"Kəpəz" rəsmisi: "Belə davranışlar Gəncə azarkeşlərinə yaraşmaz"

17:12 - 12 Sentyabr 2022

"Kəpəz" Azərbaycan Premyer Liqasının 6-cı turunun oyununda səfərdə "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qərb derbisi zamanı qonaq komandanın azarkeşləri Tovuz Şəhər Stadionunda ziyan vurub. Belə ki, gəncəli fanatlar stadionun oturacaqlarının bəzilərini qırıblar.

 

Məsələ ilə bağlı Gəncə klubunun azarkeşlərlə iş üzrə nümayəndəsi Elmar Əliyevlə əlaqə saxladıq. Klub rəsmisi fanatların bu davranışının xoş olmadığını deyib:

 

"Gəncə azarkeşləri hər zaman davranışları ilə seçilən olublar. Sadəcə olaraq məğlub olmağı həzm edə bilmirlər. "Kəpəz"in "Neftçi" və "Turan Tovuz"la matçları derbi adlanır. Ona görə də bu komandalar arasında həmişə maraqlı oyun keçir. Demək olmaz ki, azarkeşlərin hamısı o addımı atıb. Mən azarkeşlərimizi səbrli olmağa çağırıram. Çünki, bu davranışlar kluba dəyən zərbədir. İstəmərəm ki, azarkeşlərimizə görə kluba cərimə tətbiq olunsun, cəza verilsin.

 

Biz hər zaman "Kəpəz" azarkeşlərinin yanındayıq. Çünki, onlar qarda, yağışda komandanı dəstəkləyiblər. İstəyirəm ki, hər zaman da belə olsunlar. "Kəpəz" azarkeşləri Azərbaycanda bir nömrədir. Onlara minnətdarıq. Sadəcə olaraq belə şeylər yolverilməzdir. Görülən işlər hamısı Gəncədə yaxşı komandanın olması üçündür. "Kəpəz"in uğuru üçün hamımız əl-ələ verməliyik. Belə davranışlar Gəncə azarkeşlərinə yaraşmaz. Təbii ki, bu, hamıya şamil olunmur. 2-3 azarkeş əsəbi olub, məğlubiyyəti həzm edə bilməyib. "Kəpəz"i sevən azarkeş bu addımı atmaz, sonadək komandanı dəstəkləyər. Təxribat edənlər "Kəpəz"i sevməyənlərdir.  İnanıram ki, fanatlarımız qarşıdakı oyunlarda bu cür addımlar atmayacaq. Səbrli olmaq lazımdır. Hər şey yaxşı olacaq".

Xəbər xətti