Azərbaycanlı futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına açıqlama verib.
Kərimov Premyer Liqanın 6-cı turunun "Qarabağ" - "Sabah" (4:3) görüşü barədə danışıb. O, turun mərkəzi görüşü haqda bunları deyib:
"Azarkeşlər üçün maraqlı oyun alındı. Matçın "Qarabağ" üçün çətin keçəcəyini gözləmək olardı. Çünki onlar ağır "Frayburq" səfərindən qayıtmışdı. Həm də heyətlə bağlı işləri çətin idi. Zədəlilər də oldu. "Qarabağ" liqanın ən güclü komandalarından birinə qarşı oynayırdı. "Sabah" bu mövsüm uduzmamışdı. Öncədən də bilinirdi ki, "Qarabağ"ın bu heyətlə çıxış etməsi özləri üçün çətinlik yarada bilər. Düzdü, ilk yarıda qol vurdular. Amma sonradan müdafiədə böyük səhvlərə yol verdilər, boşluqlar yarandı. "Sabah" da bu boşluqlardan yetərincə istifadə etdi. Çünki bu komandanın da heyətində keyfiyyətli oyunçular var ki, səhvlərdən yararlansın. "Qarabağ" üç mərkəz müdafiəçisini itirmişdi. Kevin Medina, Rahil Məmmədov və Maksim Medvedevin olmaması komandaya təsir etdi. Qurban Qurbanov Bəhlul Mustafazadəni fasilədə dəyişməyə məcbur idi. Çünki ardıcıl oyunları əvəzedilmədən çıxış edir. Zədələnə bilərdi. "Qarabağ"ın ilk yarıda meydanda əsas heyətinin olmaması "Sabah" üçün əlverişli şərait yaratmışdı. Ancaq Abdullah Zubir və Kadi Borges meydana daxil olduqdan sonra çətinlik yaratdılar. "Qarabağ"ın say üstün ola-ola hesabda məğlub duruma düşməsi isə bir az sual doğurur. Ola bilər ki, rəqibin meydanda azlıqda qalması "Qarabağ" futbolçularını motivasiyadan saldı, rahatlaşdırdı. Məncə, "Sabah"ın göstərdiyi oyun üslubu və xarakteri "Qarabağ" üçün gözlənilməz idi. Murad Musayevin komandası meydanda azlıqda olsa da, "Qarabağ"ın cüzi səhvlərindən qol vururdu. Lakin meydanda azlıqda qalan "Sabah" Abdullah Zubir və Kadi Borgesin meydana daxil olmasından sonra təzyiqə tab gətirə bilmədi".
"Qarabağ"ın veteran kapitanı baş hakim İnqilab Məmmədovun idarəçiliyini də şərh edib. Onun fikrincə, "Qarabağ"ın ikinci penaltisindən öncə və "Sabah"ın vurduğu, ancaq qeydə alınmayan sonuncu qolu zamanı hakimlər doğru qərar qəbul etməyib:
"Penaltiyə gəlincə, hakim israrlı idi qərarında və VAR-a baxmadan qərarını verdi. Heç ehtiyac da yox idi buna. Çünki hakim haqlı idi, kənardan belə, qayda pozuntusu olduğu görünürdü. Yəni, mübahisə məsələsi deyildi. Əsas məsələ autla bağlıdı. Sanki orada ədalətsizlik olub. Bəzən topun hansı futbolçudan çıxdığı görünmür. Amma burada açıq-aşkar görünür ki, top "Qarabağ" futbolçusundan kənara çıxır. Əgər yanlış bilmirəmsə, qol olursa, qola qədər olan bütün epizodları VAR-da incələyirlər. Amma penalti təyin edilirsə, necə olur, onu bilmirəm. Hər halda topun "Qarabağ" futbolçusundan çıxdığı dəqiq görünür. Bu, ədalətsizlikdi. VAR hakimi burada topun ev sahiblərinin oyunçusundan kənara çıxdığı, aut atışını "Sabah" futbolçularının yerinə yetirməli olduğunu bildirməliydi.
"Sabah"ın futbolçularını da başa düşmək olar. Hətta sonda da qol vurdular. O qol da mübahisəyə açıqdı. Düzdü, xətti çəkib göstərdilər. Həmin xətti kim çəkir ki? Topun ayaqdan çıxdığı anı çəkirlər, yoxsa gecikdirirlər? Hamısı saniyə içində olan məsələlərdi. VAR xətti çəkib göstərdisə, o demək deyil ki, orada ofsayd var, ya yox idi. Məncə, "Sabah"ın dördüncü qolu zamanı forvardları ofsaydda deyildi. Amma yanıla da bilərəm".
Mirbağırağa
saytlarin hazirlanmasi