"Dörd tura 14 qol buraxmışıqsa, demək ki, müdafiə planında yaxşı deyilik" - MÜSAHİBƏ

16:26 - 1 Sentyabr 2022

"Kəpəz"in gürcü legioneri Giorgi Kantariya Sportal.az saytına müsahibə verib. Gəncə klubunun yarımmüdafiəçisi komandasının bu gün Premyer Liqanın 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyunu ilə bağlı danışıb. Bununla yanaşı Kantariya Yaşar Vahabzadənin komandadan göndərilməsinə münasibət bildirib.

- "Kəpəz" dörd oyundur ki, məğlub olur. Səncə, nəyə görə komandanız bir xal da qazana bilməyib? Sizə mane olan nədir?
- Məncə, komandada daha çox stabillik çatışmır. Sadəcə artırmaq lazımdı. Müdafiədə də komandanın oyunu maksimum dərəcədə təşkilatlanmış olmalıdı. Belə olarsa, hər şey daha yaxşı alına bilər.

- "Səbail"ə 1:4 hesablı məğlubiyyətdən sonra Yaşar Vahabzadə tutduğu postdan göndərildi. Sənin üçün gözlənilməz oldu?
- Şəxsən mənim üçün gözlənilməz oldu. Çünki bu barədə heç nə danışmamışdıq. Yalnlz oyundan sonran keçirilən ilk məşqdə Vahabzadənin komandadan getdiyini öyrəndim. Ona gələcək karyerasında uğurlar arzulayıram.

- "Kəpəz" dörd tura qapısından 14 top buraxıb. Əsas problem nə ilə bağlıdı?
- Yəqin ki, müdafiə planındadadı problemimiz. Əgər biz dörd tura 14 qol buraxmışıqsa, demək ki, müdafiə planında yaxşı deyilik. Ya da yaxşı davranmırıq. Buna görə də arxada daha yaxşı hərəkət edib, yaxşı təşkilatlanmalıyıq. 

- Bu gün “Qarabağ”la üz-üzə gələcəksiniz. Azərbaycan çempionundan xal ala biləcəksiz?
- “Qarabağ” çox güclü komandadı. Heyətində çox səviyyəli və keyfiyyətli futbolçular yer alıb. Ona görə də matç çox çətin olacaq. Bununla yanaşı həm də maraqlı alınacaq. “Qarabağ” çox güclü olsa da, belə komandalara qarşı oynamaq hər zaman xoşdu. Oyunun başlamasını səbirsizliklə gözləyirəm. Hər şey meydanda həll olunacaq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Baş məşqçi postuna Şahin Diniyevin dəvət ediləcəyi gözlənilir. Bu barədə hansısa məlumata sahibsən?
- Xeyr, bu barədə heç bir məlumatım yoxdu. Məşqçi məsələsində hamımız gözləntidəyik. Hazırda isə yalnız qarşıdakı oyunu düşünürük.

- Ev oyunlarınızı Gəncədə keçirmirsiniz. Bu, nəticələrinizə nə dərəcədə təsir göstərir? Səncə, rəqiblərinizi Bakı və Qəbələdə deyil, Gəncədə qəbul etsəydiniz hər şey fərqli olacaqdı?
- Bu suala bir neçə dəfə cavab vermişəm və mənim mövqeyimi artıq bilirsiniz. Siz deyən məsələ barədə hələ ki, heç nə dəyişmir. Yəni, hazırki reallıq budur. Ümidvaram ki, tezliklə hər şey dəyişəcək.

Mirbağırağa

 

Xəbər xətti