"Qəbələ"də oynamış futbolçu: "Karyeramdakı enişin bir neçə səbəbi ola bilər"

15:16 - 7 Sentyabr 2022

"Yeni komandayıq, hər şey də yaxşı gedir. Oyundan-oyuna daha yaxşı olacağıq. Mingəçevir əzəldən futbol şəhəri olduğu üçün burada oyunlar çox maraqla qarşılanır. Azarkeşlər futbol oyunlarına gəlməyə həvəslidi. Mingəçevirdə azarkeşlər kifayət qədərdi. Ona görə də futbolçular burada yüksək motivasiya ilə oynayır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Mingəçevir"in futbolçusu Roman Hüseynov deyib.

Vaxtı ilə gələcəyinə böyük ümidlər bəslənilən, "Qəbələ" və U-17, U-19 yığmamızın yarımmüdafiəçisi hazırda "Mingəçevir"də oynayır. O, yayda müqavilə imzaladığı yeni komandasındakı məqsədlərindən söz açıb. Bununla yanaşı karyerasındakı enişi şərh edib:

"Hər oyundan maksimum xal götürmək istəyirik. Düzdü, qarşımıza hansısa məqsəd qoyulmayıb. Sadəcə olaraq, baxımlı futbol oynayan komandaya çevrilmək istəyirik. Komandaya transferimə gəldikdə, mingəçevirli olduğum üçün bu klub mənə doğmadı. "Mingəçevir"in təklifini qəbul edib gəldim. Futboldur da, təklif olmaya da bilər. Ancaq bu, son deyil. Hər şey yaxşı olacaq. Karyeramdakı enişin bir neçə səbəbi ola bilər. Bir ara oyun praktikam olmadı. Sonra da zədələndim. Ancaq öz səhvlərim də oldu ki, vəziyyəti gətirib bura çıxardı. "Qəbələ"də olduğum vaxtlar gözəl xatirələrlə doludur. Avrokuboklardakı zaman da həmişə yaddaşımda qalır".

“Qəbələ”nin yetirməsi olan 24 yaşlı futbolçu “Kəpəz”, “Sumqayıt”da da çıxış edib. 


Mirbağırağa

Xəbər xətti