"Neftçi" Azərbaycan Premyer Liqasının V turunun oyununda doğma meydanda "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:
- Patoya az şans verirsiz. Bunun səbəbi nədir?
- Düşünürəm ki, bizim çox yaxşı heyətimiz var. Pato yaxşı oyunçudur. Bir həftə vaxt lazımdır ki, bu mövzu haqda danışaq. Bu gün Pato mənim planlarıma daxil deyildi. Bu matç üçün mənim düşüncəm tamamilə başqa idi. Kenni Sayef zədələnmısəydi, oyunumuz daha fərqli alına bilərdi. Həftə ərzində oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, zədə səbəbindən istədiklərimizin hamısını gerçəkləşdirə bilmədik. Bu, normaldır, tez-tez baş verir. Həftə ərzində oyunçunun şansı var ki, özünü yaxşı tərəfdən göstərsin. Bu oyunda Pato mənim planlarıma daxil deyildi.
- Zədə epidemiyasından əziyyət çəkirsiniz. Bu, nə ilə bağlıdır?
- Doğrudur, biz əzmkar çalışırıq. İstəyirəm ki, futbolçularım yaxşı səviyyəyə qalxsınlar. Bu gün Kenni ilə bağlı baş verən hal bəxtsizlik idi. İsinmə hərəkəti zamanı Emin Mahmudovla toqquşdu. Eminin çiyni Kenninin burnuna dəydi. Vato ilə bağlı da ümid edirəm ki, zədəsi ciddi olmayacaq. Bu gün onu 35-40 dəqiqə meydana buraxmağı planlaşdırmışdım. O, fiziki cəhətdən hələ tam hazır deyil, vaxta ehtiyacı var. Azər Əliyevin ötən oyunda cüzi zədəsi olmuşdu. Amma bu gün 90 dəqiqə meydanda oldu. Heç bir problemi yoxdur. Amma ağır məşq etməyimiz doğrudur. Bu cür hallar olmalıdır.
- Oyunun ağır olduğunu dediniz. Amma komandanız meydanda istədiyini edirdi. Bunu etika xətrinə söylədiz?
- Çünki rəqib çox aqressiv futbol oynadı. Futbolçular arasında kontakt yaranırdı. Özünüz də gördünüz ki, onlar bu gün oyun sistemlərini dəyişmişdilər, beşli müdafiə ilə oynadılar. Mərkəzdə bizi bağlamağa çalışdılar. Amma eyni zamanda da cinahlarda çoxlu boşluqlar verdilər.
- Azər Əliyev siz gələnə qədər müxtəlif mövqelərdə oynayırdı, indi isə müdafiənin solunda çıxış edir. Sizcə, o, hansı mövqedə daha yaxşı çıxış edir?
- Səmimi desəm, Azər mənim üçün böyük bir sürprizdir. Məşqlərdə onun müdafiənin sol cinahında bu qədər güclü olduğunu görmürdüm. Məşq zamanl daha çox hücumameyilli oynamağı xoşlayır. Sol cinahda Azər Salahlı ilə bağlı problemimiz oldu. Məcburən onu sol cinahda oynatmağa başladım. Ona görə deyirəm ki, mənim üçün böyük sürprizdir. Bu gün çox yaxşı oynadı. Özünə inamı, təcrübəsi var, epizodları hiss edir. Nə zaman irəli getmək lazım olduğunu bilir. İki oyuna bir qol vurub, bir qol ötürməsi verib. Bu da mənim üçün çox pozitivdir. Ümid edirəm ki, tezliklə Azərbaycan posportunu alar və milli komanda üçün də seçim olar. Onu sol cinahda daha çox görürəm. Rusiya Premyer Liqasında bu mövqedə çox oynayıb. Həmişə top onda olanda çox soyuqqanlıdır. Bizə lazım olan keyfiyyətlərə malikdir.
Elçin Əlixan
saytlarin hazirlanmasi