Ayxan Abbasov: "Topa sahib olmaq üstünlük deyil"

20:10 - 9 Sentyabr 2022

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 6-cı turunun oyununda doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məqşçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

 

- Çempionatımızda belə oyunun olması xoşdur. Nəticədən asılı olmayaraq hər iki komandanın azarkeşləri sevinirdilər. Çünki, qərb derbisi yenidən oynanıldı. Önəmli oyun idi. Evdə qələbə qazanmaq istəyirdik. "Kəpəz"də də dəyişikliklər olub. İstər-istəməz bir komandada məşqçi dəyişikliyi olanda futbolçularda motivasiya olur, oyuna daha ciddi yanaşırlar. Rəqibi təhlil etməkdə bir az çətinlik çəkirdik. Hansısa sürprizlə qarşılaşa bilərdik. Amma futbolçularımız tapşırıqları yerinə yetirdilər, oyun nizam-intizamını qorudular və istədiyimiz qolları vura bildik. Futbolçularıma bildirdim ki, oyundan-oyuna artırmalıyıq. Gənc futbolçularımız var, onlara güvənirik. Belə məsuliyyətli oyunlarda özlərinə inamları artmalıdır. Ümumən yaxşı qələbə idi. Azarkeşlərimizi təbrik edirəm, möhtəşəm idilər. Bu gün futbola layiq ab-hava var idi. Qarşıda bizi çətin oyunlar gözləyir. 


- Tərlan Əhmədov bildirdi ki, üstün tərəf "Kəpəz" idi, qol vuran isə "Turan Tovuz". Siz necə fikirləşirsiz?

- Hər məşqçinin öz yanaşması var. Mənə görə nəticə önəmlidir. Çünki, nəticə olmayanda futbolçularda inam artmır. Topa sahib olmaqda üstün ola bilərlər. Dünən "Qarabağ"ın oyununda şərhçi belə bir fikir dedi ki, "Frayburq" Almaniya çempionatında topa sahib olmaqdan axırdan üçüncü yerdədir. Amma turnir cədvəlində birinci yerdədirlər. Bu gün topa sahib olmaq üstünlük deyil. Biz hər rəqibə qarşı fərqli hazırlaşırıq. Bəzi məqamlar var ki, onları artırmağa çalışacağıq. Son dəqiqəyə kimi qapımızda epizod görmədik. 


- "Turan Tovuz" Premyer Liqada yenidir, amma kifayət qədər xal toplamısız. Komandada iştah artmayıb?

- Xeyr. İlk gündən rəhbərliklə danışığımız olub ki, təməli güclü olan klub yaratmaq istəyirik. Biz mübarizə aparacağıq. Sonda hər şey ola bilər. İstəmirik desək, yalan olar. Amma bu gün qarşımıza elə bir məqsəd qoymamışıq. 


- Bu gün komandanızda ən zəif bənd kim idi?

- Hər oyunda kimsə zəif oynaya bilər. Əslində zəif deməzdim. Bəzən olur ki, oyun alınmır. Bu gün futbolçular çalışırdılar ki, verdiyimiz tapşırıqları yerinə yetirsinlər. Amma əlbəttə ki, səhvlər var. Səhv hər oyunda olur. "Şamaxı" ilə oyunu müqayisə etsək, görərik ki, bu gün müdafiə xəttimiz daha etibarlı oynadı.


- Abbas Ağazadə özünü yaxşı tərəfdən göstərir. Onun ehtiyatdan oyuna girməyi nə qədər davam edəcək?

- Tək Abbas yox, biz I Diviziondan 7-8 futbolçu saxlamışıq. Məşqçilərlə danışırıq. Hər biri artırıb. Bu gün komandamızda yaxşı rəqabət var. Abbas da o futbolçulardandır ki, oynadıqca özünə inamı artır. Bu futbolçular üçün Premyer Liqa klubunda məşq edib, hansısa dəqiqədə oyuna girmək böyük bir təkandır. Qarşıda əsas heyətdə də ola bilər. Bizdə hələ oynamayan futbolçular var. Bu gün oyunun axarına görə dəyişə bilmədim. Amma yaxşı formada olan futbolçular var, gələcəkdə dəyişikliklər olacaq. 


- Bir neçə gündən sonra milli komandanın heyəti açıqlanacaq. Ayxan Abbasov "Turan Tovuz"dan kimləri milliyə layiq görür?

- Çox inanıram ki, millinin məşqçiləri diqqət ediblər. Mənim fikrimcə Tərlan Əhmədli və Şəhriyar Əliyev milli komandaya layiq oyun sərgiləyirlər. Turan, Şakir kimi gənclərimiz var. İnanıram ki, onlar da milli komandanın qapısını döyəcəklər. 


- Xəyal Nəcəfov bəs?

- Onun mövqeyində millidə çox futbolçu var. Amma Xəyal ilk oyundan bu matça kimi çox artırıb. Ona inanıram. "Neftçi" böyük klubdur, orada az şans qazanır. Xəyal belə davam etsə, gələcəkdə milliyə layiq ola bilər. 


- I Divizionda mübarizə aparan əvəzedici komandanız 3 turdan sonra 9 xal toplayıb. Sanki sizin gəlişinizdən sonra "Turan Tovuz" bütövləşib. Bu haqda nə deyə bilərsiz?

- Bəli, əvəzedici komandamız yaxşı nəticələr qazanıb. Ümid edirik ki, davam edəcəklər. Əlbəttə bu, orada işləyən məşqçilərin əməyidir. "Turan Tovuz"la müqavilə imzalayanda müsahibəmdə demişdim ki, rəhbərlik yalnız əsas komandanı yox, akademiya, əvəzedici komanda ilə təməli şəkildə sıx əlaqəli iş istəyir. Bu gün bu, var. Burada sıx, mehriban kollektiv var. Məşqçilərə təşəkkür edirəm. Orada biz nəticə istəmirik. Amma çalışacağıq ki, əvəzedici heyətdə akademiyanın futbolçularına daha çox güc verək. Hər an oradan əsas komandaya futbolçular gələ bilər. Əsas komandadan da əvəzediciyə futbolçular gedir. Məsələn ötən oyunda Ayxan Quseynov orada 3 qol vurmuşdur.

 

Elçin Əlixan

Xəbər xətti