Müqavilə ilə "Qarabağ"a məxsus, icarə əsasında "Kəpəz"də çıxış edən Zamiq Əliyev Sportal.az saytına müsahibə verib. O, Gəncə klubunun bu mövsümkü uğursuzluğundan söz açıb.
- "Qarabağ"a qarşı matç necə alındı? Səncə, nəyə görə uduzdunuz?
- "Qarabağ"a qarşı oyunun yaxşı alındığını deməzdim. Çox çətin matç idi. Rəqib bizi 90 dəqiqə müdafiədə oynamağa məcbur etdi. Oyunu da diqqətsizliyimizdən uduzduq. "Qarabağ" kimi komandaya 90 dəqiqə ərzində bir dənə boşluq versən, qolla nəticələnər. Biz də müdafiədə səhv etdik, qapımıza qol vurdular.
- Matçdan öncə böyükhesabla uduzacağınızı gözləyənlər az deyildi. Böyükhesabla uduzmamağınıza sevindiniz, yoxsa xal qazanmaq sizi sevindirəcəkdi?
- Bəli, sosial şəbəkələrdə "Qarabağ"a böyükhesabla uduzacağımızı yazanlar var idi. Amma biz komanda şəklində oyuna yaxşı köklənsək, bir-birimizə inansaq, hamı üçün arzuolunmaz rəqibə çevrilə bilərik. Bunu az da olsa, "Qarabağ"a qarşı göstərə bildik. İstəyi, mübarizəni, qalib gəlmək hissini komanda yoldaşlarımın gözündə görə bildim. Gələcək matçlarda da bu mübarizə daha çox olacaq.
- Müqavilə ilə məxsus olduğun komandaya qarşı oynayırdın. Qurban Qurbanova özünü yaxşı tərəfdən göstərə bildin? Matçdan əvvəl onunla görüşdün?
- Qəribə hisslər keçirdim. Bir az həyəcan oldu. Amma matç başlayandan sonra keçdi. Öz oyunumdan razı qalmadım, daha yaxşı performans ortaya qoya bilərdim. Üzərimdə daha çox işləməliyəm. Qarşımda uzun müddət var və bundan çox yaxşı istifadə edəcəm. Bəli, Qurban Qurbanovla görüşdüm. Həmçinin də futbolçular və məşqçi heyəti ilə də salamlaşdım.
- "Kəpəz" bu mövsüm Premyer Liqadakı bütün oyunları uduzub. Səncə, özünüzə gələ biləcəksiz? Niyə xal qazana bilmirsiz?
- Allah qoysa, geridönüşümüz çox gözəl olacaq. İnanıram ki, qələbələri ard-arda sıralayacağıq. İndi futbolçularda psixoloji yorğunluq var. İlk qələbəmizdən sonra hər şeyin çox gözəl olacağına inanıram. Çünki komanda yoldaşlarımın hər birinə güvənirəm. Xal qazanmağımıza nə mane olur? Təcrübəsizlik rol oynayır. Buraxdığımız qollara baxın, sadə səhvlərdən sonra olur. Məşqlərdə bunun üstündə işləyirik. Matçlarda çox öndə oynayırıq, geriyə qayıtmaqda problemlər yaranır, elə buna görə də böyük hesablı məğlubiyyətlərlə üzləşirik.
- Baş məşqçi dəyişikliyi komandaya necə təsir edəcək?
- Yeni baş məşqçi gəldikdən sonra komandada ab-hava daha yaxşıya doğru gedir. Məşqlərimiz intensiv və maraqlı keçir. İki gün ərzində isə baş məşqçimizin tələbkar olduğu görünür. Allah qoysa, hər şey yaxşıya doğru gedəcək. Bu çətin vəziyyətdən çıxacağıq. Yeni baş məşqçiyə də uğurlar arzulayıram.
- Növbəti turda qərb derbisi olacaq. "Turan Tovuz"un qonağı olacaqsınız. Bu derbi haqda nə düşünürsən və səncə, səfərdə onları məğlub edə biləcəksiz?
- Əlbəttə ki, qərb derbisi barədə xəbərdaram. Çox gözəl oyun olacağını ehtimal edirəm. Tovuza üç xal üçün yollanacağıq. Başqa çarəmiz də yoxdu. Özümüzə gəlmək üçün üç xala ehtiyacımız var. Nə olursa-olsun həmin xalları qazanıb "Kəpəz" azarkeşlərinə gözəl gün yaşatmaq niyyətindəyik.
Mirbağırağa