Qurban Qurbanov: "Rəqiblərimiz nə qədər güclü olsa da, meydandan mübarizəsiz çıxmayacağıq"

16:22 - 6 Sentyabr 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin "Frayburq"la oyununa yollanmamışdan əvvəl Heydər Əliyev adına Beynəlxalq hava limanında jurnalistlərə açıqlama verib.

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Ağdam klubunun Almaniya klubu ilə görüşdəki məqsədindən söz açıb:

"Qrupdakı ilk oyunumuz üçün yola düşürük. İstəyimiz, həvəsimiz çoxdur. Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək üçün bu günə qədər çox əziyyət çəkdik. Oyundan-oyuna qarşımıza hədəflər qoyurduq. Lakin alınmadı. İstənilən halda bu cür qrupda oynamaq da böyük təcrübədi. Futbolçularımın inkişafı baxımından da Bundesliqanın liderinə qarşı oynamaq yaxşıdı. Futbolçuların gələcəyi üçün böyük təcrübədi. Hər oyunda ən yaxşısını etmək üçün maksimum çalışacağıq. Rəqiblərimiz nə qədər güclü olsa da, meydandan mübarizəsiz çıxmayacağıq. Oyunların gedişində də hər hansı addımlar atacağıq. Lakin rəqibi yaxından tanımaq üçün gərək onunla meydanda mübarizə aparasan".

Ağdam klubunun çalışdırıcısı heyətlə bağlı problemlərin olub-olmamasından da danışıb: "Futbolçularım oyuna tam hazırdı. Heyətlə bağlı ciddi problemimiz yoxdu. Maksim Medevedevin vəziyyəti də normaldı. Komanda ilə birlikdə məşq edir. Düzdü, ola bilər ki, növbəti matçda əsas heyətdə yer almasın. Ancaq yükləmələrə və oyunlara hazırdı. Çalışaacağıq ki , zamanı gəldiyində ondan istifadə edək".

Xəbər xətti