Azərbaycanlı məşqçi Sənan Qurbanov bir neçə gün əvvəl Sloveniya və İtaliyaya səfər edib.
"Tabor"un əsas komandasının məşqlərini izləyən Qurbanov ardınca İtaliyaya yollanaraq "Udineze"nin futbol akademiyasındakı iş prinsipləri ilə tanış olub.
Sportal.az saytına müsahibə verən Qurbanov hər iki ölkəyə səfəri haqda danışıb.
- Öncə Sloveniyaya yollandınız, daha sonra İtaliyaya. Səfəriniz necə alındı?
- PRO kateqoriyasının müəyyən tələblərinə görə Avropanın hər hansı klubunun düşərgəsində olmalıydım. Mən də Sloveniyanın "Tabor" komandasını seçdim. Bir həftə orada oldum. Avqustun 19-da "Tabor"un oyununa baxdım. Daha sonra matçdan sonra nə etdiklərinə, növbəti oyuna necə hazırlaşdıqları prossesi izləməliydim. Hər şey maraqlı idi.
- Sloveniya klubunda sizin üçün maraqlı gələn idi?
- Hər məşqçinin özünəməxsus hazırlıq üslubu var. "Tabor" əsasən gənclərdən ibarət komandadı. Doğrudu, təcrübəli oyunçulara da sahibdirlər. Sadəcə olaraq, onların məqsədləri avrokuboklara oynamaq yox oyunçuları inkişaf etdirməkdi. Əslində, işləri pis də alınmır. Məsələn, bir oyunçunu "Maribor"a satıb, yaxşı pul qazanmışdılar. Sonradan həmin futbolçu "Kalyari"yə keçmişdi. Bu cür strategiyaları var və bu yöndə işləyirlər. Məşq prosessləri xoşuma gəldi.
- "Tabor"un baş məşqçisi Duşan Koşiçlə söhbətiniz oldu?
- Bəli, bizim klublar haqda onunla danışdıq. Futbolumuz haqda da məlumatlıdı. "Qarabağ"ı daha yaxşı tanıyır. Azərbaycan futboluna baxırlar. Onunla bəzi müzakirələr etdik.
- Sloveniya və Azərbaycan klublarının inkişaf planında hansı fərqlər var?
- Sloveniyada liqalar çoxdu. Orada yoldaşlıq oyunları üçün rəqib tapmaq bəlkə də ən sonuncu problemdi. Nə qədər desən, liqa var. Coğrafi olaraq da Sloveniyanın imkanları genişdi. Avstriya, İtaliya yaxın ölkələrdi. Maşınla bir saatlıq yoldu. İstəsəniz, bu ölkələrdən hansısa klubla danışıb yoxlama görüşü keçirə bilərsiniz. Məsələn, oynamayan oyunçularınız varsa, onlar üçün də görüş keçirə bilərsiniz. Bir də meydança üstünlüyü var. Biz də toplanış üçün həmişə Sloveniyanı seçirdik. Çünki meydança problemi yoxdu. Üstəlik, təbii örtüklü meydançalardı. Hər yer də yaşıllıqdı, havası gözəldi.
- Sloveniyadan sonra İtaliyaya yollanmısınız....
- Bəli, mən həm də futbol akademiyası ilə bağlı Avropanın digər ölkələsində olmalıydım. Ki, iş prosseslərini izləyim. Buna görə də Sloveniyadan yollandım İtaliyanın “Udineze” klubunun akademiyasına. İki gün onların məşqlərini izlədim, koordinatorları, məşqçiləri ilə görüşdüm. Maraqlı məqamlar var idi. “Udineze” adlı-sanlı klubdu. A seriyasında da oynayırlar. Onların böyük akademiyaları, yaxşı futbolçuları var, onlar haqda məlumat topladım. Səfərim maraqlı alındı.
- "Udineze"nin futbol akademiyasının şəraiti necə idi?
- Şərait baxımından bizdən daha yaxşıdılar. Stadionlar çoxdu, süni və təbii örtüklü meydançalara sahibdilər. "Udineze" İtaliyanın demək olar ki, bütün şəhərlərində akademiya açıb. Düzdü, ödənişlidi. Hər halda bütün bölgələrdə akademiyaya sahibdilər. Gözlərindən heç nə qaçmır, daim istedad axtarırlar. Digər tərəfdən də yaxşı şəraitləri, yaxşı büdcəyə, skautlara malik olduqları üçün xoşbəxtdirlər. Bütün bunlar işlərinə yarayır.
Mirbağırağa