"Qoy, Riad Rəfiyev bilsin ki, halal qazandığım pulları ailəmdən alıb ona göndərdim" - MÜSAHİBƏ

19:48 - 31 Avqust 2022

"Sumqayıt"dan ayrılaraq yenidən "LNZ Çerkassı"ya keçən millimizin sabiq qolkiperi Andrey Popoviç Sportal.az saytına müsahibə verib. 

- "LNZ Çerkassı"ya qayıdışın necə baş tutdu? "Sumqayıt"a gəlməmişdən əvvəl Ukraynaya qayıda biləcəyin haqda söhbətiniz olmuşdu?
- "Sumqayıt"a gəlməmişdən qabaq onlarla söhbətim olmuşdu ki, Ukraynada çempionat bərpa edilərsə, məni "LNZ Çerkassı"ya buraxsınlar. Mən Aleksey Baqa və Riad Rəfiyevlə normal söhbət etdim. Onlara vəziyyəti izah etdim, çempionatın başlayacağını bildirdim, üstəlik bu, daha çox ailə məsələsi idi. Baqa əlimi sıxıb uğurlar arzuladı, Riad Rəfiyev isə sənədləri göndərəcəyini bildirdi. "LNZ Çerkassı" ilə bir ay məşq etdim və Riad hər dəfə müxtəlif bəhanələr uyduraraq sənədi nəyə görə göndərmədiyini deyirdi. Mən ondan xahiş etdim ki, ailəm, balaca övladım var, bizim ölkədə müharibə gedir, imkan verin futbolumu oynayım. Riad Rəfiyev isə telefonda gülərək "Sumqayıt"da hər şeyin qanunla idarə olunduğunu bildirdi. Hər şey isə sonda mənim onlara 5000 dollar verməyimlə bitdi. Belədə, məni buraxdılar. Demək ki, qanun budur. "Sumqayıt"ın prezidentinin insanı anlayışı yoxdu. Qoy, Riad Rəfiyev bilsin ki, halal qazandığım pulları ailəmdən alıb ona göndərdim. Hər şey bu cür bitdi.

- Hazırda komandadakı durum necədi? Artıq qayıtdıqdan sonra ilk oyununu da oynamısan...
- Hər şey yaxşıdı. "LNZ Çerkassı" rəhbərliyinə və məşqçilər korpusuna yalnız təşəkkür edə bilərəm. Çünki onlar başqa qapıçı axtarmadılar, mənim "Sumqayıt"la məsələmi yoluna qoymağımı gözlədilər. İlk turda "Obolon"la 0:0 oynadıq. Hər şey yeni başlayıb. 

- Ümumilikdə Ukraynadakı vəziyyət necədi? Hətta Premyer Liqanın ilk turunda həyəcan siqnalına görə matç üç dəfə dayandı...
- Ukraynadakı vəziyyət hələ də çətindi. Hər gün həyəcan siqnalı çalınır. Bəli, "Rux"un "Metallist"lə görüşündə həyəcan siqnalı çalındı, matç 5 saata başa çatdı. Komandalar üç dəfə meydanı tərk etdilər. Bu, çox çətindi. Amma Ukraynada hər kəs qələbəyə çox inanır. 

- “Sumqayıt”a qayıdışını və bu komandadakı çıxışını necə dəyərləndirirsən? 
- Öz çıxışımı 50/50-ə dəyərləndirirəm. Nələrsə alındı, nələrsə alınmadı. Futbolçulara, məşqçilərə və digərlərinə uğurlar arzu edib, təşəkkürümü bildirirəm. "Sumqayıt"da uğursuz nəticələrin olması barədə daha çox söz deyə bilərəm. Ancaq sakit dayanıram. 

- Bir ara Azərbaycan millisinə cəlb ediləcəyinlə bağlı söz-söhbətlər var idi. Sənin adın siyahıda olsa da, sonradan başqasını dəvət etdilər?
- Bəli, belə söz-söhbət var idi. Amma sonda mənə dəvət göndərmədilər. Mətbuatda bu barədə xəbərlər oxumuşdum. Amma mənə artıq maraqlı deyil. 

- “Sumqayıt”da niyə qalmadın? Rəhbərlik səni komandada görmək istəyirdi?
- Yenə deyirəm, sırf ailə məsələlərinə görə ayrıldım. Ailəm olmasaydı orada qala bilməzdim. Bunların hamısını baş məşqçiyə və rəhbərliyə məlumat verdim. Dərhal aydın olur ki, Aleksey Baqa futbol adamıdı. O, həm futbol, həm də insanı baxımdan hər şeyi başa düşdü. Amma klub prezidenti bunu anlamadı. 

- "LNZ Çerkassı"da oynayaraq Azərbaycan millisinə dəvət olunmaq isə yəqin ki, çətin məsələdi?
- Məncə, dəvət etməyəcəklər. "Sumqayıt"da oynayanda dəvət etmədilərsə, Ukrayna birinci divizionunda çıxış edərək ümumiyyətlə, dəvət etməzlər. 

Mirbağırağa


 

Xəbər xətti