"Qarabağ" sağlam insanlardan formalaşdığı üçün həssas məqamlarda da qələbə qazanmağı bacarırlar" - MÜSAHİBƏ

14:21 - 16 Sentyabr 2022

Azərbaycanlı futbol məşqçisi, vaxtı ilə "Qarabağ"da oynamış veteran futbolçu Aftandil Hacıyev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Avropa Liqasındakı "Nant" üzərində qələbəsini şərh edərək, təmsilçimizin qrupdan çıxmaq şanslarını da dəyərləndirib.

- "Qarabağ" "Nant"la matçda qələbə qazanmağı bacardı. Hesab çoxları üçün gözlənilməz idi. Sizin üçün necə?
- Oyundan əvvəl baş verən olayların komandaya təsir olduğu ilk dəqiqələrdən hiss edilirdi. Komandadakı həyəcanı, məsuliyyəti meydandakı oyunla sezmək mümkün idi. Şükürlər olsunki, “Nant”ın ilk yarıdakı təhlükəli epizodları qolla nəticələnmədi. Ondan sonra “Qarabağ” oyunu ələ aldı. "Nant"a qarşı görüş “Qarabağ”ın ən yüksək səviyyədə keçirdiyi oyunlardan oldu. Kollektivdəki istək yüksək idi, onlar maksimum dərəcədə diqqətli oynayırdılar, nəticə də əla alındı. Təbii ki, bu cür hesabın olacağını heç birimiz gözləmirdik. Əvvəlcədən “Qarabağ”ın 3:0 qalib gələcəyini demək çətin olardı. Çünki qarşıdakı rəqib Fransa Liqa 1-in adlı-sanlı komandasıydı. Ancaq “Qarabağ”ın oyuna yaxşı hazırlaşıb, yaxşı köklənməsi göründü. Onlar rəqibini hərtərəfli üstələdi.

- Erməni təxribatı nəticəsində 71 hərbçimiz şəhid olmuşdu. Bu məqam “Qarabağ” futbolçularının işini ikiqat məsuliyyətli edirdi...
- Gərginlik hiss olunurdu. Bu isə oyunun məsuliyyətindən irəli gəlirdi. Onlarda uduzmamaq istəyi var idi. Dünənki matç digər oyunlardan fərqlənirdi. Allah şəhidlərimizə rəhmət etsin. Bu cür həssas məqamda “Qarabağ”ın xalqımıza təbəssüm bəxş etməsi qismən də olsa, hər birimizə təskinlik verir. Amma əlbəttə ki, baş verən hadisələr bizə imkan vermir ki, futbola tam olaraq köklənək.

- 44 günlük Vətən müharibəsinin getdiyi məqamda “Qarabağ” “Legiya”ya səfərdə 3:0 qalib gəlmişdi. Dünən isə 71 şəhid verdiyimiz günlərdə gələn qələbə. Sizcə, “Qarabağ” ən çətin dönəmdə belə, necə bu sınaqlardan üzüağ çıxa bilir?
- “Qarabağ”ın özü, adı, heyəti, sağlam insanlardan formalaşdığı üçün bu cür həssas məqamları da düzgün dərk edib, belə oyunlarda da qələbə qazanmağı bacarırlar. Orada sağlam heyət var, bura futbolçular və məşqçilər də aiddi. “Legiya” oyununu xatırlayırıq. O da həssas dönəmdəydi. Hər komanda bu cür oyunlarda belə nailiyyət əldə edə bilməz. Ancaq “Qarabağ”ın daxilində olan ab-havaya bələd olduğum üçün deyə bilirəm ki, onlar belə qələbəyə layiqdi.

- “Qarabağ”ın qarşıda ardıcıl iki matçı “Olimpiakos"a qarşıdı. Ağdam klubunun qrupdan çıxmaq şansları üçün həlledici oyunlar olacaq?
- "Nant"la görüşdəki üç xal "Qarabağ"ın iddialı olduğunu ortaya qoydu. “Olimpiakos”la oyunlar qrupdakı məsələyə böyük ölçüdə aydınlıq gətirə bilər. Çünki qrupda hazırda xal toplamayan yeganə komanda “Olimpiakos”du. Ən əlverişlisi də, elə onlarla oyunlarda xal qazanmaqdı. Həm “Frayburq”, həm də “Nant”la ağır oyunlar da qalıb. Ancaq “Olimpiakos”la qarşıdakı iki matç “Qarabağ”ın qrupdan çıxması üçün fürsətdi. Allah qoysa, bunu edərlər. 

Mirbağırağa

 

Xəbər xətti