"Tovuzdakı insanlar qədər futbolu sevən azarkeş görməmişdim" - MÜSAHİBƏ

14:19 - 14 Sentyabr 2022

Müqavilə ilə "Sabah"a məxsus olan, "Turan Tovuz"da icarə əsasında oynayan Şakir Seyidov Sportal.az saytına müsahibə verib. Yarımmüdafiəçi Tovuz klubunun bu mövsümkü çıxışını dəyərləndirib.

- Son turda "Kəpəz"ə qalib gəlməyi bacardınız. Komanda üçün çox önəmli qalibiyyət oldu?
- Şükürlər olsun ki, qalib gəldik. Ayxan Abbasovun tapşırıqlarını yerinə yetirməyə çalışdıq. İstədiyimiz üç xalı "Kəpəz"dən ala bildik. Bizi dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm.

- Əslində, debütant komandanın belə uğurlu çıxış edəcəyini gözləyənlər çox deyildi. Sizi mövsümün sürprizi saymaq olar?
"Turan Tovuz" 9 ildən sonra Premyer Liqaya qayıdıb. Bu cür çıxış edəcəyimizi bəlkə də, kimsə gözləmirdi. Ancaq biz hər oyuna qələbə qazanmaq və meydanda baş məşqçinin tapşırıqlarını yetirməyə çıxırıq. Allah qoysa, gələcək matçlarda da istədiyimizi əldə edərik.

- Komandanın aparıcı üzvlərindən birinə çevrilə bilmisən. Görünən odur ki, adaptasiya hamı üçün tez keçib?
- Bəli, adaptasiya olmaq baxımından heç kim çətinlik çəkmədi. Çünki burada həqiqətən də bir ailə kimiyik. Ona görə də uyğunlaşmaq problemi olmayıb.

- Hazırda komanda dördüncü pillədədi. İstədiyiniz nəticə budur?
- Bayaq dediyim kimi, hər oyuna qələbə və xallar qazanmaq üçün çıxırıq. Hansı pillədə olmağımız mövsümün sonunda bilinəcək. Ümid edirəm ki, mövsümün sonunda da istədiyimiz yerdə olarıq.

- Tovuzda günlər necə keçir? Bəzən legionerlər Bakıdan kənarda yaşamaqdan gileylənir...
-
Bura çox gözəldi. Tovuzdakı insanlar qədər futbolu sevən azarkeş görməmişdim. Bu, səmimi fikirlərimdi. Legionerlərin isə gileyləndiyini deməzdim. Çünki boş vaxtlarımızda hamımız yığışıb bir yerdə otururuq. Heç kimin darıxmaq üçün vaxtı qalmır. Hər şey də gözəldi.

- Növbəti turda rəqibiniz "Sabah" olacaq. Öz komandana qarşı oynamaq sənin üçün maraqlı və vacibdi?
- Bizim üçün hər oyun vacibdi. "Sabah"la oyunda da əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar.

Mirbağırağa

 

Xəbər xətti