ailənin yanına qayıtmaq hər zaman emosionaldı. Qayıtdığın zaman isə sənə hörmət edilməlidir. Məncə, "Sumqayıt" tərəfi bizim baş məşqçiyə hörmətlə yanaşdılar.
- "Turan Tovuz" artıq 3 oyun keçirib və 4 xala malikdi. Nəticədən razısınız?
- Üç oyundan sonra 4 xal pis deyil, amma bu, bizi heç də qane etmir. Eyni zamanda yeni formalaşmağa çalışan kollektiv üçün daha çox iş görməliyik. Məncə, qarşıdakı aylarda biz özümüzü daha yaxşı tərəfdən göstərəcəyik. Bunun üçün işləyirik.
- "Turan Tovuz" bu mövsüm hansı nəticəni göstərə bilər?
- Yolumuz hələ çox uzundu. İndidən bu mövzu barədə nəsə demək, nəyəsə qərar vermək çətindi. Biz təvazökar ailəyik və hər şey matçlara uyğun olacaq.
- Azərbaycan çempionatı haqqında ümumi fikrin necədi? Burada sənin üçün maraqlı və ya qəribə gələn nəsə var? Azərbaycandan əvvəl Burkina Faso, Qvineya, Qana, Belarus çempionatında oynamısan....
- Əvvəlki klublarıma hörmətlə yanaşıram. Çünki həyat addım-addım irəliləyir. Daha yaxşı olmağımız üçün etməli çox şey var. Azərbaycan çempionatının səviyyəsi yaxşıdı. Komandama uğurlar qazanması yolunda kömək edəcəyimə inanıram. Həm də burada hər şey peşəkar səviyyədədi. Bu, dərhal görünür.
- Bakıdan uzaqda, Tovuzda yaşamaq necədi? Səfər matçlarına yollanmaq sizin üçün yorucu deyil?
- Tovuzda yaşamaq çətin deyil. Olduqca sakit rayondu və bu cür atmosferdə yaşamaq mənə xoşdu. Düşünürəm ki, məsafə hər bir tovuzlu üçün əlavə motivasiyadır.
- Ümumiyyətlə, Azərbaycanda hədəfləriniz nədən ibarətdi? Buradan daha güclü liqalara getmək istəyirsən? “Turan Tovuz”da yaxşı çıxış edərək “Qarabağ”, “Neftçi” kimi komandalara getmək istəyirsən?
- Ölkəmizə getmək üçün daha bir fürsətim var idi. Amma əgər “Turan Tovuz”u seçmişəmsə, şəxsi səbəblərim var. Mənim məqsədlərim “Turan Tovuz”la eynidi. Gələcəyin necə olacağını isə Allah bilir. Hazırda "Turan Tovuz"dan ayrılmaq haqda, başqa klub barədə düşünmürəm.
- Üçüncü turda “Qarabağ”a qarşı oynamalıydınız. Ancaq matç təxirə salındı. Yəqin ki, “Qarabağ”a qarşı oynamaq istəyirdin?
- Çox adam bu matçdan danışır. Onsuzda biz gec-tez “Qarabağ”a qarşı oynayacağıq. Səhv etmirəmsə, bir-birimizə qarşı ən azı 4 dəfə qarşılaşacağıq.
- Azərbaycanda oynayaraq Burkina-Faso millisinə dəvət oluna bilərsən? Səncə, Hubert Solunda sizi izləyir?
- Hazırda hər şey mümkündü. Amma hazırda milli komanda haqda düşünmürəm. Milli komandanın baş məşqçisinin məni izləyib-izləmədiyini bilmirəm. Allaha dua edirəm ki, təki sağlam olaq. Qalan işlər öz axarı ilə gedəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi