Sonuncu dəfə Azərbaycan çempionatında toqolu futbolçu 2020-ci ildə oynamışdı. İndiyə qədər Azərbaycan Premyer Liqasında bu ölkədən 5 futbolçu oynamışdısa, "Sumqayıt"ın Ouro-Nile Tureni gəlməsi ilə onların sayı 6-a yüksəlib. Sportal.az sizə Premyer Liqamızdakı toqoluları xatırladacaq.
Dare Nibombe
İlk dəfə toqolu futbolçunu Azərbaycana gətirən "Bakı"dı. Maraqlıdır ki, ölkəmizə gəlmiş son iki futbolçudan savayı digərləri Toqo yığmasının üzvü olub. Dare Nibombenin ölkəmizdə karyerası o qədər uğurlu olmasa da, karyerası zəngindi. Veteran futbolçu Toqo yığmasının kapitanı olub. Həm də 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında üç matça çıxıb. Azərbaycana "Politexnika Timişoara"dan gəlmiş Nibombe altı aydan sonra Almaniya ikinci liqasında yarışan "Arminiya"ya keçmişdi. Hazırda isə Dare Belçikada "Tubize" klubunda məşqçi kimi çalışır.
Arafat Djako
Ölkəmizdə oynamış Toqo yığmasının daha bir üzvü də məhz Djakodur. O, "Anji", "Qaziantepspor", "Əl-Ərəbi" kimi klublarda oynadıqdan sonra "İnter"ə (hazırki “Şamaxı) keçmişdi. Lakin onun Azərbaycandakı karyerası heç də uğurlu alınmamışdı. O, ölkəmizdəki uğursuz çıxışından sonra İsrailə yollanaraq "Bney Saxin"lə anlaşmışdı. Karyerasının son illərini Efiopiya klublarında keçirmiş 33 yaşlı toqolu hazırda klubsuzdu.
Conatan Ayite
2007-ci ildə Toqo millisində debüt etmiş Ayitenin Azərbaycana gəlişi də maraqla qarşılanmışdı. Çünki o, "Keşlə"yə(indiki “Şamaxı”) gəlməmişdən bir il öncə "Samsunspor"da oynamışdı. Onun futbolçu karyerasının pis alınmadığını söyləmək mümkündü. "Brest”, “Nim”, “Alanyaspor”, “Yeni Malatyaspor”da uğurlu oyunlar keçirərək, sonuncu klubunun Superliqaya yüksəlməsində də önəmli rol oynamışdı. Ayite əslində, Azərbaycanda da özünü pis tərəfdən göstərmədi. Yaşının çox olmasına rəğmən meydana çıxdığı görüşlərdə keyfiyyətini göstərən toqolunu "Keşlə"də qalmamışdı. Ölkəmizdən ayrıldıqdan sonra Kiprin “Olimpiakos”(Nikosiya) klubuna keçmiş forvard hazırda klubsuzdu. Onun son komandası isə Kirp ikinci liqasında yarışan “Krasava Eny Ypsonas” olub.
Lalavele Atakora
31 yaşlı futbolçu "Qəbələ"nin heyətində 2018/2019 mövsümündə Azərbaycan kubokunun qalibi olub. Toqoda dünyaya gəlməsinə baxmayaraq onun futbolçu karyerası məhz Skandinaviya klubları ilə bağlıdı. "Fredrikstad"da peşəkar futbola başlamış Atakora "Varnamo", AİK, "Helsingborq" klublarında oynadıqdan sonra Türkiyəyə yollanıb "Adana Dəmirspor"la anlaşıb. Onun "Qəbələ"dəki karyerasının uğursuz olduğunu demək olmaz. Hazırda isə Toqo millisinin 31 yaşlı üzvü Fransada 5-ci liqasında yarışan "Turange"də oynayır.
Yaovi Akakpo
Toqolu “Qəbələ”yə perspektivli futbolçu kimi cəlb edilmişdi. Bölgə klubu 2020-ci ildə onunla 2,5 illik müqavilə imzalamışdı. Futbolçu “Qəbələ”nin əsas heyətində həmin ilin fevralın 22-də “Neftçi” ilə görüşdə debüt etmişdi. O, meydana çıxdığı görüşlərdə özünü ən yaxşı tərəfdən göstərə bilmişdi. Amma üst-üstə aldığı zədələr onun uğurlu çıxışına imkan verməmişdi. İndinin özündə də bərpa prosesi keçən Akakponun mövsümün gedişində meydana çıxacağı gözlənilir. 23 yaşlı yarımmüdafiəçi hələ ki, Toqo yığmasında çıxış etməyib. Amma onun özünü “Qəbələ”də göstərəcəyi təqdirdə, məxsus olduğu ölkənin millisinə dəvət edilməsi də mümkünsüz olmayacaq. Mayın 22-də “Qəbələ” onunla müqavilə müddətini bir illik artırdığını açıqlamışdı.
Mirbağırağa