"Qarabağ" və "Qəbələ"nin sabiq legionerləri ilə komanda yoldaşı olmuş "Zirə"nin yeni transferi - FOTOLAR

21:30 - 5 Sentyabr 2022

Bu yay ölkəmizi avrokuboklarda təmsil etmiş "Zirə" bir neçə gün əvvəl heyətini Benin yığmasının futbolçusu Moize Adilehu ilə gücləndirdi. Komandaya böyük ümidlərlə gətirilən Moize elə "Zirə"nin aparıcı üzvlərindən birinə çevrilməyi bacarıb. Benin millisinin şərəfini qorumasına baxmayaraq o, Fransada dünyaya göz açıb. “Valensiyen” yetirməsi olan müdafiəçi Fransada “Pau”, “Vitre” klublarında oynadıqdan sonra “Slovan”, “Kerkira”, “Levadiakos”, “Boluspor”, “NAK Breda” forması geyinib. Maraqlıdır ki, 1,90 sm boya malik futbolçu əvvəlki klublarında Azərbaycan futbolu üçün tanış simalarla birlikdə çıxış edib.

Vladimir Dimitrovski 

Şimali makedoniyalı futbolçu “Qarabağ”ın uğursuz transferlərindən hesab oluna bilər. Məsələ burasındadır ki, o, 2015-ci ildə “Kerkira”dan ayrılaraq Ağdam klubuna keçsə də, əsas heyətdə özünə yer tapa bilmədiyindən komandada qalmamışdı. Dimitrovski sonradan "Kerkira"ya geri dönmüşdü. Burada isə o, məhz Moize ilə Yunanıstan klubunun müdafiə xəttində yer alıb.



Stanislav Namaşko

Uzun illər ölkəmizdə oynamış Stanislav Namaşko da “Zirə”nin yeni transferini daha yaxından tanıyır. Hazırda ölkəsində “Belçı” klubunda çıxış edən moldovalı qolkiper 2017/2018 mövsümündə “Levadiakos”un qapısını qoruyarkən Moize ilə komanda yoldaşı olub.


 

Çumbinyo 

O da vaxtı ilə Yunanıstandan Azərbaycana, daha dəqiq desək, “Qarabağ”a keçmiş futbolçudu. Braziliyalı da “Zirə”nin müdafiəçisinin nəyə qadir olduğuna yaxşı bələddi. 2017/2018 mövsümündə onunla təkcə Stanislav Namaşko komanda yoldaşı olmayıb. Çumbinyo da “Levadiakos”da Adilehu ilə eyni kollektivdə mübarizə aparıb. 



İbrahima Niasse

Seneqallı Azərbaycanda oynadıqdan sonra karyerasında yüksəliş yaşamış futbolçudu. Ölkəmizdə üç fərqli mövsümdə “İnter”(hazırki “Şamaxı”) və “Qəbələ”də çıxış edən Niasse Moize ilə “Levadiakos”da birlikdə çıxış edib. Hazırda 34 yaşlı yarımmüdafiəçi Yunanıstanın "Kozani" klubunun üzvüdü. 




Yovan Krneta 

Ümumiyyətlə, Yunanıstanın “Levadiakos” klubu Azərbaycan Premyer Liqasında oynamış futbolçuların yollarının kəsişdiyi kollektivdi. "Zirə"nin şərəfini qorumuş Krneta Moize ilə birlikdə müdafiə xəttinidə yer alıb. Son klubu Monteneqroda “Rudar” olan Krneta hazırda klubsuzdu.



David Manqa

Karyerasını Almaniya 4-cü liqasında yarışan "Kaan-Marienborn" klubunda davam etdirən Manqa “Zirə”nin 2017/2018 mövsümündə çıxış etdiyi Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Differdanj”la (2:1) səfər görüşündə komandasının qollarından birinə imza atmışdı. Mərkəzi Afrika Respublikası futbol tarixinin rəmzi heyətində də özünə yer etmiş sabiq “Zirə”li qəsəbə klubunun yeni transferi ilə “Levadiakos”da birlikdə çıxış edib.



Dzon Delarj

"Zirə"nin yeni transferi "Levadiakos"da oynadıqdan sonra Türkiyəyə yollanıb. "Boluspor"da cəmi 5 oyuna çıxıb. O, burada "Qarabağ"ın sabiq futbolçusu Dzon Delarjla komamda yoldaşə olub.  




Raydel Pupon

Vaxtı ilə “Qarabağ”a transfer edilsə də, Ağdam klubunda aparıcı üzvə çevrilə bilməyən Pupon da Moizenin nəyə qadir olduğuna bələd olanlardandı. Surinamlı forvard hazırda "Ayaks"ın həvəskar komandasında oynayır. Pupon "Zirə"nin müdafiəçisi ilə "Boluspor"da komanda yoldaşı olub.



Dion Malone 

"Zirə"yə qədər Moizenin son klubu Niderlandın "NAK Breda" klubu olub. O, əvvəlki klubunda Azərbaycan futbolsevərləri üçün tanış olan Dionla komanda yoldaşı olub. Hazırda isə Malone Kiprin “Karmiotissa” klubunun formasını geyinir. 




​Mirbağırağa
 

Xəbər xətti