"Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib. Ağdam klubunun keçmiş çalışdırıcısı komandanın Avropa Liqasının G qrupunun birinci turunun "Frayburq"la görüşünü şərh edib. Təcrübəli mütəxəssis Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin məğlubiyyətə baxmayaraq, əla futbol oynadığını söyləyib.
- "Qarabağ" Avropa Liqasına məğlubiyyətlə start verdi. Komandanın "Frayburq"a məğlubiyyətini necə şərh edərdiniz?
- Mən demişdim ki, "Qarabağ" hər dəfə sürprizlər edir. Bu dəfə də "Qarabağ"ın ifasında möhtəşəm futbolun şahidi olduq. Onlar meydanda həm xarakter göstərdilər, həm də oyun keyfiyyəti çox yaxşı idi. Statistikaya baxsaq görərik ki, "Qarabağ" bütün futbol komponentlərində "Frayburq"u üstələyib. Unutmayaq ki, "Frayburq"dan söhbət gedir, onlar Bundesliqanın lideridi. İlk 15 dəqiqəni çıxmaq şərtilə "Qarabağ" möhtəşəm oyun göstərdi.
- İlk dəqiqələrdə buraxılan iki qolu nə ilə əlaqələndirirsiniz? Demək olar ki, sanki "Viktoriya" (Plzen) məğlubiyyətinin təsiri hələ keçməyib?
- İndi texnika zamanıdı. Hər bir komanda digərini analiz edə bilir. "Frayburq" ilk dəqiqələrdən "Qarabağ"ı sıxmaq istədi. Onlar bunu "Qarabağ"ın oyununun alınmaması, topun onlarda olmaması üçün etdi. "Ferentsvaroş", "Sürix", "Viktoriya" da ev oyunlarında eynisini etmişdi. "Frayburq" da bunu tətbiq etməyə çalışdı. Digər üç oyunda rəqibin təzyiqi fayda verməmişdi, amma dünənki görüşdə penalti qeydə alındı və sonradan ikinci qol vuruldu. Səviyyə, icra keyfiyyəti baxımından "Frayburq" bunu edə bildi. Bundan sonra "Qarabağ" tamam başqa futbol oynadı. Məni sevindirən odur ki, "Qarabağ" əsl xarakter göstərdi. Çətin vəziyyətdən dəqiqə-dəqiqə çıxaraq öz xarakterini göstərib, komanda ruhunu meydanda nümyiş etdirdilər. Oyunun ipi "Qarabağ"ın əlində idi.
- Yəqin ki, "Qarabağ"ın ən azından bir xala layiq olduğunu düşünürsünüz?
- "Qarabağ" göstərdiyi oyunu ilə ən azından heç-heçəyə layiq idi. Minimum belə olmalıydı. Hətta qələbə də qazana bilərdilər. Çünki "Qarabağ"ın oyunu qolların yetişdiyinə işarə oldu. Ümid edirəm ki, evdəki oyunlardan başlayaraq hər şey yaxşı olacaq. Ən başlıcası odur ki, "Qarabağ" öz oyununu oynayır və bundan çəkinmir. Harada oynamasından asılı olmayaraq, stabil futbol nümayiş etdirməyə çalışırlar. Öz futbollarını rəqibə də diqtə edirlər. "Lex", "Ferentsvaroş", "Sürix", "Viktoriya" və "Frayburq"la görüşlərdə "Qarabağ" eyni sistemdə oynayaraq, topa sahibolmada üstünlük göstərib. Həqiqətən də "Qarabağ" əsl futbol oynayır, müəyyən gedişlər edirlər, hücumda oynamağı sevirlər. Bu komandaya uğurlar arzu edirəm.
- Abdulla Zubirin penalti epizodu haqda hansı fikirdəsiniz? Sizcə, baş hakim "Frayburq"un qapısına penalti təyin etməliydi?
- Bəli, baş hakim "Frayburq"un qapısına penalti təyin edə bilərdi. Amma burada VAR sistemi işə düşür. Ona dəqiqliyi ilə baxa bilmərik, nəsə demək olmur. Hər halda VAR-da da 3-4 hakim var, baxıb izləyirlər.
- İlk turdan sonra "Qarabağ"ın bu qrupdan çıxmaq üçün mübarizə apara biləcəyini söyləmək mümkündü?
- Bu qrupda favorit yoxdu. Dörd komandanın gücü də eynidi. "Olimpiakos" və "Qarabağ" ilk turda məğlub olsa da, onların da şansı "Frayburq" və "Nant"dan az deyil. "Qarabağ" və "Olimpiakos"un göstərdiyi oyun da bunu sübutdu. G qrupunda hansı komanda birinci pilləni tutsa, təsadüf saymaram. Sonuncu pilləni də həmçinin. Çünki dörd komandanın gücü də eynidi, hələ mübarizə davam edir. Məğlubiyyətə baxmayaraq şanslar 50/50-di.
Mirbağırağa
saytlarin hazirlanmasi