"Zirə"nin hücumçusu: "Yurgen Kloppun köməkçisi ilə danışırıq, mənə məsləhətlərini verir" - MÜSAHİBƏ

14:37 - 12 Sentyabr 2022

"Zirə"nin legioneri Toni Qomeş Sportal.az saytına müsahibə verib. "Liverpul"un yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi Azərbaycandakı hədəflərindən söz açıb.

- Son turda "Səbail"lə qarşılaşdınız və 2:1 qalib gəldiniz. Matç necə alındı?
- Çox yaxşı oyun alındı. Çünki səfərdə qalib gəlmək həmişə çətindi. Amma biz üç xala görə mübarizə apardıq. Son dəqiqələrə kimi oynadıq. Qələbəyə layiq idik.

- Artıq bir müddətdir ki, Azərbaycandasan. Bakıda yaşamağa öyrəşmisən? 
-
İlk dəfədir ki, Bakıdayam. Çox gözəl ölkəyə gəlmişəm. Burada insanlar çox mehribandı, sakitdir. Özü də Azərbaycan və Türkiyə mədəniyyəti bir-birinə çox bənzəyir. Mətbəxiniz də oxşardı. 

- Azərbaycan Premyer Liqasının səviyyəsi gözlədiyin kimi çıxdı, yoxsa daha güclü çempionat olacağını ehtimal edirdin?
- Azərbaycan Premyer Liqasının səviyyəsi yaxşıdı. Mənə dediklərinə görə, hər mövsüm daha da yaxşılaşır. Düzünü deyim, bu cür səviyyəni gözləmirdim. Çünki çempionatın səviyyəsinin aşağı olacağını ehtimal edirdim. Ancaq gördüklərim məni təəccübləndirdi. Avrokuboklar uğrunda rəqabət çox güclüdü.

- Maraqlıdır, Azərbaycana, “Zirə”yə gəlişin necə alındı? "Tuzlaspor"la müqavilə bağlamışdın. Amma oradan ayrılıb "Zirə"yə keçdin. Burada əsas rolu nə və yaxud da kim oynadı?
- "
Zirə"yə gəlməyimin səbəblərindən biri klubun hədəfləridi. Onlar böyük nailiyyətlər əldə etmək üçün mübarizə aparırlar. Əsas səbəb isə "Zirə"nin baş məşqçisinin burada olmağımı istəməsidir. Baş məşqçinin oyunçunu istəməsi həmişə fərqlidir, ona görə də bu komandaya keçmək qərarı verdim. 

- "Zirə"nini nəyə qadir olduğunu artıq görmüsən. Səncə, komanda bu mövsüm hansı uğurları qazana bilər?
-
Çempionat yeni başlayıb. Qalib gəlmək həmişə vacibdi. Liqada istənilən komandanı məğlub edə bilərik. Avrokuboklara yollanmaq isə əsas məqsədimizdi. Ümidvaram ki, bunu həyata keçirə biləcəyik.

- Növbəti turda "Zirə"nin rəqibi "Qarabağ"dı. Onlar hər zaman çempionatın favoriti sayılır. Ümumiyyətlə, "Qarabağ" haqda nə düşünürsən? Onları məğlub edə bilərsiniz?
- Onların dünənki oyununa baxdım. "Qarabağ" çox yaxşı komandadı. Amma onları məğlub edə biləcəyimizi düşünürəm. Çünki əla komandamız var. Dediyim kimi, biz liqada istənilən komandaya qalib gələ bilərik.

- "Qarabağ" "Zirə" ilə oyundan əvvəl Avropa Liqasında "Nant"la qarşılaşacaq. Bu, sizin üçün üstünlükdü? Hər halda "Nant"la oyundan sonra "Qarabağ" yorğun ola bilər.
Dediyiniz kimi, bizim üçün yaxşı sayıla bilər. Bəlkə də üstünlükdü. Amma mən özüm belə hesab etmirəm. Onlar tez-tez oynamaq, həm liqada, həm də avrokuboklarda çıxış etmək təcrübəsinə sahib təcrübəli komandadır. Biz sadəcə öz oyunumuza konsentrasiya olmalıyıq ki, qalib gələ bilək.

- "Liverpul"un yetirməsisən. Yəqin ki, bu komandada indi yer alanlardan kiminləsə əlaqən qalıb? Onlar bilirlər ki, Azərbaycanda oynayırsan?
Bəli, "Liverpul" mənim ikinci evim kimidi. Yurgen Kloppun ikinci köməkçisi Pep Linderlə əlaqə saxlayıram. O, mənə məsləhətlər verir. Onunla danışırıq, müzakirələr aparırıq. Trent Aleksandr-Arnoldla da əlaqə saxlayıram, söhbət edirik, yazşırıq. Yəni, "Liverpul"da yer alan insanlarla indi də münasibətdəyəm.

Mirbağırağa

 

Xəbər xətti