"Kəpəz" Azərbaycan Premyer Liqasının 6-cı turunun oyununda səfərdə "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
- Komandanı götürəndə gördüm ki, nəsə etmək olar, potensial var. Üstünlük bizdə olsa da, məğlub olduq. Futbolda belə hadisələr var. Kaş ki, pis oynayıb qalib gələrdik. Komanda gələcəyə ümid verir. Görəcəyimiz işlər çoxdur. Hücum xəttində problem qabarıq şəkildə görünür. Çalışırdıq ki, rəqibi topsuz qoyaq və boşluqlar əldə edək. İkinci hissədə bunu bacardıq. Hər iki hissədə qol epizodlarımız var idi. Məyus olmaq, depressiyaya qapanmaq olmaz. Qarşıda 30 tur var.
- Raul Əliyevi yola saldız. Qış fasiləsinə kimi onu əvəz edəcək oyunçu tapa biləcəksiz?
- Bəli.
- Başqa mövqeləri də gücləndirəcəksiz?
- Ola bilər ki, bir hücumçu, bir də hələ açıqlamaq istəmədiyim mövqeyə transfer edək. Başqa mövqe də ola bilər. Qışa qədər komandada yeni nəfəs olmalıdır. Hücumda aqressivlik yarada bilmirik. Rauf Əliyev məsələsinə qayıtmayacağam. Nizam-intizam birinci növbədədir. Kimliyindən asılı olmayaraq.
- Tural Axundov bu gün ehtiyatda idi. Onun Rauf Əliyevin arxasınca göndəriləcəyi gözlənilir?
- Xeyr. Raufun arxasıyca heç kim getməyəcək. Tural təcrübəli futbolçudur. Bu gün onun ehtiyatda qalması o demək deyil ki, həmişə mənim yanımda oturacaq. Oyunu nəzərə alıb onu ehtiyatda saxladıq. Elçin Əlicanov yaxşı oyun nümayiş etdirdi. Kim güclü olacaqsa, o da meydanda olacaq.
- Müsahibənizdə bildirmişdiz ki, gəncəli azarkeşlər qısa zamanda qələbələr görəcək. Qısa zaman deyəndə nəyi nəzərdə tutursuz?
- 5 gün ərzində çalışdıq daha keyfiyyətli oyuna üstünlük verək. Amma hər halda düşünürdüm ki, bu oyunda bir xalımız var. Elə nüanslar var ki, açıqlaya bilmirsən. Əsas hakim və VAR hakimi tovuzludur. Belə oyunlarda çox diqqətli olmaz lazımdır. Derbi matçıdır. Təsəvvür edin ki, Almaniya və İtaliyanın oyununa əsli alman olan hakim təyin olunur. Qışa qədər bacardığımız qədər xal toplayacağıq. Qışda yeni futbolçular komandaya cəlb olunacaq. Gəncə futbolunun əvvəlki əzəmətini geri qaytarmaq lazımdır. Bu oyun mənə gələcək üçün ümid verdi.
- Çətin vəziyyətdə olan AZAL-da uğurlu işlər görmüsüz, "Keşkə"ni avrokuboka çıxarmısız. Bu gün "Kəpəz"də sizdən nə gözləmək olar?
- Həyatda heç nə sığortalanmayıb. Büdcəsi çox olan komanda da məni qovdu, az olan da. Söhbət sırf büdcədən getmir. Bəlkə də qismətim budur ki, çətin vəziyyətdə olan komandalarda işləyirəm. Yaxşı, hazır komandaya heç kim məni dəvət etmir. "Neftçi"də 18 futbolçu göndərib, 16 futbolçu cəlb elədim, komanda uğurlu çıxış etdi. Bu gün "Kəpəz"də ümidverici oyunçular çoxdur. Amma çatışmayan cəhətlər də var. Ona görə də yeni cəlb olunan futbolçular komandanı gücləndirməlidir. Qışdan sonra daha yaxşı futbol oynayacağıq.
- Bu gün "Kəpəz"in ən böyük problemi nədir? Taktiki, fiziki, hazırlıq, maliyyə, yoxsa başqa səbəblər?
- Demək olar ki, hamısı. Nəsə demək mənim üçün çətindir. Komandanın heç nəyi yoxdur. Futbolçular fiziki baxımdan hazırlıqsızdır. Birdən-birə də hazırlamaq olmur. Biz psixoloji durumu, özünəinamı qaytardıq. Hamımız bilirik ki, "Kəpəz"də maliyyə problemi var, evdə oynamırıq, baza, avtobus, inventar çatışmazlığı var. O dəyəri qaytarmalıyıq ki, bu şəhərin komandasına daha çox sponsor olsun, yerli ictimaiyyət, veteranlar, xaricdə yaşayan gəncəlilər komandaya dəstək olmalıdır. Gəncə futbolu inkişaf etməsə, Azərbaycan futbolunda futbolçu çatışmazlığı olacaq. Yaxşı nəticə üçün hər şey yüksək səviyyədə olmalıdır.
- Necə edəcəksiz ki, Gəncə azarkeşi yenidən "Kəpəz"ə sahib çıxsın?
- Bunun üzərində iş gedir. İcra başçısı da bu işdə bizə dəstək olur. Yaxın günlərdə bu məsələ öz həllini tapacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi