“Qarabağ”ın veteran futbolçusu Rəşad Kərimov Sportal.az saytına müsahibə verib. 2010/2011 mövsümündə Ağdam klubunun formasını geyinmiş Kərimov bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Nant”la qarşılşacaq təmsilçimiz barədə danışıb.
- “Qarabağ” bu gün “Nant”la oynayacaq. Necə düşünürsünüz, təmsilçimiz bu oyunda qalib gələ bilər?
- Əlbəttə ki, mümkündü. Əslində, “Qarabağ”ın “Frayburq” və “Nant”la müqayisədə avrokubok təcrübəsi çoxdu. Təmsilçimiz 2010-cu ildən UEFA yarışlarında iştirak edir. Ona görə də 100 faiz bu komandalarla mübarizə apara bilər. Hətta “Nant”I Bakıda məğlub etmək də mümkündü. Əsas odur ki, “Qarabağ” ilk dəqiqələrdən rəqibinə təzyiq etsin. Necə ki, əvvəlki oyunlarda bunu edirdi. “Qarabağ” ev komandasıdı və azarkeş dəstəyi də olacaq.
- Bu matçda əsas rolu nə oynaya bilər?
- Təkbətək mübarizələr bu oyunda önəmli olacaq. Abdulla Zubir və Kadi Borgesin performansından çox şey asılıdı. Onların oyunu alınarsa, daha yaxşı ola bilər. Yəni, bu iki futbolçu öz oyunu komandaya böyük təsir edə bilər. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.
- İbrahim Vadjinin gedişindən sonra hücumun sivri ucunda kimin oynayacağı böyük suallar ortaya çıxarmışdı. “Frayburq”la matçda bu vəzifə Kvabene Ovusunun üzərinə düşmüşdü. Vadjinin yoxluğu hiss edilir?
- Əslində, “Qarabağ” İbrahima Vadjinin gedişindən sonra hücumçu transfer etməliydi. Çünki Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqlarına görə pul qazanmışdılar. Hətta İbrahima Vadjinin “Sent-Etyen”ə transferindən də gəlir gəlmişdi. Yəni, əgər Vadjinin satılacağı planda var idisə, artıq başqa hücumçu ilə tez-tez əlaqə saxlanılmalıydı.
- “Nant”la matçda Ovusu, yoxsa Ramil Şeydayev hücum sivri ucunda oynamalıdı?
- Ovusu ilə nəsə etmək çətindi. Çünki o, Vadjinin gördüyü işləri görə bilməz. O, çox hərəkət edirdi, boş zonalar tapırdı, ora qaçırdı, ötürmələr verilirdi, rəqib müdafiəni yorurdu. Ovusuda isə həmin perspektiv yoxdu. Həqiqətən Vadji hücumda çox iş görürdü. Bir az çətinliklər olacaq. yopxdu. İnanmıram ki, Ramil Şeydayev tək hücumçu kimi oynasın. Hər halda Kvabene Ovusu yenə də irəlidə əsas forvard kimi oynayacaq.
- Cəbhə xəttində son günlərdə baş verənlər “Qarabağ”a necə təsir edəcək? Hər halda, legionerlərə yerlilər qədər təsir etməz?
- Onlar legioner olsa da, axı burada yaşayırlar. İstər-istəməz kimlərlə dostluq etdiyimizi, kimlə düşmən olduğumuzu bilirlər. Mən də “Qarabağ”da oyanmışam deyə, məsələnin necə olduğunu bilirəm. Məsələn, televizora baxırdıq, erməni məsələsini eşidən kimi sərt reaksiya verirdik, əsəbiləşirdik. Legionerlər də soruşurdu ki, niyə belə edirsiz, nə olub? Biz də onlara ermənilərin düşmənimiz olduğunu başa salırdıq. Onsuzda, “Qarabağ”a gələn legionerə əvvəlcədən klubun adının mənası başa salınır, hansı komandada oynayacağı haqda danışılır. “Qarabağ”da indiki ab-havanın necə olduğunu təsəvvür edirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Rəqibimiz də Fransa təmsilçimizdi. “Qarabağ”ın bu gün “Nant”a ən azından 1:0 qalib gəlməsini dəhşətli dərəcədə çox istəyirəm. Bərabərlik qeydə alınmasın, qələbə bizim olsun.
- Ümumiyyətlə, “Qarabağ”ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?
- Qrupdan çıxmaq mümkündü. Hər oyunda bir xal belə, dərman kimidi. İlk ev oyunumuzu “Nant”a qarşı keçirəcəyik. Mütləq üç xal əldə edilməlidi. Hər şey “Qarabağ”ın özündən asılıdı. Onlar öz futbolunu oynaya bilərsə, hər şey daha yaxşı olacaq. “Qarabağ” özü rəqibin üzərinə getməlidi. Belə edəcəyini də düşünürəm.
Mirbağırağa