"Qarabağ"ın ifasında gördüyümüz xırda ötürmələr, tez-tez cinah dəyişmələri "Nant"ı yerindən oynatdı"

12:18 - 16 Sentyabr 2022

Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına açıqlama verib. O, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Nant"I evdə 3:0 məğlub edən "Qarabağ" haqda danışıb. Qurbanovun fikrincə, "Qarabağ" bütün komponentlərdə rəqibini üstələyə bilib:

"Dünən özüm də stadiondaydım, "Qarabağ"ın oyununu canlı izləmək şansım oldu. Qrupdakı ilk oyununu da "Qarabağ" yaxşı oynamışdı. Almaniyada "Frayburq" ilk dəqiqələrdən böyük təzyiq göstərmişdi. Təyin edilmiş penalti də komandaya psixoloji təsirini göstərmişdi. Halbuki, "Qarabağ" Almaniyada da sonradan oyununu düzəltmişdi, yaxşı oynayırdı. "Frayburq" səfərində dominant oynayırdı. "Qarabağ" səfərdə ən azından bir xala layiq idi. "Nant" da 100 faiz həmin oyunu izləyib və analiz etmişdi. Onların da istəyi ilk dəqiqələrdən "Qarabağ"ın üzərində basqı yaratmaq idi. Bunu da etdilər. Allah şəhidlərimizə rəhmət etsin, hamımızın başı sağol olsun, ağır günlərdən keçirik. Allah əsgərlərimizə güc, qüvvət versin. Son hadisələrdən sonra futbolçuları bu oyuna köklənmək daha da çətindi. "Qarabağ" bu oyunda da sonradan toparlandı və hər komponentdə "Nant" üzərində üstünlük yaratdı. "Nant" böyük sürət nümayiş etdirirdi. Açığı, gözləyirdim ki, görəsən nə qədər belə davam edəcəklər? Fransa çempionatında oynasan belə, ilk dəqiqələrdən belə yüksək tempdə oyun nümayiş etdirmək futbolçuları yorur. Bu da baş verdi. Bəzi sürətli futbolçuları bunu davam etdirə bilmədi. Şükürlər olsun ki, təzyiq vaxtı qapımızda qol görmədik. Futbolçularımız da özünə gəldi və rəqibi öz müdafiəsinə oturtdular. "Qarabağ"ın ifasında gördüyümüz xırda ötürmələr, tez-tez cinah dəyişmələri "Nant"ı yerindən oynatdı".

Sənan Qurbanovun sözlərinə görə, "Nant" ikinci yarıda yalnız əks-hücuma belə bağlamalı olmuşdu: "Onlar sırf əks-hücuma bel bağladılar. Amma müdafiəçilərimiz çox yaxşı futbol oynadı. "Qarabağ" hücumda olarkən, top itirən zaman onu yenidən almaq cəhdi çox yaxşı alındı. "Qarabağ" hər komponentdə "Nant"ı üstələdi. Fransa klubunun heyətində hündürboylu futbolçular çox olsa da, hamısının öhdəsindən gəldilər. Bu, parlaq qələbədi, "Qarabağ"a alqış düşür. Belə həssas dönəmdə bu qələbəni qazanıb, az da olsa, xalqımızı sevindirmək çox vacib idi. "Qarabağ" da bunu etdi".

42 yaşlı məşqçinin fikrincə, təmsilçimizin rəqib üzərindəki qələbəsində avrokuboklar təcrübəsi də önəmli rol oynayıb: "Qarabağ" Premyer Liqada da dominantlıq edir. Amma başa düşürük ki, rəqib Fransa Liqa 1-də oynayır və onlar hər həftə avrokubok səviyyəsində oyunlara çıxırlar. Buna baxmayaraq, "Qarabağ" öz təcrübəsindən istifadə edir. Komandamızın ardıcıl 9 il qruplarda iştirak etməsi, belə oyunlarda "Qarabağ"a əməlli-başlı kömək oldu. Deyərdim ki, futbolçular təzyiqin altından çıxa bilirlər. Bu, çox vacibdi, təcrübədən irəli gələn məsələdi. "Qarabağ" futbolçuları başa düşür ki, rəqibin heyətində sürətli futbolçular var, ancaq işin öhdəsindən gəlirlər".

O, sonda "Qarabağ"ın qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Nant" üzərindəki parlaq qələbədən sonra hamıda ümid yaranıb ki, "Qarabağ" qruoda ikinci ola bilər. Çünki "Olimpiakos"la iki oyunumuz var, "Frayburq"la evdə, "Nant"la səfərdə oyunlar var. Xallar almaq olar. Ümid edirik ki, "Qarabağ" ikinci olaraq çıxacaq. Dünənki parlaq qələbə göstərdi ki, "Qarabağ" qrupdan çıxmağa layiq komandadı".  

Mirbağırağa
 

Xəbər xətti