Azərbaycanda oynayan "Beşiktaş"ın yetirməsi: "Yaxın vaxtlarda hamı komandamızın gücünü görəcək"

14:35 - 4 Sentyabr 2022

"Beşiktaş"ın yetirməsi, vaxtı ilə əsas komandasında da oynamış Ege Atlam hazırda karyerasını Azərbaycanda davam etdirir. Azərbaycanın U-19 və U-21 yığmasında da çıxış etmiş müdafiəçi "Araz Naxçıvan"da oynayır. Bu yay komanda ilə müqavilə imzalamış Atlam Sportal.az saytına müsahibəsində yeni komandasındakı hədəflərindən söz açıb.

- “Araz Naxçıvan”da işləriniz necə gedir? Artıq ardıcıl iki turdur ki, qalib gəlirsiniz...
- Şükür Allaha işlərim çox yaxşı gedir. Yaxşı oynayırıq, qalib gəlirik, oyunumuzdan zövq alırıq. Allah qoysa, belə də davam edər. Bunun üçün çalışırıq.

- Maraqlıdı, hazırki komandana transferin necə baş tutdu? Burada hədəflərin nədən ibarətdi?
- Mənə klubun layihələrindən söhbət etdilər. Özüm də bu layihənin bir parçası olmaq istədim. Həqiqətən çox həyəcanlandım. Görəcəksiniz, bu komanda çox yaxşı yerlərə gələcək

- Naxçıvanda yaşamağa öyrəşmisən?
- Hər şey yaxşı gedir. Naxçıvan da çox gözəl şəhərdi. Vaxt tapan kimi də şəhəri gəzirəm, daha yaxından tanıyıram. Həqiqətən çox xoşum gəldi Naxçıvandan.

- Naxçıvan Türkiyə ilə sərhəd şəhərdi. Məhz bu fakt qərarına nə dərəcədə təsir etdi? 
- Mən peşəkar futbolçuyam. Evimizə yaxınlıq məsələsinin bu yaşlarda o qədər də önəmi yoxdu. Hər şeyə hazır olmaq lazımdı. Dediyim kimi, klubun layihəsini bəyəndim və bu komandada oynamaq istədim.

- "Araz Naxçıvan"ın heyətində Premyer Liqaya yüksələcəyinə inanırsan?
- Komandamız Premyer Liqada oynamağa layiqdi. Bunu mövsüm sonunda çempion olduğumuzda görəcəksiniz. Hələ ki, sezon yeni başlayıb və biz yolumuza yavaş-yavaş davam edirik.

- Özünü bu klubda göstərərək Azərbaycanın əsas millisinə cəlb oluna bilərsən? Ümumiyyətlə, birinci liqadan əsas milliyə futbolçu cəlb edilmir. İlki sən yaşada bilərsən?
- Milli komandada oynamaq çox müqəddəs məsələdi. Hər kəs bunu istəyər. Əlimdən gələni etməyə çalışacam. Qərarı isə milli komandanın məşqçiləri verir. Allah qoysa, mənə də ən qısa sürədə nəsib olar.

- "Beşiktaş"ın aşağı yaş qrupunda yetişmisən və hətta bir ara əsas komandaya da cəlb edilirdin. Amma orada qalmağın alınmadı. Amma Azərbaycanın U-19 yığmasında oynamış Berkay Vardar bu gün də əsas komandadadır. "Beşiktaş"ın əsas komandasında qalmaq səndə niyə alınmadı? 
- Mənim dönəmimlə digər futbolçuların dönəmi çox fərqli idi. Futbolda hər an hər şey ola bilər. Buna da hazır olmaq lazımdı. Azərbaycana gəlmək geriyə addım deyil. Azərbaycanda çox dəyərli klublar var və mən də bunlardan birində oynayıram. Yaxın vaxtlarda bütün Azərbaycan komandamızın gücünü görəcək. 


Mirbağırağa

 

Xəbər xətti