"Təqvimi yazanda havanı nəzərə almaq lazımdı, axı biz də insanıq, ayağımızın altı "od tutub yanırdı"

11:49 - 4 Sentyabr 2022

"Turan Tovuz"a qarşı oyunun ağır olacağını bilirdik. Ayxan Abbasov müdafiə futboluna üstünlük verən, ən çox əks-hücumda oynamağı xoşlayan məşqçidi. Bu oyunda üstünlük tam olaraq bizdə idi. Bəzən son nöqtəni qoya bilmirdik. Son dəqiqələrdə isə diqqətsizlikdən qol buraxdıq. Məncə, qələbə üçün sonluq çatmadı. İlk hissədəki real qol imkanlarımızdan yararlansaydıq, hesab başqa cür də olardı”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Şamaxı”nın qapıçısı Rəşad Əzizli deyib. 

O, komandasının Premyer Liqanın 5-ci turundakı “Turan Tovuz”(0:1) məğlubiyyətini şərh edib. Əzizli dünən matçın saat 16:00-da start götürməsinə də münasibət bildirib:

"Günorta saat 4-də sünii örtüklü meydanda oynamaq çox çətindi. Ayağımızın altı od tutub yanırdı. Bu, məğlubiyyətə bəhanə deyil. Çünki hər iki komanda da eyni şəraitdə oynayırdı. Təqvimi yazanda havanı, meydanı da nəzərə almaq lazımdı. Biz də insanıq axı. Saat 18:00-dan 20:00-a qədər hava qaralmır. Yəni, bu vaxtda oynamaq mümkündü. Hamıya asan gəlir. Amma 90 dəqiqə istidə oynayanda, ayağının altı suluq olanda heç kim səni başa düşmür".

Rəşad komandasının uğursuzluq zolağından nə zaman çıxacağını da söyləyib: “Fikrimcə, bu komandaya dəstək olmaq lazımdı. Hamımız azərbaycanlıyıq, komandada yerlilərimiz işləyir. Hamı ailəsindən uzaqdı, gəlib klub üçün əziyyət çəkir, can qoyur. Baxırsan, hərə bir söz deyir mətbuatda. Yerlilərin oynaması kimə və nəyə mane olur? Buradakı uşaqlar sabah uğur qazananda məgər Azərbaycanın adına yazılmayacaq? Hər şey birdən-birə olmur, yavaş-yavaş düzələcək. Rəhbərlik daim bizə dəstəkdi. Onlara təşəkkür edirəm. Ancaq bu, bəzilərinə pis təsir edir. Halbuki futbolda uğur qazanmağın yolunu soruşsanız, deyəcəklər ki, yerlilərə şans vermirlər. Yerlilərə şans verilən klub olanda da, deyirlər ki, bunlar elə çempionatda sonuncu pillədə olacaq. Allah qoysa, hər şey yaxşı olacaq. Qələbələr də qazanacağıq, sadəcə bizə dəstək olsunlar”.

Mirbağırağa

 

Xəbər xətti