"Qarabağ"ın oynayacağı məkanlar: Almaniyanın ən yeni stadionu, Avropanın dördulduzlu 13 arenasından biri - FOTOLAR

11:48 - 7 Sentyabr 2022

Sabah "Qarabağ" Avropa Liqasının qrup mərhələsindəki çıxışına start verəcək. Ağdam təmsilçisi G qrupunda "Frayburq", "Nant" və "Olimpiakos"la qarşılaşacaq. Təbii ki, təmsilçimiz həm evdə, həm də səfərdə rəqibləri ilə üz-üzə gələcək. Sportal.az bu dəfə oxucularına "Qarabağ"ın səfər görüşlərini keçirəcəyi stadionlar barədə məlumat verəcək.

"Europe- Park" stadionu, Frayburq

"Qarabağ" bu mövsüm Avropa Liqasındakı ilk görüşünü məhz bu stadionda keçirəcək. İki gün sonra Ağdam təmsilçisi "Frayburq"un qonağı olacaq. Təmsilçimizin rəqibinin stadionu yenidi, 2021-ci ildə açılışı olub. Maraqlıdır ki, bu stadionda ilk görüş "Frayburq"un iştirakı ilə keçirilməyib. Belə ki, 2021-ci il oktyabrın 7-də "Dinamo Drezden" – "Viktoriya Köln" komandaları arasında yoldaşlıq görüşü məhz bu stadionda baş tutub. "Qarabağ"ın rəqibi isə "Europe-Park"da ilk dəfə Bundesliqa matçında "Leyptsiq"lə (1:1) qarşılaşmışdı. Stadion 34700 tamaşaçı tutumuna malikdi. Bura Almaniyanın ən yeni futbol stadionudu.



Karaiskakis stadionu, Pirey

"Qarabağ" AL-in üçüncü turunda səfərdə "Olimpiakos"la qarşılaşacaq. Oktyabrın 6-da keçiriləcək görüş Karaiskakisdə baş tutacaq. Stadion 1985-ci ildə inşa edilsə də, 1896-cı ildə istifadəyə verilib. Maraqlıdır ki, stadion ilk dəfə velosiped sürmək üçün inşa edilib və "Velodrom Neo Faliron" adlandırılıb. 1950-ci ildə stadion 22 min tamaşaçı tutumuna malik idi. 1964 və 2004-cü illərdə də Karaiskakis stadionunda yenidənqurma işləri həyata keçirilib. Son dəfə isə köhnə stadion tamamilə dağıdılıb, əvəzində yeni arena tikilib. Bütün bunlar rekord müddətdə - 14 ayda baş verib və 60 milyon avroya başa gəlib. Stadion Yunanıstan Olimpiya Komitəsinin balansındadı. Hazırda Pireydəki stadionda oyunu 32115 tamaşaçı izləyə bilir. Adıçəkilən stadionda Yunanıstanın futbol üzər kişi və qadın milliləri, həmçinin reqbi yığması oyunlarını oynayır. Bura Çempionlar Liqasının finalını keçirməyə icazə verən UEFA-nın himayəsində olan 13 dördulduzlu futbol stadionundan biridir. Burada 472 nəfərə qədər yer tuta bilən 40 VIP otaq və suit, 130 nəfərə qədər yerləşə bilən mətbuat konfransı zalı, 200 mətbuat və media oturacağı var.




"Bojuar", Nant

"Qarabağ" "Nant"la Bakıda qarşılaşdıqdan sonra cavab görüşü üçün Fransaya yollanacaq. Bu matç isə 5-ci turda, yəni oktyabrın 27-də keçiriləcək. "Qarabağ"ın meydana çıxacağı "Bojuar" stadionu 1984-cü ildə keçirilən Avropa çempionatı üçün inşa edilib və turnirin iki oyununa ev sahibliyi edib. Həmin vaxtı stadion 52 923 azarkeş tutumuna malik olub. İyunun 16-ı burada Fransa və Belçika, 4 gün sonra isə Portuqaliya ilə Rumıniya yığmaları üz-üzə gəlib. Həmin vaxtı matçı 51000 azarkeş izləyib ki, bu da rekorddu. 1995-ci ildə Fransa millisi yenidən Nantda meydana çıxıb. 

1998-ci il Fransada keçirilən dünya çempionatının da oyunlarına ev sahibliyi edən stadionda 6 matç baş tutub. Həmin vaxtı isə stadion 35500 azarkeş tutumuna endirilib. Burada dünya çempionatının ¼ final mərhələsinin Braziliya – Danimarka matçı da baş tutub. Dünya çempionatından sonra "Bojuar" Fransanın aparıcı idman arenalarından biri kimi mövqeyini itirməyib. Milli 2001 və 2007-ci illərdə iki dəfə Nantda meydana çıxıb. Bundan əlavə, 1998-ci il stadionun tarixində sonuncu böyük turnir deyil. 9 il sonra Fransa reqbi üzrə Dünya kubokuna, "Bojuar" isə qrup mərhələsinin üç matçına ev sahibliyi edib. 




Mirbağırağa

Xəbər xətti