"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz"la matçda qalib gəlməyi bacardınız. 3:1 hesablı qələbəni necə şərh edərdin?
- Həftəboyu matça ciddi hazırlaşmışdıq. Çünki oyunun çətin olacağını ehtimal edirdik. Bu görüşdə ilk qolu vurmaq çox önəmli idi. Bunu da bacardıq. "Turan Tovuz" kollektiv oyun nümayiş etdirir. Onların müdafiəsini yarmaq çox çətindi. Amma biz sonda istədiyimizi əldə etdik.
- Rəqibiniz meydanda 10 nəfərlə qaldıqdan sonra qol buraxdınız. Bundan sonra gərginliyiniz daha da artdı, yoxsa qalib gələcəyinizə tam əmin idiniz?
- Gözlənilməz qol buraxdıq. Təbii ki, oyunu daha rahat başa vurmağı istəyərdik. Futbolda səhvlər baş verir. Buraxdığımız qoldan sonra istər-istəməz gərginlik yarandı. Lakin biz dərhal toparlandıq və üçüncü qolu vurduq.
- "Qarabağ" sabah qalib gələ bilməsə, fasiləyə ikinci pillədə yollanacaqsınız. Bura qədərki çıxışınızı necə dəyərləndirirsən?
- Çempionat hələ yeni başlayıb. Cəmi 7 tur geridə qalıb. Əsas mərhələ isə qarşıdadı. Ümumi götürsək, mövsümə normal start verə bilmişik. Əsas odur ki, qələbələr qazanmışıq.
- Maraqlıdı, ötən tur gərgin keçən görüşdə "Qarabağ"a 3:4 uduzdunuz. Həmin məğlubiyyətdən sonra toparlanmaq çox çətin oldu?
- "Qarabağ"a qarşı oyun çox çətin və gərgin alındı. Düşünürəm ki, azarkeşlər oyundan həzz ala bildi. Belə oyunlar komandamız üçün böyük təcrübədi. Çalışdıq ki, həmin oyunu tez unudaq. Bilirdik ki, "Qarabağ" oyununu tez unutmasaq, bu, növbəti turlardakı nəticələrimizə təsir edəcək.
- Maraqlı məqamlardan biri odur ki, bu mövsüm debütün yalnız ötən turda gerçəkləşdi. "Qarabağ"la görüşə sonradan meydana daxil oldun. Dünən isə start heyətində meydana çıxdın. Bu mövsümkü debütün niyə belə gec oldu?
- Zədəm var idi. Bolqarıstandakı təlim-məşq toplanışı zamanı keçirdiyimiz sonuncu yoxlama görüşündə dizimdən zədələnmişdim. Bir aya müalicə oldum və bərpa prosesi keçdim. Çətin olsa da, bərpa olmağa çalışıram. Şadam ki, dünən də komandama kömək ola bildim.
- "Turan Tovuz" matçına start heyətində çıxdığına görə, gözləmək olar ki, əsas heyətdəki yerini geri qaytardın?
- Komandamızın hər mövqesində yaxşı rəqabət var. Müdafiə xəttində də həmçinin. Komanda yoldaşlarımla bu mövqe üçün çalışırıq. Sonda kim layiqdirsə, o da oynayacaq. Vacib olan komandamızın uğurlu çıxış etməsidi.
- Milliyə görə yaranan fasilə "Sabah" üçün xeyirli ola bilər? Millidən necə, dəvət olacağını ehtimal edirsən?
- Fasilə bəlkə də ən çox "Sabah" üçün faydalı ola bilər. Çünki zədəlilərimiz çoxdu. Onların bərpası, komandaya qoşulması önəmlidi. Bir kollektiv olaraq yenidən digər oyunlara hazırlaşmaq yaxşıdı. Millidən dəvət məsələsinə gəlincə, nəsə deməyim doğru olmazdı. Qərarı verən məşqçilər korpusudu. Xeyirlisi nədirsə, o da olsun.
- Komandanız çempionluq üçün mübarizə aparır? Səncə, ən azından ilk "üçlük"də yer almağa gücünüz çatacaq?
- Çempionluq üçün oynayırıq deməyim düzgün olmaz. Ən yüksək yerlər üçün çalışacağıq, sona qədər vuruşacağıq. Nəticənin necə olacağını isə elə sonda görəcəyik.
Mirbağırağa