"Millimizə 36-37 yaşlı milliləşdirilmiş oyunçular dəvət edilirsə, demək ki, Azərbaycan futbolunda, futbolçularında böyük problem var" - MÜSAHİBƏ

21:28 - 10 Sentyabr 2022

Azərbaycan milli komandasının veteran forvardı, “Neftçi”, “Bakı”, “Turan”, “Kəpəz”də də çıxış etmiş Fərid Quliyev Sportal.az saytına müsahibə verib. Türkiyədə “Kahramanmaraşspor” və “Yozqatspor”da da oynamış Quliyev Azərbaycan futbolunun hazırki durumunu dəyərləndirib. 2009/2010 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri adını qazanmış Quliyev ölkə xaricindən futbolçularımıza maraq olmamasını da şərh edib:

- Çoxdandır ki, futbolda yoxsan. Hazırda nə işlə məşğul olursan? 
- AFFA-nın elit layihəsində məşqçi kimi işləyirəm. Dörd aya yaxındır ki, burdayam. Təbii ki, məqsədim məşqçi kimi fəaliyyət göstərməkdi. Davam edir də, görək necə olacaq. Kateqoriya dərslərində, imtahanlarında iştirak edirdim. İş təklifi də yox idi deyə, görünmürdüm. Gözləmə mövqeyini tutmuşdum. AFFA rəhbərliyi sağolsun, iş təklifi etdi, indi də buradayam.

- Futbolçu karyeranı səssiz-səmirsiz başa vurdun. Təklif olmadı deyə, bu addımı atdın?
- Son dəfə "Yozqatspor"daydım. Müqaviləm başa çatsa da, orada qala bilərdim. Amma bəzi səbəblərə görə vətənə qayıtdım. Burada isə ürəyim istəyən təkliflər olmadı. Ona görə də qərar aldım ki, karyeramı yaxşı notlarla başa vurum. Yoxsa, Azərbaycanda təkliflərim oldu. Mən istəyən yerdən təklif olmadı, olan yerə də mən getmək istəmədim. 

- Azərbaycan futbolunun hazırki səviyyəsini necə şərh edərdin? O vaxtki milli və indiki milli. Fərq necədi?
- Bu haqda təkcə mən demirəm. Çox adam razılaşar ki, səviyyə fərqi çox böyükdü. Mənim vaxtımda millidə hər mövqedə güclü rəqabət var idi. Öz çempionatımızda, öz səviyyəmizə görə rəqabət yaranmışdı. Hər mövqədə 3-4 futbolçu yer alırdı. Həmin futbolçular da öz klublarında əsas rolları oynayırdı. İndi isə Azərbaycan millisinə düşməkdən danışmaq bir yana, heç milliyə oyunçu tapmaq olmur. 

Mən oynadığım dövrlə indiki çox fərqlidi. Milliyə gəlincə, problem nə məşqçidədir, nə də federasiyada. Əsas məsələ Azərbaycan futbolunun kökündədi, hardasa düzgün iş getmir. O da uşaq futboluna gəlib çıxır. Futbolçu yetişmir ki, millinin durumu da belədir. Millimizə 36-37 yaşlı milliləşdirilmiş oyunçular dəvət edilirsə, demək ki, Azərbaycan futbolunda, futbolçularında böyük problem var. Bu, 1-2 günün işi deyil. Uzun zaman lazımdı. Hər şeyə yenidən baxılmalıdı. O vaxtki milli və indiki millinin müqayisəsi barədə təkcə mənim nəsə deməyim düzgün çıxmaz. Ancaq heyətə baxanda artıq səviyyə fərqi açıq-aşkar ortaya çıxır. Çox adam Berti Foqtsu düzgün analiz etməsə də, o, Azərbaycan futboluna inanın ki, çox şey verdi. Azarkeş olaraq, düşünmək olar ki, Berti Foqts gəldi, burada pullar qazandı. Ancaq futbolu dəqiq bilən adamlar başa düşər ki, o, adicə futbolçunun özünü millidə necə hiss etməli olduğunu da başa salırdı. O, bizə çox şey verdi. 

 

- Klublarımızdan yalnız "Qarabağ" avrokuboklarda daim iştirak edir. Səncə, nəyə görə digərləri bunu təkrar edə bilmir?
- Səbəb odur ki, “Qarabağ” çox təcrübəli komandadı, işləri göz önündədi. Qurban Qurbanov illərdir ki, komandanın baş məşqçisidi. Futbolçular da nəyin-necə olduğunu yaxşı bilir. Digər klublarda isə stabillik yoxdu. Hər mövsüm prezident, baş məşqçi, oyunçu dəyişir. Digər tərəfdən isə təcrübəsizlik də burada öz sözünü deyir. Məsələn, bu il “Neftçi”nin avrokuboklarda qruplara vəsiqə qazanmaq ehtimalı var idi. Sadəcə olaraq, onlarda xırda, nəsə çatışmadı. Bu da təcrübə idi.

- Avrokuboklarda yeganə təmsilmiz "Qarabağ"ın "Frayburq"la oyunu haqda fikrin necədi? Səncə, Almaniyada nümayiş etdirilən futbolla "Qarabağ" qrupdan çıxmaq üçün mübarizə apara biləcək? 
- Həqiqətən də "Qarabağ" yaxşı oynadı və iki komanda arasında fərq görünmədi. Oyuna baxanda demək olmazdı ki, "Qarabağ" uduzacaq. Digər tərəfdən də, "Frayburq" iki erkən qol vurdu və sanki işini həll etdiyindən gücünü bölməyə məcbur idi. Çünki onlar Almaniya Bundesliqasında çıxış edir. "Frayburq" üçün çempionat matçları avrokubokdan daha vacibdi. Bu mənada, bir az güclərini "ekonom rejim"də bölüşdürdülər. “Qarabağ” bundan istifadə edə bilərdi. Məncə, təmsilçimiz qrupda xallar toplayacaq. Hətta qrupdan çıxmaq şansları da var. "Qarabağ"ın hər il bu cür nəticə göstərməsinə və avrokuboklarda qruplara vəsiqə qazanmasına görə adam fəxr edir, qürurulanır. Onlar böyük işlər görürlər. Sadəcə olaraq, bir şeyi anlamıram. Komanda qruplara düşürsə, niyə güclü transferlər etmirlər? Hər halda, klub Azərbaycan Premyer Liqasına görə deyil, avrokuboklardakı iştirakına görə, oyunçular dəvət olunmalıdı. Bir az pul xərcləmək lazımdı. Bunu edəndə, artıqlaması ilə qazanmaq da mümkündü.

- Azərbaycan Premyer Liqasında komanda sayı 10-a çatdırıldı. Çempionatın səviyyəsi necə görünür? 
- Bilirsiz, mən çempionatın səviyyəsini komandaların sayı ilə əlaqələndirmirəm.  Bəli, hazırda liqada 10 klub iştirak edir. Lap istəyir 14 komanda olsun, səviyyə belə yüksəlmir ki. Çempionatın səviyyəsi futbolçulara görə artır. Həm yerli, həm də legionerləri nəzərdə tuturam. Yerli futbolçu sarıdan problemlərimiz var. Amma legionerlər də güclü deyil. Oynadığım dövrü indiki ilə müqayisə etsəm, deyə bilərəm ki, legionerlər arasında fərq çox böyükdü. İndiki legionerlər əvvəlkilərdən qat-qat zəifdi. Onlar azca səviyyəli olsalar, yerlilər də artırar. Gələn futbolçuların səviyyəsi çox aşağaıdı deyə, yerlilər də yerində sayır.

- Özün də Türkiyədə legioner həyatı yaşamışdın. Hazırda ölkə xaricində azsaylı futbolçularımızdan olan Mahir Emrelinin "Dinamo"dakı çıxışını necə dəyərləndirirsən? Son vaxtlar Xviça Kvaratsxeliya ilə müqayisə edilir...
- Əsas səbəb çempionatımızın zəif olmasıdı. Yerli futbolçular burada “bişmir”, artım yoxdu. Artım olsa belə, kənardan izləyənlər olmur, maraq göstərmirlər. Xarici klublarda işləyənlər fikirləşir ki, Azərbaycan çempionatın səviyyəsi çox aşağıdı. Ona görə də futbolçularımızın buradan harasa getməsi çox qəliz məsələdi. Ya avrokuboklarda, ya da millinin oyunlarında özlərini göstərməlidilər ki, diqqət çəkə bilsinlər. Mahirin Kvaratsxeliya ilə müqayisə isə yanlışdı. Son həftələrdə Avropada özündən deyən üç futbolçu varsa, biri Xviçadı. Dünyada əla formada olanlardandı. Belə davam edərsə, daha böyük komandaların diqqət mərkəzinə düşəcək. Mahirə gəlincə, o da Avropada oynayır. Amma onları müqayisə etmək düzgün deyil.
 


​Mirbağırağa

Xəbər xətti