İspaniyadakı azərbaycanlı: "Deyirlər ki, beşinci liqa nədi? Halbuki, Azərbaycanda yetişən heç bir futbolçu İspaniyada oynamayıb" - MÜSAHİBƏ

13:50 - 10 Sentyabr 2022

İspaniyanın "Moralo" klubu ilə müqavilə imzalayan Nazim Məmmədzadə Sportal.az saytına müsahibə verib. 

Ötən mövsümü Şimali Makedoniyanın "Renova" klubunda keçirmiş azərbaycanlı futbolçu İspaniyadakı hədəflərindən söhbət açıb.

- "Moralo"ya keçidin necə alındı? Özləri səni tapmışdı, yoxsa təklif edilmişdin onlara?
-
Bəli, bu kluba təklif edildim. Burada sənəd məsələləri çox çətindi. Hazırki klubum isə sənədlərimi düzəltməyə razılıq verdi. Ona görə də gəldim bu kluba.

- Baxışda məşqçilər korpusunun etimadını necə qazana bildin? Onların etimadını qazanmaqda daha çox nə rol oynadı?
- Başqa klublarda baxışda oldum. Onlar isə sənədlərimi düzəldə bilmədilər. Dostum isə bu klubla danışıqlar apardı. Dediyim kimi, onlar razılıq verdi. Ona görə də bu klubla müqavilə imzalamağa gəldim.

- İspaniyada sayca 5-ci liqada oynayacaqsan. Stabil olaraq oynamaq imkanın yaranacaq? Legioner limit var?
-
Burada oynamaq çox maraqlı olacaq. Əlbəttə ki, çalışacam daha çox oynayım. Limit məsələsinə gəlincə, İspaniyada birinci və ikinci liqada limit var. Digər liqalarda isə legionerlərə limit yoxdu. Ona görə də hər hansı problem olmayacaq.

- Səhv etmirəmsə, bir neçə dil bilirsən. Portuqal, ispan dilini bildiyini demişdin əvvəllər. Bu mənada, sənin üçün dil baryerinin olmaması yaxşıdı?
-
Bəli, bəli ispan dilini əla bilirəm. Ona görə də dil baryerim olmayacaq. Mənim üçün daha rahat olacaq. 

- İspaniyada hədəflərin nədən ibarətdi? Beşinci liqadan başlamısansa, maksimum hansı liqaya qədər yüksələ bilərsən?
-
İspaniya beşinci liqasından yuxarı qalxmaq olar. Ancaq bu, elə də asan deyil. Lakin 5-ci liqadan yuxarı liqalara qalxan futbolçular da az olmayıb. Ən vacibi isə elə burada olmaqdı. Hamının gözünün qarşısındasan. Komandalar baxır, menecerlər görür, məşqçilər izləyir. Sadəcə olaraq, yerli olmayanda çox çətinlik yaranır. Yəni, burada legionerlərə çətindi. Ona görə də aşağı liqadan başlamaq lazımdı.

- "Renova"dan ayrılıdqdan sonra bir neçə klubumuzda baxışda olmuşdun. Ancaq müqavilə imzalayan olmamışdı. Bəyənilməməyin nə ilə əlaqədar idi?
-
Bəli, "Şamaxı"nın düşərgəsində oldum. Orada bir həftəlik baxış idi. Məşqçilərin dediyinə görə səviyyəm çatmırdı. Amma məncə, orada haqqıma girdilər. Yenə də onların verdiyi qərardı.

- İspaniya klubu sənin üçün hansı şəraiti yaradıb? Evlə təmin edilmisən? Verəcəkləri aylıq maaş özünü dolandırmağa yetir, yoxsa onlar da bizim Premyer Liqa klublarının ödəyi qədər ödəyir?
-
Bəli, ev veriblər, maaş da normaldı, dolanmaq üçün bəs edir. Mənim üçün bəsdi. Deyirlər ki, İspaniya 5-ci liqası nədi? Çox aşağı liqa olduğu deyilir. Halbuki, Azərbaycanda böyüyən, yetişən heç bir futbolçu demək olar ki, İspaniyada oynamayıb. Burada lap aşağı liqada da həm sənəd məsələsi, həm də oyun stilinə görə oynamaq çətindi. İspaniya beşinci liqası bizim birinci diviziondan üstündü. Burada üçüncü liqada oynayan futbolçu lider komandamıza keçirsə, indi səviyyəyə özünüz baxın. "Sabah"a üçüncü liqadan oyunçu keçib. Həmin oyunçu da hazırda lider komandanın əsas oyunçularından hesab edilir.

Mirbağırağa

 

Xəbər xətti