"Mən artıq dözə bilmirəm. Bir klub rəsmisi olaraq danışmağa məcbur oldum. Gəncədə futbol olmayanda müəyyən instansiyalara məktublar yollayırdım. Saytlara müsahibə verirdim, stadiona çəkiliş gətirirdim. Hətta məni polisə dəvət edirdilər ki, saytlara açıqlama verirsən. Mən həqiqəti deyirəm. Həqiqəti deyən adam heç vaxt zərər çəkməz".
Bu fikirləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in azarkeşlərlə əlaqələndirici nümayəndəsi Elmar Əliyev səsləndirib.
Klub rəsmisi Gəncə təmsilçisinin veteran futbolçularının sosial şəbəkələrdə və mətbuatda verdiyi açıqlamalara münasibət bildirib. O, keçmiş oyunçuları sərt tənqid edib:
"Biz Gəncə futbolu üçün canımızı qoymuşuq. Bu gün görürəm ki, bəziləri sosial şəbəkələrdə ağzına gələni danışır. Vidadi Rzayevə futbolçu kimi çox böyük hörmətim var idi. Amma bu gün Yaşar Vahabzadənin yanında işlədiyi halda onun haqda xoşagəlməz sözlər danışır. Ondan soruşmaq istəyirəm ki, neçə ildir Yaşar Vahabzadənin yanında işləyəndə bu sözləri niyə demədi? Bir vaxtlar Şahin Diniyevin yanında işləyirdi, onda da bu cür danışırdı. Mən bu sözləri ona yaraşdırmıram. Ona görə ki, o, dahi futbolçu olub. Kimin kimə sözü varsa, telefon vasitəsilə və ya üz-üzə kişi kimi desin. Mətbuat vasitəsilə belə söhbətlər etmək yaxşı deyil. Şahin Diniyev komandaya gəlməmiş onun haqqında xoş olmayan şeylər yazmağa başladılar. Bu, birbaşa Gəncə futboluna ziyandır. Tovuza, Bakıya gedirəm, hamı Gəncə futbolundan danışır. Veteranlar və digərləri ağıllarına gələni yazırlar".
Elmar Əliyev sonda hər kəsdən dəstək istəyib. O, "Kəpəz"in uğur qazanması üçün birliyə ehtiyaclarının olduğunu deyib:
"Kəpəz" hamımızın komandasıdır. Ona görə də Gəncə futbolunun inkişafı üçün hamı dəstək olmalıdır. Klub rəhbəri əlindən gələni edir. Kənardan kluba 20 manat belə dəstək yoxdur. Bu günə kimi Gəncədə işləmiş bütün məşqçilərə təşəkkür edirəm. Gəncədə işləyən uşaq futbolu məşqçilərini də qınayıram. Kimsə klub haqda xoşagəlməz ifadələr səsləndirəndə onun cavabını vermək lazımdır. Ayıbdır, bəsdir. Utansınlar, belə sözləri onlara yaraşdırmıram. Klub haqda artıq-əskik danışan hər kəsə sərt reaksiya veriləcək. Gəncədən seçilən deputatlardan da xahiş edirəm ki, dəstəklərini əsirgəməsinlər. Gəncə futbolunun yaxşı olması üçün hamı dəstək olmalıdır. İnanıram ki, "Kəpəz" yenə də yüksəklərdə olacaq. Kimin kimlə ədavəti varsa, gedib kənarda həll eləsin. Heç kim yox, Gəncə futbolu itirəcək. Komanda I Diviziona düşsə, əziyyətini cəkərsiz, onda çox danışarsız. Hamımız bir olub "Kəpəz"in uğur qazanması üçün əlimizdən gələni etməliyik. Kimsə işə görə danışırsa, gəlsin, mən ona hər ay maaş verəcəyəm. Bilirəm, pula görə danışırlar".
saytlarin hazirlanmasi