"Qarabağ"da Ndolovudan sonra ikinci ən yaxşı hücumçu İbrahima Vadji oldu" - MÜSAHİBƏ

14:48 - 2 Sentyabr 2022

Uzun illər "Qarabağ"da çıxış etmiş Təbriz Həsənov Sportal.az saytına müsahibə verib.

Veteran futbolçu Ağdam klubunun avrokuboklardakı çıxışından söz açıb. 

- "Qarabağ"ın yoluna Çempionlar Liqasının qrup mərhələsində davam edəcəyini gözləyənlər az deyildi. Sizcə, bu, niyə baş vermədi?
-
 Bəli, təəssüf ki, "Qarabağ" "Viktoriya"ya uduzaraq Çempionlar Liqasına çıax bilmədi. Hamımız buna təəssüflənirik. "Viktoriya" nə "Lex", nə də "Ferentsvaroş", nə də "Sürix"dən güclü idi. Düzdü, onlardan zəif də deyildi. Amma onlardan güclü də deyildi. "Qarabağ" "Viktoriya" səddini keçə bilərdi. Biz gərək Bakıda rəqib qapısına yol tapardıq. Evdə "Viktoriya"ya ən azından bir qol vursaydıq, səfərdə daha rahat olacaqdı. Ən azından psixoloji cəhətdən. Rəqib də çətinlik çəkəcəkdi. Buna baxmayaraq Plzendə də "Qarabağ" fasiləyə 1:0 öndə yollandı. Rəqibin heç qol epizodu da yox idi. "Qarabağ" futbolçularının səhvi olmasaydı, "Viktoriya" səddi rahatlıqla keçiləcəkdi. Ancaq futboldu, səhvlər baş verir. "Viktoriya" bizə qalib gəlmədi, biz onlara uduzduq.

- Komandanın əsas qol silahlarından olan İbrahima Vadji də komandadan ayrıldı. Onun "Qarabağ"dan ayrılıb "Sent-Etyen"ə keçidini necə şərh edərdiniz?
-
 İbrahima Vadjinin "Qarabağ"dan ayrılmasını istəməzdim. Çempionlar Liqasının təsnifat mərhələsinin matçlarından sonra komandadan ayrılması, yəqin ki, öncədən meneceri və klub arasında danışıqların nəticəsi idi. Bu, normaldı. Təbii ki, qalsa daha yaxşı olardı. Gedirsə, ona uğurlar arzulayaq. Hər halda "Qarabağ"da olduğu müddətdə özünü ən yaxşı tərəfdən göstərib, ona yalnız təşəkkür düşür. Subyektiv fikrim budur ki, "Qarabağ"da Dino Ndolovudan sonra ikinci ən yaxşı hücumçu İbrahima Vadji oldu. Bəlkə də Azərbaycan Premyer Liqasında çox gözə çarpmırdı, ona görə tənqid olunurdu. Amma bu da onunla əlaqədardı ki, "Qarabağ" daxili oyunlarda rəqiblərinin 90 faizini öz cərimə meydançasına toplayıb, orada oynayır. Vadji kimi futbolçu isə bu cür atmosferdə bir az çətinlik çəkir oynamağa. Çünki bu cür futbolçuya geniş zona lazımdı ki, sürət və driblinqindən istifadə etsin. Doğrudu, o, öz potensialını avrokuboklarda göstərdi. Amma daha artığına qadirdi. Vadjiyə "Sent-Etyen"də uğurlar.

- "Qarabağ" Avropa Liqasında "Nant", "Frayburq" və "Olimpiakos"la eyni qrupda mübarizə aparacaq. Sizcə, Ağdam klubunun bu qrupda şansları nə qədərdi?
- "Qarabağ"ın şansları 50/50-di. Bəli, rəqiblər güclüdü. Amma şans var, oynamaq olar. "Qarabağ"ın yoluna ən azından Konfrans Liqasında davam etmək ehtimalı da var.

- Yeni transferlərə ehtiyac olduğunu düşünürsünüz? Hər halda deyəsən, transfer olmayacaq...
- Komanda nə qədər irəli gedirsə, o qədər də çox transferə ehtiyac var. Çünki hər növbəti rəqib güclü olduqca, sən də onlarla başabaş gəlmək üçün heyəti gücləndirməlisən. Avrokuboklar başlamamışdan qabaq da demişdim ki, "Qarabağ"da hər mövqe üçün yaxşı futbolçuya ehtiyac var. Çünki uzun marafondu. Bəzi oyunlarda Kadi Borges, Riçard Almeyda oynamadı, Kevin Medina uzun müddətdir ki, oynamır. Bunları nəzərə aldıqda, təbii ki, yeni oyunçulara ehtiyac olduğu görünür. İndi də həmçinin. İbrahima Vadjinin gedişindən sonra mütləq yaxşı hücumçu gəlməlidi. "Mançester Siti" kimi komanda İngiltərə çempionu olur, Çempionlar Liqasında finala yüksəlir, amma ən yaxşı forvardı alıb, gətirdilər. O da qollarını vurur. Erlinq Haalandı deyirəm. Komanda nə qədər irəli gedirsə, heyət o qədər güclənməlidi, rəqabət böyüməlidi. Ancaq bizim bilmədiyimiz tərəflər də var. Qurban Qurbanov və komandada seleksiya işi ilə məşğul olan insanlar uzun müddətdir birlikdə çalışırlar. İnanıram ki, yaxşı oyunçular Azərbaycana gəlmək istəmir, ortabablarını da gətirməyə ehtiyac duymurlar. Ümid edirəm ki, yaxşı, səviyyəli oyunçuları tapıb gətirə bilərlər.

- Elə "Dinamo" və millimizin hücumçusu Mahir Emrelinin geri dönüşü müzakirə edilirdi. Amma baş tutmadı...
- Mahir Emrelinin qayıdışı nə qədər real idi, bilmirdim. Amma hər halda indiki vəziyyətdə "Qarabağ"a hücumçu lazımdı. Mahir də uzun müddət "Qarabağ"da oynayıb. Digər ölkələrdə böyük təcrübə toplayıb. Onun qayıdışı Avropa Liqasında "Qarabağ"a böyük kömək olardı.

- "Viktoriya" ilə Plzendəki matçda səhvlərinə görə tənqid edilən Şahruddin Məhəmmədəliyev Premyer Liqanın 5-ci turunda "Kəpəz"ə qarşı qapıda idi. Onun barəsində fikriniz necədi?
- Şahruddin Məhəmmədəliyevi "Ferentsvaroş"la oyundan sonra ən çox tərifləyənlərdən biri mən idim. 100 faizli qol epizodlarında komandanı xilas etdi. Həmin epizodlar qol olsaydı, "Qarabağ"ı bəlkə də "Viktoriya" ilə oyunlarda da görməyəcəkdik. Ona çox böyük tərif düşür. Futboldur da, olur. Bundan qabaq da belə olub, indi də belədir, sonra da belə olacaq. İdmanda yazılmayan qanunlar var. 10 oyundan 9-da ən yaxşısan, qələbədə pay sahibi olursan, vacib oyunda bir səhv etsən əvvəlki matçlar yaddan çıxır və daha çox səhv yadda qalır. Tənqidlər baş verir. Bu da normaldı. Bunu görmüşük, yaşamışıq. Şahruddin Məhəmmədəliyevə də möhkəm olmağı arzulayıram. Məncə, onun xarakteri güclüdü, bu periodu da keçəcək. "Qarabağ" Avropa Liqasında oyunlarına başlayandan sonra bütün söhbətlər yaddan çıxacaq. Amma isti-isti həmişə belə olur. Şahruddini tənqid edənləri də qınamıram. Normal haldı. Bütün idmançılar bunu bilməli və öyrəşməlidi. Təbii ki, təhqiri demirəm. Amma tənqidlər olur, olmalıdı. Səhvlər də baş verir. Güclü insanlar bundan uğurla çıxırlar. Mənə elə gəlir ki, hər şey artıq geridə qalıb və Şahruddin əvvəlkindən də yaxşı oynayıb, hamının alqışını, dəstəyini hiss edəcək.

Mirbağırağa

 

Xəbər xətti