"Turan Tovuz" Azərbaycan Premyer Liqasının V turunun oyununda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Çətin səfərə gəlmişdik. "Şamaxı" evdə həm "Neftçi"yə, həm "Səbail"ə qarşı əzmkar oyun nümayiş etdirmişdi. Bu gün gərgin mübarizəli oyun getdi. Havanın istiliyi oyunun tempinə mane olurdu, futbolçular çətinlik çəkirdi. Amma buna dözdük. Futbolçularıma demişdim ki, kim səbrli olsa, qalib gələcək. Epizodlarımız oldu. Sevindirici haldır ki, Runi qol vurdu. Çünki, hücumçunun qol vurmağı özünə inamı artırır. Ümumən futbolçulardan razı qaldım. Hər üç xal bizim üçün önəmlidir. Bu, futbolçuların inkişafına təkan verəcək. Azarkeşlərə təşəkkür edirəm, bizi tək buraxmırlar. Növbəti oyunlara baxacağıq.
- 31 dərəcə istidə oyun keçirmək futbolçulara necə təsir edir?
- Müəyyən çətinliklər var, biz hər kəsi başa düşürük. Bizdə və Şamaxıda işıqlandırma yoxdur. Buna görə də məcburiyyətdən oyunu tez vaxta təyin edirlər. İstəyərdik ki, bütün komandaların işıqlandırma sistemi olsun. Futbolçular da, azarkeşlər də futboldan zövq almalıdır. Avqust, sentyabr aylarında hava isti olur. May ayında yenə istilər başlayır və yenə bu problemlə qarşılaşacağıq. Ümid edək ki, bu problem düzələr. Oynamaq çətin idi.
- Xulu Siyanda hiss olunur ki, çox keyfiyyətli oyunçudur. Belə futbolçunu "Turan Tovuz"a necə gətirə bildiniz?
- Bu gün "Turan Tovuz"a transfer olan futbolçular hamı tərəfindən təəccüblə qarşılanır. Əlbəttə Siyandanın yaxşı karyerası var. Səhv etmirəmsə, üç ay əvvəl milli komandada Fransaya qarşı oynayıb. Təcrübəli futbolçudur. Menecerlər tərəfindən təklif olundu. Klubsuz qalmışdı. Onun təcrübəsinə güvənirik. Yavaş-yavaş formaya düşür. Bu gün istədik ki, çempionatı hiss eləsin. Bizdə yaxşı futbolçular var. Ümid edirik ki, bu oyunçular "Turan Tovuz"un gələcək transferlərinə təkan olacaq.
- Növbəti turda "Kəpəz"lə qərb derbisi olacaq. Bu oyundan nə gözləyirsiz?
- Lap əvvəldən "Turan" - "Kəpəz" oyunları maraqlı olub. Bu, sirr deyil. Çempionatın marağı da elə budur. Azarkeşlər belə matçları görmək üçün alışıb-yanırlar. Evdə oynayacağıq, vaxtımız var. Futbolçulara da dedim ki, bu tempi, istəyi saxlamaq lazımdır. Bilirik ki, "Kəpəz"in bəzi problemləri var. Amma "Qarabağ"a qarşı çox yaxşı mübarizə apardılar. Onlar da xal qazanmaq istəyirlər. Bizi çətin oyun gözləyir. Amma ən çox azarkeşlərin o derbini görəcəyinə görə sevinirəm.
- "Kəpəz"ə Tərlan Əhmədovun baş məşqçi təyin olunacağı gözlənilir...
- Öz məşqçilərimizdir. Yeni məşqçi gələndə istər-istəməz komandada atmosfer dəyişir. "Qarabağ"la oyuna "Kəpəz"i Xaliq Mərdanov çıxarmışdı. Sanki tam fərqli komanda idi. Bu gün Yaşar Vahabzadədə alınmadısa, bu, o demək deyil ki, Yaşar müəllim nəyisə düz etmədi. Hər məşqçinin başına gələn hadisədir.
Elçin Əlixan
saytlarin hazirlanmasi