"Yəqin ki, klubun hansısa planları olub deyə, Vadjnin "Sent-Etyen"ə satılmasına razılıq veriblər" - MÜSAHİBƏ

18:49 - 1 Sentyabr 2022

Azərbaycanlı futbol mütəxəssislərindən olan Adil Şükürov Sportal.az saytına müsahibə verib. "Zirə"nin sabiq çalışdırıcısı həm "Qarabağ"ın çıxışından söhbət açıb, həm də ölkə çempionatındakı mübarizədən danışıb
 

- "Qarabağ" Avropa Liqasında mübarizə aparacaq. "Nant", "Frayburq" və "Olimpiakos"la mübarizədə "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiniz?
- Təbii ki, hamımız "Qarabağ"ın yoluna Çempionlar Liqasında davam edəcəyinə ümidli idik. Tanıdığım hər kəs böyük klubların Azərbaycana gələcəyini həvəslə gözləyirdi. "Qarabağ" əvvəlki illərdə "Çelsi", "Atletiko", "Roma", "Tvente" kimi komandalara qarşı uğurlu mübarizə aparıb. Ona görə də gözləmək olar ki, onlar bu qrupda da yaxşı oyunlar keçirərək irəliləyəcək.

- İbrahima Vadjinin "Sent-Etyen"ə gedişi "Qarabağ"a necə təsir edəcək? 
- İbrahima bu gün üçün "Qarabağ"da aparıcı futbolçulardan hesab edilirdi. Təbii ki, "Qarabağ" bu cür hücumçunu çoxdan axtarırdı və tapmışdı da. Amma yəqin ki, klubun hansısa planları olub deyə, Vadjnin "Sent-Etyen"ə satılmasına razılıq veriblər.

- Azərbaycan Premyer Liqasında bu mövsümkü mübarizə barədə fikriniz necədi? "Sabah" hazırda çempionatın vahid lideridi. Onların uğurlu çıxışı sizin üçün gözlənilməz oldu?
- Premyer Liqada mübarizə indidən sonra daha da qızışacaq. Çünki komandalar hələ optimal formalarında deyil. 5-6 turdan sonra onlar optimal formalarına çatacaq. Çempionatımız dörd dövrəlidi və liqada 10 komanda oynayır. Fikirmcə, çempionatda qızğın mübarizə əsasən ikinci və üçüncü dövrələrdə olacaq. Bu gün göstərilənlər komandaların maksimumu deyil.

- Necə düşünürsünüz, Murad Musayevin rəhbərlik etdiyi kollektiv mövsüm sonuna qədər uğurlu çıxış edərək çempionluq mübarizəsində yer ala biləcək? 
- "Sabah" əvvəlki illərdə də hər məşqçi dəyişikliyindən sonra uğurlu seriyalar əldə edirdi. Daha sonra isə komanda daxilində bilinməyən nələrsə baş verirdi və əvvəlki oyundan əsər-əlamət qalmırdı. İndiki dönəmdə isə yuxarıdakı qeyd etdiyim kimi ikinci və üçüncü dövrələrdə komandaların nəyə qadir olduqlarını görəcəyik.

- "Qarabağ"ın avrokubokda çıxış etməsi yerli çempionatda uğurlu çıxışına mane ola bilər? 
"Qarabağ" artıq bu cür mübarizəyə alışıb. Eyni vaxtda müxtəlif turnirlərdə oynaya bilir. Özü də nəzərə alaq  ki, limitdə dəyişikliklər baş verib. Ona görə heç bir çətinlikdən söhbət gedə bilməz.

- Premyer Liqaya yenidən qayıdan "Kəpəz" və "Turan Tovuz"un çıxışı barədə hansı fikirdəsiniz? 
- "Kəpəz"in durumu bu gün üçün məlumdu və dəyişikliklərdən sonra nələrin olacağını demək çətindi. Ancaq region olaraq futbolu sevən, dəyər verən şəhərlərdi. "Kəpəz"ə olan bağlılığıma görə, çox istəyərdim ki, bu komanda adına layiq yerlərə gəlsin və bunun üçün də hər cür dəstək verməyə hazıram. Bu komanda mənim üçün doğmadı və onların bir çox uğurlarında pay sahibi olmuşam. "Kəpəz"in gələcəkdə də yeni uğurlar qazanacağınıza böyük ümidlərim var.

Mirbağırağa

 

Xəbər xətti