"Şamaxı" Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda səfərdə "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki. matçdan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:
- Cəbhədə şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. "Kəpəz"də baş məşqçi dəyişikliyi baş verib. Buna görə də oyunun çətin keçəcəyini bilirdik. "Kəpəz"in fərdi olaraq keyfiyyətli futbolçuları və uzaqdan zərbələri var. Həftə ərzində bunun üzərində çalışmışdıq. Təəssüf ki, məğlub olduq. "Kəpəz"i təbrik edirəm.
- Nəticədən başqa sizi narazı salan hansı məqamlar var?
- Bu matça qədər demək olar ki, komandanın oyunundan razı idik. Bu gün çoxlu top itkiləri baş verdi. Komandada zədəli oyunçular var. Həm də futbolçularımız gəncdir, bir-birinə uyğunlaşana kimi bizə vaxt lazımdır. Xallar itirsək də, bu reallıqdır ki, "Şamaxı" Azərbaycan futboluna Qurbanlar, Cəlallar, Fuadlar bəxş edəcək.
- Mövsümün sonunda bir komanda Premyer Liqanı tərk edəcək. Bu gün "Kəpəz"ə məğlubiyyət sizin üçün həyəcan siqnalı ola bilər? Premyer Liqada qalmaq üçün legioner transferləri gözlənilir?
- Strategiya olaraq bunu seçmişdik ki, heyəti gənc futbolçulardan quraq. Birinci dövrə bitdikdən sonra çatışmayan mövqelərə legioner oyunçular cəlb edəcəyik. Premyer Liqanı tərk etmək istəmirik. Rəhbərlik bu uşaqların inkişafı üçün bizə şərait yaradıb. Premyer Liqada belə klubun olması çox önəmlidir. Çünki bəzi futbolçular kənarda qalır və karyeralarını tez bitirirlər. Legioner transferi gələcək planlarda var.
- Fasilə zamanı hansı planlarınız var?
- Bizim futbolçular da milli komandaların düşərgəsinə gedəcək. Çalışacağıq ki, bu fasilədən səmərəli istifadə edək. İndiyə kimi buraxdığımız qollar fərdi səhvlərdəndir. Bu da normaldır. Futbolçular gəncdir, həyəcan var. Buna baxmayaraq, baxımlı futbol oynayırıq. Bəzi məqamları çıxsaq, yaxşı kollektiv yarada bilmişik. Bunu daha da inkişaf etdirmək üçün vaxt lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi