"Turan Tovuz"un təcrübəli futbolçusu Tərlan Quliyev Sportal.az saytına müsahibə verib. Qərb təmsilçisinin müdafiəçisi Premyer Liqanın 7-ci turunun “Sabah”la (1:3) görüşü haqda fikirlərini bildirib.
- “Turan Tovuz” “Sabah”la matçda məğlub oldu. Məğlubiyyətə əsas səbəb nə idi?
- Öncə Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Yaralılarımıza da Allah şəfa versin. "Sabah"la oyuna gəldikdə, onların gücünü bilirdik. Ona görə oyuna da ciddi hazırlaşmışdıq. Sadəcə erkən qol buraxdıq. Məğlubiyyətimizin dərin səbəbi yoxdu deyə, deyim ki, məhz buna görə uduzduq. Futboldu da, hamının səhvləri olur. Xırda səhvlərə yol verdik və uduzduq.
- “Sabah”a məğlubiyyət “Turan Tovuz”un uğurlu gedişinə də son qoydu. Səncə, komanda bu məğlubiyyətin təsirindən çıxa biləcək?
- Fərqi yoxdu, rəhbərlik, məşqçi, oyunçu, işçi, əsl kollektivimiz var. İnanmıram ki, məğlubiyyətin təsiri altında qalaq. Çünki biz hər oyuna vuruşmağa çıxırıq. Udmaq da olar, uduzmaq da. Komanda 9 ildən sonra əsas liqaya çıxıbsa, heç nəyin təsiri altında qala bilməz.
- Dünənki rəqibiniz barədə fikrin necədi? Onlar əvvəlki turda qarşılaşdığınız 5 rəqibdən nə ilə fərqlənirdi?
- “Sabah” çox güclü heyətə malikdi. Bilinir ki, komanda çempionluq üçün mübarizə aparır.
- Artıq milli komandaların oyunlarına görə çempionata fasilə veriləcək. Bura qədər komandanın çıxışını ümumi necə qiymətləndirirsən?
- Mənim üçün sevindirici hal odu ki, komandada döyüşkənlik var və bu da ən yaxşı nəticədi. Fasilənin də xeyrimizə olacağını təxmin edirəm. Hazırlaşacağıq, görək necə olacaq. Yolumuza, mübarizəmizə davam edəcəyik.
- “Turan Tovuz”dan milli komandaya hansısa futbolçuların dəvət olunacağını ehtimal edirsən?
- Ehtimal edirəm ki, bizdən də milliyə dəvət edilənlər olacaq. Çünki millimizin heyəti elə də geniş deyil. Doğrudu, bu dəqiqə üçün dəqiq bir söz deyə bilmərəm. Lkain gələcəkdə millidə yüksək səviyyədə oynaya biləcəyimizi düşünürəm.
- “Turan Tovuz”u fasilədən sonra daha çətin təqvim gözləyir. Öncə “Zirə”, daha sonra “Neftçi” ilə qarşılaşacaqsınız. Hər iki matçda qələbə qazanmaq mümkündü?
- Əlbəttə ki, çox ağır oyunlar olacaq. Oktyabrda 26-27 günə 5 ağır oyunumuz olacaq. Əlimizdən nə gəlirsə, ən yaxşısını etməyə çalışacağıq.
- Sabiq komandan “Qarabağ”ın avrokuboklardakı çıxışı barədə fikrin necədi? “Nant”ı evdə 3:0 məğlub etdilər. Səncə, onlar bunu necə bacardı?
- "Qarabağ"ın çıxışına sadəcə əhsən düşür. Onlar ikinci hissədə "Nant" qarşısında konkret dayanmadı və 3:0-dan sonra da qollar vurmaq fikrindəydilər. Təbrik edirəm "Qarabağ"ı.
- "Qarabağ" nümunəsi "Turan Tovuz"a motivasiya və inam verir ki, yəni, avrokuboklarda Azərbaycandan da komanda uğurlu çıxış edə bilir?
- Bizim elə məqsədimiz yoxdu. Hansısa yer uğrunda mübarizə aparacağıq. Yaxşı kollektiv formalaşdıraraq sona qədər mübarizə aparmaq fikrindəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi