"Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli Sportal.az saytına müsahibə verib.
28 yaşlı "əlcək sahibi" komandanın geridə qalan oyunlardakı çıxışını dəyərləndirib, növbəti turda "Kəpəz"lə keçirəcəkləri matç haqda fikirlərini bildirib.
- "Şamaxı"nı səfərdə məğlub etdiz. Bu oyun haqda fikirlərini bildirərdin...
- Həqiqətən də çox ağır oyun oldu. Səfərdən xalla qayıtmaq istəyirdik. Bilirdik ki, "Şamaxı" evdə çox yaxşı mübarizə aparır. Onlar da meydana qələbə qazanmaq üçün çıxmışdılar. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq.
- Matç gündüz vaxtı isti havada baş tutdu. Havanın komandaların oyununa təsiri necə oldu?
- Havanın temperaturu çox isti idi. Buna görə də ağır oyun oldu. Amma meydana çıxanda isti hava haqda heç nə düşünmürdük. Ağır olsa da, yalnız oyun haqda düşünürdük. Çünki, rəqib də eyni havada oynayırdı.
- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız. Qərb derbisinin hazırlığı necə gedir?
- Bizi yenə çətin oyun gözləyir. Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Onları sevindirməyə çalışacağıq. Demək olar ki, Tovuzda hər kəs bu matç haqda danışır. Amma biz digər oyunlara necə hazırlaşırıqsa, "Kəpəz"lə görüşə də eyni ciddiliklə hazırlaşırıq.
- "Kəpəz"də baş məşqçi dəyişikliyi oldu. Bunun oyuna təsiri necə olacaq?
- Yeni baş məşqçi gələndə komandada əhval-ruhiyyə dəyişir. Futbolçular da özlərini yeni məşqçiyə göstərməyə çalışırlar. Həm də yeni baş məşqçinin hansı taktika ilə oynayacağını bilmirsən. Ona görə də bir az çətinlik olur. Biz öz oyunumuzu oynamağa çalışacağıq.
- 4 oyundan sonra 7 xal toplamısız. Komandanın performansını necə dəyərləndirirsən?
- Səfərdə keçirdiyimiz oyunlarda 7 xal qazanmışıq. Evdə də xallarımızın sayını artırmağa çalışacağıq. Hər matça çıxanda xal və ya xallar haqda düşünürük. Daha da çox çalışmaq lazımdır. Bacardığımız qədər çox xal toplamalıyıq.
- Çempionatda ən az qol buraxan komandalardan birisiz. Təbii ki, qapıçı olaraq sənin də payın böyükdür. Öz oyununu necə dəyərləndirirsən?
- Komanda udanda da, uduzanda da birlikdə olur. Sevinirəm ki, mən də komandaya kömək edə bilirəm. Öz üzərimdə çalışıram ki, "Turan Tovuz"a daha çox xeyir verim.
- Bakıdan uzaqda, Tovuzda yaşamaq, futbol oynamaq necədir? Səfər matçlarına uzun məsafə qət edirsiz...
- Regionda futbol oynamaq həqiqətən də çox gözəldir. Azarkeşlərin dəstəyini çox hiss edirsən. Məsafə uzaq olsa da, bu haqda düşünmürük. Biz peşəkar idmançılarıq. Ən əsası öz işimizi görüb, komandaya xeyir vermək istəyirik.
- Çempionatda hədəfiniz nədən ibarətdir?
- Rəqiblərimizlə yaxşı mübarizə aparmaq və asan təslim olmamaq istəyirik. Bacardığımız qədər çox xallar toplamağa çalışırıq. Qarşımıza hansısa hədəf qoyulmayıb.
- Milli komandaya çağırılmaq şansını necə görürsən?
- Millidə oynamaq hər futbolçunun arzusudur. İnşallah mənə də dəvət gələr. Mənim işim çempionatda oynamaq və öz üzərimdə işləməkdir və daim irəliyə getməkdir.
- Tovuzda futbola maraq böyükdür. "Qəbələ" ilə oyunda stadion dolmuşdu. Belə azarkeş dəstəyinin qarşısında oynamaq komandaya necə təsir edir?
- Stadionda azarkeş çox olanda, atmosfer yaxşı olanda oyunlar daha maraqlı keçir. Bəlkə də çempionatın ilk oyununda komandada hamıda bir az həyəcan var idi. Amma artıq 6-cı tur başlayır. Qələbə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi